İrandan Azərbaycana külli miqdarda narkotik gətirməkdə ittiham olunan 1976-cı il təvəllüdlü Zülfüqar Səttarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Zülfüqar Səttarov qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni İranın Biləsuvar şəhərində əldə edib, Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirərək ölkəmizə gətirilməsi barədə şəxsiyyəti müəyyən edilməmiş şəxslə qabaqcadan əlbir olub.
Zülfüqar Səttarov İranın Biləsuvar şəhərində cinayətkar qrupun məlum olmayan üzvündən əvvəlcədən 2 ədəd bükümdə yerləşdirilmiş 4,792 qram metafetamin psixotrop maddəsi, 30,834 qram heroin narkotik vasitəsi və təsiredici maddəsinin ümumi miqdarı 1,4 qram təşkil edən 16 ədəd metadon həbi, 6 ədəd metadon həb qırıntısı və çəkisi 6,529 qram əzilmiş metadon həb qırıntısını əldə edib. O, həmin narkotik vasitələri daxili orqanı–düz bağırsağında yerləşdirib, sonra Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib.
İstintaq orqanı tərəfindən Zülfüqar Səttarovun barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zülfüqar Səttarov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Zülfüqar Səttarov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.
Zülfüqar Səttarovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Qərara görə, Zülfüqar Səttarovun şikayəti qismən təmin edilib və onun cəzası 6 il 6 aya endirilib.