30 Oktyabr 2014 12:51
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsgər yoldaşını güllələyən gənc zabitlərə meydan oxudu

Şəki Apelyasiya Məhkəməsində hərbi hissədə qanlı cinayət hadisəsi törətməkdə təqsirli bilinən Zəka İbrahimovun cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, 1994-cü ildə Hacıqabulun Kalinovka kəndində anadan olmuş Zəka İbrahimov Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər olub.

O, 31 yanvar 2013-cü il tarixdə hərbi hissənin Yevlax rayonu ərazisində yerləşən bölməsinə qarovul növbətçisi təyin edilib. Həmin gün saat 20:00-da əsgər yeməkxanasında şam yeməyi zamanı digər əsgər Murad Muradov Zəkadan ona da yemək gətirməsini tələb edib. Zəka onun tələbini yerinə yetirməkdən imtina edib. Bu zaman Murad Muradov Zəkanı döyüb.

Həmin gün saat 22:00-da Zəka İbrahimov qarovul postunda Murad Muradovla yeməkxanada olan söhbəti aydınlaşdırmaq istəyib. Bu zaman əsgərlər arasında yenidən mübahisə yaranıb. Murad yenə də Zəkaya qarşı təhqiredici ifadələr işlədib və onu döyüb. Həmin vaxt Zəkanın çiynində olan avtomat silah yerə düşüb. Murad Zəkanın silahla onu vuracağını zənn edib və atəş açmayanı söyüb. Zəka əsgər yoldaşlarının yanında onu nüfuzdan saldığına və nalayiq sözlərlə təhqir etdiyinə görə Muradı öldürmək qərarına gəlib. O, avtomat silahdan bir dəfə atəş açmaqla Muradı vurub. Həmin vaxt orada olan Barış Musayev ona ikinci atəşi açmağa imkan verməyib. Zəka hadisə yerindən qaçaraq yanacaq çənlərinin arxasında gizlənib. Lakin Barış Musayev Zəkanın arxasınca qaçıb və onu gizləndiyi yerdə tutub. Barış onu sakitləşdirərək qarovul məntəqəsinə aparıb.

“Yaxınlaşmayın, sizi də vuraram”

Yolda Zəka Barış Musayevin əlini dişləyərək qaçıb və özündə olan silahla havaya atəş açıb. Zəka Barışın ona yaxınlaşmamasını tələb edib və Murad Muradovu öldürmək istədiyini bildirib. Həmin vaxt gizir Rəhim Mustafayev və əsgər Seymur Quliyev Zəkanı sakitləşdirmək istəyiblər. Zəka silahı onlara tərəf çəkərək “mənə yaxınlaşmayın, yoxsa sizi də vuraram, Muradovu tapın”, - deyib. Əli silahlı əsgər Murad Muradovu öldürmək məqsədilə hərbi hissənin ərazisini təxminən 40-45 dəqiqə axtarıb. Bu müddətdə Zəka Murad Muradovun ünvanına nalayiq ifadələr işlədib və sıra meydanında havaya iki dəfə atəş açaraq onun ortaya çıxmasını tələb edib. Amma Murad hərbi hospitala aparıldığı üçün onu tapa bilməyib.

Muradın ortalığa çıxmaması Zəkanı daha da əsəbləşdirib. O, hərbi hissənin nizamnamə qaydalarını pozmaqda davam edib. Zəkanın sakitləşmədiyini görən hərbi hissə komandanlığı onun əmisi Rahim İbrahimovu hərbi hissəyə çağırıb. Rahim İbrahimov hərbi hissəyə gəlib və qardaşı oğlunu sakitləşdirib.

Təkrar məhkəmə

Zəka İbrahimov bu əməlinə görə Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub və Tərtər Hərbi Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Zəka İbrahimov apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib. Onun şikayətinə Şəki Apelyasiya Məhkəməsində baxılıb. Hakim Elçin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Zəka İbrahimovun apelyasiya şikayəti qismən təmin edilib və onun barəsində təyin olunan 7 il müddətinə cəza azaldılaraq 6 il 9 aya endirilib. Qərardan Hərbi Prokurorluq kasasiya şikayəti verib.

Prokurorluq Ali Məhkəməyə göndərdiyi şikayətdə Zəka İbrahimovun barəsində cəzanın ağırlaşdırılmasını tələb edib. Ali Məhkəmə apelyasiya instansiyasının çıxardığı qərarı ləğv edib və işə yenidən Şəki Apelyasiya Məhkəməsində baxılması barədə qərar verib. Buna görə də yenidən baxılması üçün cinayət işinin materialları apelyasiya instansiyasına göndərilib.

