16 Dekabr 2020 14:25
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunda qohumunu qətlə yetirməkdə ittiham olunan Fərrux Məmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Xəqani Səmədovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Qazax rayonunun Aslanbəyli kənd sakini, 1972-ci il təvəllüdlü Telman Əhmədov mübahisə zəminində qohumu, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Fərrux Məmmədov tərəfindən bıçaqlanaraq öldürülüb.

Məlum olub ki, Telman Əhmədov hadisəni törətməkdə şübhəli bilinən, 1990-cı il təvəllüdlü Fərrux Məmmədovun anasının əmisi nəvəsidir.

Bakı şəhər qeydiyyatında olan Fərrux Məmmədov anasının babasıgilə qonaq gedib.

Bu zaman onunla qonşuluqda yaşayan qohumu Telman Əhmədov arasında mübahisə yaranıb. Mübahisə sonda qanlı cinayətlə nəticələnib.

Telman Əhmədov ağır halda Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. Lakin yaralının həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən Fərrux Məmmədov saxlanılaraq istintaqa cəlb olunub.

İstintaq orqanı tərəfindən Fərrux Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov