16 Mart 2021 15:45
2 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayon sakini, 1967-ci il təvəllüdlü Eldar Babayev (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) Xırdalan şəhərində 1975-ci il təvəllüdlü həyat yoldaşı Səmanı öldürüb.

Teleqraf.com-un xəbərinə görə, Eldar 1994-cü ildən rəsmi nikah münasibətində olduğu arvadı Səmanın 2020-ci il mayında ayaqlarında dizdən aşağı hissələrdə, avqust ayının əvvəllərində sağ biləyində bir neçə iz görüb. Həmçinin avqust ayında yaşadıqları evdə özünə məxsus olmayan alışqan tapıb. Bu səbəbdən arvadının başqa kişilərlə intim əlaqədə olaraq ona xəyanət etdiyini düşünüb.

Eldar arvadını öldürmək qərarına gəlib. Avqustun 14-də saat 10 radələrində evin yataq otağında olduqları vaxt mənzilin dağınıq vəziyyətdə olduğunu görüb. Əsəbiləşərək arvadına buna görə iradını bildirib. Səma isə ona kobud cavab verib.

Bundan qəzəblənən Eldar Səmadan bir müddət əvvəl əl və ayaqlarında olan şübhəli izlərin hansı səbəbdən yarandığını soruşub. Səma izlərin mənzilin qapısına dəyməsindən yarandığını bildirib.

Eldar arvadına yalan danışdığını, izlərin başqa şəxslərlə cinsi əlaqə zamanı yarandığını bildirib, mübahisə etməyə başlayıb.

Həmin vaxt Səma əsassız şübhələrdən bezərək “yaxşı edirəm” cavabı verdiyi üçün Eldar arvadını öldürmək fikrini qətiləşdirib.

“Ailədə münasibətimiz yaxşı idi, amma...”

Bu məqsədlə Səmanın xəbəri olmadan asta addımlarla mətbəxə keçib və bıçaq götürərək geri qayıdıb. O, arvadına çoxsaylı zərbələr vuraraq öldürüb.

İstintaq orqanı tərəfindən Eldarın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Eldar özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, mərhum arvadı Səma ilə birgə nikahlarından İsmayıl adlı oğlu və Məlahət adlı qızı var: “Həyat yoldaşım Səma evdar qadın idi. Ailədaxili münasibətlərimiz normal idi, özüm ərzaq dükanı işlədirdim. 2020-ci ilin may ayından arvadımın mənə xəyanət etməsindən şübhələnirdim.

Arvadımın ayaqlarında dizdən aşağı hissələrdə əl sıxması nəticəsində yaranmış izləri gördüm. Səmadan soruşdum ki, ayaqlarındakı izlər nədən olub, o da evdə iş görərkən harasa dəydiyini dedi.

Hadisədən təxminən bir həftə əvvəl evdə mənə aid olmayan alışqan tapdım. Yoldaşımdan alışqanın kimə məxsus olduğunu soruşdum. Səma bilmədiyini dedi. Oğlum İsmayılın da siqaret çəkmədiyini, ona görə həmin alışqanın başqa şəxsə aid olduğunu düşündüm.

Alışqanla yanaşı bir dəfə evə daxil olduqda evdən siqaret iyi gəlirdi. Arvadımın xəyanət etməsi barədə şübhələrim daha da artdı. Hadisədən təxminən 10 gün əvvəl də arvadımın sağ biləyində izlər aşkar etmişdim”.

“Mənə xəyanət etdiyini bir neçə dəfə əsəbi halda təkrar dedim”

Eldarın sözlərinə görə, avqustun 14-də saat 10 radələrində marketdən ərzaq alaraq evə gəlib: ”Evdə arvadım Səma tək idi. Ərzaqları mətbəxə qoyduqdan sonra yuyundum və Səmadan evin niyə səliqəsiz olduğunu soruşdum. Mənə evi yığışdıracağını dedi. Bu sözdən əsəbləşdim, xəyanət barədə şübhələri də əsəbimi artırdı.

Arvadımdan əsəbi halda əl və ayağındakı izlərin səbəbini soruşdum, o da qapıya dəydiyini dedi. İnanmadığım üçün Səmaya bu izlər qapı izləri olmadığını, onun başqaları ilə cinsi əlaqədə olduğunu, mənə xəyanət etdiyini təkrar dedim. Səma mənə başqa kişilərlə gəzdiyini və yaxşı elədiyini dedi. “Yaxşı eliyirəm” dedikdən sonra onu öldürmək üçün yavaşca mətbəxə keçdim, bıçağı götürdüm və otağa qayıtdım.

Arvadım otaqda eyvanın qapısının qabağında ayaqüstə idi. Yaxınlaşanda başa düşdü ki, onu öldürmək istəyirəm, qışqırmağa başladı. İlk öncə bıçaqla sinə nahiyəsinə xəsarət yetirdim. Mənə müqavimət göstərdi, sonra isə yerə yıxıldı. Yerdə olan zaman yenə də onun bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarət yetirdim. Az müddət sonra arvadım yerdə hərəkətsiz qaldı.

Bundan sonra hamama getdim, əl üzümü və bıçağı yudum. Paltarlarımı soyundum, hamama qoydum və yeni paltar geyindim. Paltarlarımı geyinə-geyinə Səmaya baxırdım və onun hərəkətsiz olduğunu gördükdə öldüyünü başa düşdüm. Sonra evdən çıxdım, hadisə vaxtı istifadə etdiyim bıçağı da götürdüm, həyətdə taksilərdən birinə yaxınlaşdım. Xırdalan şəhərində yerləşən Heydər Əliyev adəna parka sürməsini istədim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, təxminən saat 11 radələrində 102 zəng xidmətinə zəng edib, arvadını öldürdüyünü və meyitinin yaşadıqları ünvanda olduğunu deyib: “Daha sonra qardaşım Sahibin oğlu Amilə zəng etdim, hadisəni bildirdim. Amil ona görə zəng etdim ki, qızımın evə girməsinə mane olsun. Amillə danışdıqdan sonra heç kimlə əlaqə saxlamadım.

Arvadıma xüsusi əzab vermək niyyətim olmayıb, mənə müqavimət göstərirdi, bu səbəblə ona çoxsaylı xəsarətlər yetirdim. Parkda bir qədər gəzdim, sonra polisə təslim oldum. Əməlimdən peşmanam”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Eldar 14 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər