Martın 16-sı saat 16 radələrində 6 mülki şəxsin Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində olarkən piyada əleyhinə minaya düşməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Ağdam Rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, aparılmış araşdırmalarla Hüseynov Akif Muxtar oğlu, Hüseynov Anar Akif oğlu və Abdulov Bəhruz Nadir oğlunun qeyd edilən ərazidə minaya düşmələri nəticəsində çoxsaylı ağır dərəcəli bədən xəsarətləri almaları, Hüseynov Razi Akif oğlu və Hüseynov Bayram Akif oğlunun aldığı xəsarətlərdən həlak olmaları, azyaşlı Hüseynov Hüseyn Razi oğlunun isə hər hansı xəsarət almaması müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.