“Barış bizi aralaşdırdı”

Hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Zəka İbrahimov ifadə verib. Onun ifadəsinə görə, yanvarın 31-də Murad Muradovla bərabər bölmənin yanacaq çənlərinin mühafizəsi üçün qarovul növbəsinə təyin olunublar: “Həmin gün saat 20:00-da yeməkxanada olarkən Murad Muradov içəri girdi və heç bir səbəb olmadan sinəmə yumruq zərbəsi vurdu. Ondan nə üçün məni vurduğunu soruşdum. Murad Muradov əlinin ”gicişdiyini", buna görə də məni vurduğunu bildirdi. O, məni söydü və yenə də sifət nahiyəmdən şillə vurmağa başladı. Bu zaman əsgər Barış Musayev yeməkxanaya girdi və Muradı məndən aralaşdırdı. Həmin vaxt Murad və Barış qarovul postlarını dəyişmək üçün getdilər".


“Silahı təhvil verdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, qarovul postunu təhvil verən zaman Murad Muradov ona qarovul binasında yarımçıq qalmış söhbətlərini davam etdirmək istədiyini bildirib: “Ona söhbətimizi bölüyə qayıdandan sonra davam etdirə biləcəyimizi dedim. Murad isə məndən əl çəkmədi. Məni postun ərazisinin qurtaracağına tərəf apardı. Burada Murad öz xidməti silahını çiynindən çıxararaq yerə qoydu və yaxamdan yapışaraq üvanıma nalayiq sözlər işlətdi. Orada olan əsgər yoldaşlarımız bizi aralaşdırdı. Həmin vaxt Murad başı ilə mənə zərbələr vurdu”.

Zəka İbrahimov qeyd edib ki, Murad ilə dəfələrlə mübahisə edib. Onun sözlərinə görə, Murad hər dəfə nalayiq ifadələr işlədib və onu döyüb: “Sonuncu dəfə mübahisə zamanı Murad istiqamətində atəş açdım. Güllə yarası alan Murad qaçdı. Bu vaxt hərbi hissə növbətçisinin köməkçisi, gizir Rəhim Mustafayev və qarovul rəisi, baş əsgər Vüqar Quliyev də həmin yerə gəldilər. Onlardan mənə yaxınlaşmamalarını, yaxınlaşacaqları təqdirdə vuracağımı bildirdim. Üstümə gələnləri qorxudaraq havaya atəş açdım. Sonra öldürmək üçün Murad Muradovu axtarmağa başladım. Murad Muradovu axtaran zaman bölmənin sıra meydanına gəldim. Burada və sıra meydanından qarovul postu tərəfə gedərkən havaya daha iki atəş açdım. Murad Muradovu səsləyərək gizləndiyi yerdən çıxmasını tələb etdim. Təxminən 30-45 dəqiqə bölmənin ərazisində Murad Muradovu axtarsam da, onu tapa bilmədim. Bu müddət ərzində hərbi hissənin gizirləri silahı təhvil verməyimi istədilər. Mən onlara fikir vermədim. Bir qədər sonra Yevlax rayonunda işləyən əmim Rəhim İbrahimov ora gəldi. Əmim mənimlə söhbət etdikdən sonra silahı təhvil verdim. Hazırda Murad Muradovla barışmışam. Törətdiyim əməldən peşmanam”.

Zərərçəkmiş Murad Muradov bildirib ki, Zəka İbrahimovla mübahisəsi olub. Onun sözlərinə görə, hadisə baş verən gün Zəka İbrahimovdan yemək gətirməsini xahiş edib: “Lakin Zəka İbrahimov məni söyərək yemək gətirməyəcəyini bildirdi. Bundan sonra mübahisə etdik. Mübahisə edərkən Zəka İbrahimov posta gələcəyini bildirdi. Zəka orada söhbətimizi davam etdirməyi təklif etdi. Mən də onunla razılaşdım. Xidmət apardığım zaman Zəka gəldi və yaxamdan tutaraq məni söydü. Başımla Zəka İbrahimovun burun nahiyəsinə bir zərbə vurdum. Barış Musayev Zəkanı tutaraq apardı. Mən də posta tərəf gedən zaman arxadan silahın atəşə hazır vəziyyətə gətirilmə səsini eşitdim və çevriləndə Zəkanın silahı mənə tuşladığını gördüm. Zəka qaçanın ünvanına nalayiq sözlər deyərək atəş açdı. Atılan güllə mənə dəydi”.

Murad Muradov ifadəsinin sonunda Zəka İbrahimovdan şikayətçi olmadığını bildirib. Tərəfləri dinləyən hakim heyəti sonda qərar açıqlayıb. Qərara görə, Tərtər Hərbi Məhkəməsinin hökmü dəyişdirilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər