28 Yanvar 2021 10:57
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev, həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov və Mətanət Nəsibovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əli Məmmədovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun birgə yaydığı məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi tədbir nəticəsində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev və həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə onların qəsəbə ərazisində guya meyvə-tərəvəz və digər yeyinti məhsullarının satışı ilə məşğul olduqları barədə saxta arayışlar satan zaman xidməti otaqlarında saxlanılıblar.

Araşdırma zamanı Niyaz Niftiyev və Sahib Abışovun martın 31-dən aprelin 14-nə qədər müxtəlif şəxslərə karantin postlarında yoxlamalar zamanı təqdim etmək üçün 431 ədəd saxta arayış satdıqları məlum olub. Bununla da Niyaz Niftiyev və Sahib Abışov saxta sənəd satdıqları şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıblar.

İstintaqın gedişi zamanı saxta arayışların satıldığı şəxslərin də izahatları alınıb və onlar qeyd edilən saxta buraxılış sənədlərini pul müqabilində Binəqədi qəsəbə Bələdiyyəsindən əldə etdiklərini bildiriblər.

İstintaq orqanı tərəfindən Niyaz Niftiyev və Sahib Abışovun barəsində Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham elan edilib.

Istintaq araşdırması zamanı daha bir nəfər Mətanət Məsibova da məsuliyyətə cəlb olunub.

Binəqədi qəsəbə bələdiyyəsinin Bələdiyyə vergiləri və yerli gəlirlər şöbəsinin müdiri Sahib Abışovun qanusuz hərəkətləri ilə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq zamanı Sahib Abışovun ayrı-ayrı vaxtlarda həmin bələdiyyənin sədri və sədr müavini vəzifələrində işləmiş Niyaz Niftiyev və Mətanət Nəsibova ilə qabaqcadan əlbir olub ümumilikdə 51 nəfər şəxsdən müxtəlif məbləğlərdə rüşvət alınması müqabilində onların ölkə ərazisində tətbiq edilmiş karantin dövründə qanunsuz olaraq sərbəst hərəkət etmələri üçün saxta arayışların verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Sahib Abışov, Niyaz Niftiyev və Mətanət Nəsibovaya əlavə olaraq Cinayət Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma) 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) 311.3.2, (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov