Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən barəsində cinayət işi başlanan Kommunal Müəssisələr Kombinatının direktoru olmuş Vidadi Məmmədovun işinə xitam verilib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham olunan Vidadi Məmmədovun cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Hökm çıxarılan zaman onun barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilib.
Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.
Vidadi Məmmədov cinayət işi üzrə zərərçəkmiş şəxslərlə barışdığı üçün barəsində olan cinayət işinə xitam verilib.
Xatırladaq ki, Vidadi Məmmədov istintaq dövründə, həm də məhkəmə istintaqı dövründə barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilimişdi.
Vidadi Məmmədov 2009-cu ilin noyabr ayından 2020-ci il tarixə kimi İsmayıllı Kommunal Müəssisələri Kombinatının rəisi vəzifəsində işləyib.