Abşeron rayonunda həyat yoldaşına xəsarət yetirməkdə ittiham olunan 1976-cı il təvəllüdlü Həsən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Həsən Əhmədov Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə, Ş.Qurbanov küçəsi, döngə 8 ünvanında yerləşən birgə yaşadıqları evdə arvadı Kəmalə Əhmədova ilə mübahisə edib.
Ər-arvadın arasında mübahisənin yaranmasına səbəb isə Kəmalə Əhmədovanın qaynanası barəsində dediyi sözlər olub. Aralarında yaranan mübahisə zamanı Həsən Əhmədov arvadının başına və bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vurub.
İstintaq orqanı tərəfindən Həsən Əhmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həsən Əhmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, Kəmalə ilə 10 ildir ailə qurub: “Birgə nikahımızdan iki azyaşlı uşağımız var. Kəmalə uca səslə mənimlə danışdığı üçün aramızda ailə-məişət münasibətləri zəmnində bir neçə dəfə münaqişələri olub. Hadisə baş verən günü birgə yaşadığımız evdə Kəmalə ilə aramızda anam Lətifənin xasiyyəti barəsində söhbət etdik. Arvadıma anamın hərəkətləri ilə barışmalı olduğunu və anamı yola verməli olduğunu dedim. Kəmalə üzərimə uca səslə nalayiq söyüşlər söyməyə başladığı üçün əsəbləşdim. Əlim ilə Kəmalənin kürəyindən 3-4 dəfə zərbələr vurmaqla onu döydüm. Bundan sonra Kəmalə paltarlarını geyindi, iki azyaşlı uşaqlarımız ilə birlikdə yaşadığımız evdən çıxdı”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Kəmalə Əhmədova da ifadəsində hadisəni olduğu kimi danışıb. O, əlavə olaraq bildirib ki, ərinə cəza verilməsini istəmir.
Abşeron rayon Məhkəməsinin hökmü ilə Həsən Əhmədov 1 il müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilib.