Göygöl rayonunda oğlunu qətlə yetirməkdə ittiham olunan Yaşar Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Xəqani Səmədovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edilib.
Daha sonra ifadə verən Yaşar Bayramov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində oğlunu ailə-məişət zəminində yaranan mübahisə zamanı öldürdüyünü etiraf edib.
Növbəti proses sentyabrın 22-nə təyin olunub.
İttihama görə, hadisə bu ilin yanvarın 1-də Göygöl rayonunun Nadel kəndində baş verib.
Kənd sakini, 1950-ci il təvəllüdlü Yaşar Bayramov oğlu, 1978-ci il təvəllüdlü Mahir Bayramovu Nadel kənd ərazisində taxıl sahəsində ov tüfəngindən 2 dəfə atəş açaraq qətlə yetirib.
Hadisəyə uzun müddət tərəflər arasında mübahisəyə səbəb olan evin Mahir Bayramov tərəfindən yandırılması səbəb olub.
İstintaq orqanı tərəfindən Yaşar Bayramovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.