Bu gün Bakı Apelyasiya Məhkəməsində daxili qoşunların hərbi qulluqçuları – Zaur Rzayev, Anar Bağırov və Elyar Abbasovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, təqsirləndiirlən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Zaur Rzayev 4 il, Anar Bağırov 4 il, Elyar Abbasov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Zaur Elman oğlu Rzayev Daxili Qoşunların hərbi hissəsində əsgərlərdən kazarmanı təmir etmək adı ilə 1400 manat rüşvət alıb. Ümumilikdə əsgərlərdən 14 min manat pul yığılıb.
Ötən il aprelin 8-də Zaur Rzayev, Anar Bağırov və Elyar Abbasov həbs edilib. Təqsirləndirilən şəxslər təxris olunan əsgərlərin şikayəti əsasında həbs olunublar.
Təqsirləndirilən şəxslər 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham olunublar.
Hacı Zeynalov