28 Oktyabr 2014 11:16
1 829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtərdə kənd həkimi dələduzluq etdiyi qohumuna narkotik maddə vuraraq qanını zəhərlədi

Gəncə Apelyasiya Məhkəməsində Tərtər rayonunun Hacıqərvənd kənd həkim ambulatoriyasının müdiri vəzifəsində işləyən Məhəbbət Həsənovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

İttihama görə, Məhəbbət Həsənova 15 iyun 2013-cü il tarixdə, saat təxminən 17:30-da Tərtər rayonunun Buruc kəndində yaşadığı evdə heç bir tibbi yardıma ehtiyacı olmayan Məhəmməd Mehdiyevə iynə vurub. Bu səbəbdən qısa müddətə Məhəmməd Mehdiyevin sağlamlığı pozulub. Bundan başqa, Məhəbbət Həsənova rayonunun Hacıqərvənd kənd sakini Məhəmməd Mehdiyevin cinayət əməli törətməsi barədə bacısı Heyran Mehdiyevaya yalan məlumat verib. O, Məhəmməd Mehdiyevin guya cinayətini gizlətmək adı ilə başqa şəxsə 3000 manat verəcəyini bildirib və Heyran Mehdiyevanı aldadıb. O, iyunun 16-da Heyran Mehdiyevanın 3000 manatını alaraq dələduzluq edib.

4300 manat cərimə

Məhəbbət Həsənova Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham edilib və cinayət işinə Tərtər rayon Məhkəməsində baxılıb. Hakim Həsən Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Məhəbbət Həsənova ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Məhkəmənin hökmü ilə Məhəbbət Həsənova 4300 manat cərimə olunub. Hökmdən narazı qalan Məhəbbət Həsənova apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını tələb edib. Onun şikayəti baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.

26000 manatlıq borc

Hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Məhəbbət Həsənova bildirib ki, Hacıqərvənd kənd həkim məntəqəsinin müdiri vəzifəsində işləsə də, heç bir səlahiyyəti yoxdur. O, sadəcə, həkim kimi fəaliyyət göstərdiyini bildirib: “Məhəmməd Mehdiyev dayım oğludur. Onunla əvvəllər münasibətlərim yaxşı olub, düşmənçiliyim və ədavətim olmayıb. Məhəmməd Mehdiyev 2013-cü ilin iyun ayının təxminən 6-8-i arasında iş yerimə gəlib. Məhəmməd 26000 manat borcu olduğunu dedi. Mən də bu barədə anasına deyəcəyimi bildirdim. Məhəmməd isə anasının bu barədə bilməməsini söyləyərək, bacısı Heyrana bu barədə məlumat verməyimi istədi. Məhəmməddən nə məsələ olduğunu soruşdum. O, gəncəlilərə borclu olduğunu dedi. Məhəmmədin yanıma gəlməkdə məqsədi ona borcunun qaytarılmasında köməklik etməyim olub”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, ertəsi gün Məhəmməd yenə də xəstəxanaya onun yanına gəlib: “Məhəmmədə kömək etmək üçün faizə pul verən Aygün Xəlilovadan 8 faizlə 2400 manat pul götürdüm. Bundan başqa, 2400 manat borc kimi Bulud Məmmədovdan, 800 manat isə usta Hümbət Novruzovdan aldım. Qonşumuz Zülfünaz Məmmədovanın Rusiyaya gedən zaman saxlamaq üçün mənə verdiyi 6000 manatı da həmin pulun üzərinə qoydum. Ümumilikdə topladığım 26000 manatı Məhəmmədə verdim”.

Onun sözlərinə görə, Məhəmmədin bacısı Heyranı evinə çağırıb və ona qardaşının gəncəlilərə 26000 manat borcu olduğunu bildirib: “Heyrana faizə və borca həmin pulu götürərək dayım oğlu Məhəmmədə verdiyimi dedim. Ona pulu qaytarmaq lazım olduğunu bildirdim. Heyran da anasının bu məsələdən xəbər tutmamasını istəyərək, pulu verəcəyini dedi”.

Məhəbbət Həsənova daha sonra bildirib ki, Məhəmmədin başında ağrılar olub və ona 1 qram “Dipazol” iynəsi vurub: “Həmin vaxt anası Nazilə Mehdiyevaya zəng vuraraq Məhəmmədin halının pis olmasını dedim. Bir az keçmiş Nazilə bizə gəldi. Məhəmmədin vəziyyəti yaxşı olmadığı üçün təcili yardıma zəng vurdum. Bir az keçmiş xəstəxananın təcili yardım avtomobili gəldi. Məhəmmədi Bərdə Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə apardıq”.

“Qanımda narkotik maddə aşkarlandı”

Zərərçəkmiş Məhəmməd Mehdiyev bildirib ki, təxminən 2013-cü ilin mart ayında Məhəbbətdən borca 12000 manat alıb. Onun sözlərinə görə, 12000 manatı anası Nazlı ilə birlikdə Məhəbbətə verib. Onun bildirdiyinə görə, sonradan Məhəbbətlə aralarında pul üstündə mübahisə yaranıb. O qeyd edib ki, Məhəbbət ona qanı duruldan iynə vurub. Vəziyyətinin ağırlaşdığını deyən Məhəmməd Mehdiyev xəstəxanaya müraciət etdiyini qeyd edib: “Həkimlər müayinə edəndən sonra bildirdilər ki, qanımda narkotik maddə aşkar edilib. Məhəbbət mənə iynəni qəsdən vurub”.

Digər zərərçəkmiş Heyran Mehdiyeva bildirib ki, Məhəbbət Həsənovanın dələduzluğu ilə üzləşib. Onun sözlərinə görə, qardaşının borca düşməsi adı ilə aldadaraq ondan 3 min manat alıb. Hər iki zərərçəkmiş apelyasiya şikayəti verdiklərini bildiriblər. Onlar Məhəbbət Həsənovanın cəzasının ağırlaşdırılmasını tələb ediblər.

Tərəfləri dinləyən hakim heyəti sonda qərar açıqlayıb. Qərara görə, zərərçəkmiş tərəfin apelyasiya şikayəti təmin edilməyib. Amma Məhəbbət Həsənovanın apelyasiya şikayəti təmin edilib. Məhkəmə araşdırması zamanı Məhəbbət Həsənovanın ittiham olunduğu Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə günahı sübuta yetirilməyib. Həmin maddə üzrə Məhəbbət Həsənovaya bəraət verilib. Məhkəmə Məhəbbət Həsənovanı ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə 4 min manat cərimə edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər