16 Dekabr 2020 14:48
1 997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi törətməkdə ittiham olunan Şamaxı rayon sakini, 1999-cu il təvəllüdlü Şəhruz Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Şəhruz Heydərov 2 iyul 2019-ci il tarixdə saat 20.30-da tanışı Rəşad Paşayevin çağırışı ilə Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən qəbiristanlığın giriş hissəsinə gəlib.

Orada mübahisə zamanı Şəhruz Heydərov cib bıçağı ilə Rəşad Paşayevə bir neçə zərbə vurub.

İstintaq orqanı Şəhruz Heydərovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şəhruz Heydərov bildirib ki, iyulun 2-də saat 20 radələrində yaşadığı Badamdar qəsəbəsi 3-cü yaşayış massivin dağlıq hissədə yerləşən həyət evindən çıxıb və qəsəbə qəbiristanlığının ərazisindən keçən yolla gəlib:

“Qəbiristanlığın giriş hissəsinə çatdıqda əvvəllər tanımadığım, sonradan adının Rəşad olduğunu bildiyim yaşıdım yanımdan keçərkən çiyinlərimiz bir-birinə toxundu. Bu səbəbdən aramızda qısa mübahisə yarandı. Əsəbi olduğumdan həmin şəxslə tutaşdım, əlbəyaxa olduq. Qarşılıqlı dartışarkən daim üstümdə, yəni əynimdəki şalvarının bel hissəsində gəzdirdiyim bıçağı çıxardım, Rəşada tərəf atdım. Rəşad heç nə demədən məndən ayrıldı, qəbiristanlığın içərisi ilə qəbirlərin arasına qaçdı.

Bıçağın Rəşada dəyib-dəymədiyini bilməmişəm. Onun arxasınca getmədim. Yolumu davam etdirdim, qəsəbənin mərkəzinə düşdüm. Oradan da Bakı şəhərinə gəzməyə getdim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Badamdar qəsəbəsində mindiyi 53 saylı avtobusdan paytaxtda 20 saylı orta məktəbin yaxınlığında düşüb: “Piyada binaların arasından keçib gedərkən yol kənarında zibil qutuları gördüm. Üstümdə gəzdirdiyi bıçağı zibil qutusuna atdım. Bıçağı zibil qutusuna atarkən üzərimdə hər hansı bir qan izi olmayıb. Sonra Bakı şəhərində müxtəlif internet kafe və parklarında gecələyərək günümü keçirdim”.

Şəhruz Heydərov qeyd edib ki, 2019-cu ilin avqust ayının əvvəllərində gəzmək üçün Gürcüstan Respublikasının Tbilisi şəhərinə getmək niyyətinə düşüb: "Avqustun 7-də təyyarəyə bilet alım. Uçuş günü qeydiyyatdan keçərkən, gömrük işçiləri tərəfindən saxlandım və polis əməkdaşlarına təhvil verilildim. Polisə gətirildikdə mənə məlum oldu ki, Badamdar qəsəbəsinin qəbiristanlığında dalaşdığım zaman Rəşada bıçaq dəyib və o ağır xəsarət alıb. Cinayət əməlindən səmimi peşmanam”.

Zərərçəkmiş şəxs qismində ifadə verən Rəşad Paşayev bildirib ki, iyulun 2-də günorta saatlarında idarə etdiyi “Vaz-2106” markalı avtomobili Badamdar qəsəbəsində “Ekspress” marketin qarşısında saxlayıb: “Maşından düşdüm, marketə gedərkən sifətdən tanıdığım Şəhruz adlı yaşıdım ayağımın dabanına basdı. Geri döndükdə üzr istəmək anlamında əlini ciynimə qoydu. Yoluma davam edərkən Şəhruz təkrar ikinci dəfə dabanıma basdı. Bu zaman qəsdən belə etdiyini fikirləşdim.

Ondan “sözün var, nə olub?” deyə soruşdum. Şəhruz cavabında acıqlı şəkildə “sözüm olsa başıvı tapdalıyaram, ayağıvı yox” sözlərini dedi. Şəhruzdan dediyi sözün mənasını soruşdum. “Axşam Badamdar qəbiristanlığına gələrsən, orada izah edərəm” dedi, öz mobil nömrəsini mənə verdikdən sonra ayrıldıq”.

Zərərçəkmiş qeyd edib ki, sonra dostu Şamilin işlətdiyi “Korola” çay evinə gəlib: “Orada dostlarım - Cəfər, Şamil və Elcana Şəhruzla aramızda olan mübahisəni danışdım, onun qəbiristanlığa söhbətə çağırdığını bildirdim. Dostlarımla Şəhruzla görüşə gedib, aramızda olan söhbəti aydınlaşdırmaq qərarına gəldik.

Saat 20 radələrində Şəhruza zəng etdim, əvvəlcə Badamdar qəsəbəsində yerləşən 236 saylı orta məktəbin həyətinə gəlməsini təklif etdim. Şəhruz razı olmadıqda Badamdar qəsəbəsində yerləşən qəbiristanlıqda görüşə dostlarımla birlikdə getdik. Qəbiristanlığın girişində avtomobili saxladım, düşdükdə ətrafda heç bir avtomobil və ya kənar adam yox idi. Yalnız girişin sol hissəsində, avtomobilimin dayandığı yerin əks tərəfində, qəbir daşının yanında Şəhruzun qohumu Yusif, tanışı Fərid və bir nəfər tanımadığım şəxslə dayanmış gördüm.

Həmin vaxt saat 20.30 radələri olardı. Hava işıqlı qaralmağa başlamışdı. Avtomobildən dostlarımla düşdük. Sonra Şəhruz mənə yaxınlaşdı, söhbət etmək üçün kənara apararkən, Cəfər və Şamil kənara getməməyimizi, elə orada birlikdə söhbət edib, məsələni aydınlaşdırmağımızı təklif etdilər. Şəhruz isə “ikimiz söhbət edib, məsələni həll edəcəyik” dedi”.

Rəşad Paşayev qeyd edib ki, Şəhruzla yan-yana gedib, dostlarından təxminən 10-15 metr aralanıblar: “Bu zaman Şəhruzun əlinin ovuc hissəsində bıçağın tiyəsini gizlətməyə çalışdığını gördüm. Onun məni kənara aparıb, bıçaqla vuracağını başa düşdüm. Buna görə qərara gəldim ki, yumruqla vuraraq onu yerə yıxım, bıçağı əlindən alım. Bu məqsədlə qəflətən Şəhruzun sifətinə yumruqla zərbə endirdim. Zərbədən Şəhruzun səndələdiyini gördüm, onun ayağına badalaq vuraraq yerə yıxmaq istədim.

Şəhruz sağ əlində olan bıçaqla sol bel nahiyəmə vurdu, belimdən ağrı hiss etdim. İkinci zərbə endirməsindən qorxdum, orada aralaşdım. Qəbiristanlığın içərisi ilə qaçdım. Bir neçə dəqiqədən sonra arxamca dostlarım Cəfər və Şamil gəldi. Aldığım bıçaq yarasının üstünə maykamı sıxdıq, sonra məni xəstəxanaya apardılar”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəhruz Heydərov 3 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov