15 Aprel 2021 17:23
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda sabiq məhkəmə sədrinin qətlində təqsirli bilinən Əli Şamıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə baş tutan iclasda hökm elan edilib.

Əli Şamıyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 13 sentyabr 2019-cu il tarixdə Tovuz rayon sakini Firuddin Ələkbərlinin bir neçə dəfə atəş açılaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluğun İstintaq idarəsində istintaq aparılıb.

İstintaqla cinayətin Tovuz rayonu, Yanıqlı kənd sakini Əli Şamıyev tərəfindən qanunsuz olaraq üzərində gəzdirdiyi "Makarov" konstruksiyalı tapança ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq eksperizalar təyin edilib, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər prosessual hərəkətlər yerinə yetirilib.

Qeyd edək ki, Ə.Şəmiyev rayonda tanınmış iş adamıdır.

Onun rayon ərazisində restoran, otel və bir neçə biznes obyektlərinin olduğu bildirilir.

F.Ələkbərli isə Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədri olub. O, 1995-ci ildə fəaliyyətində qanunun kobudcasına pozulmasına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər