Şirvan şəhərində qətl hadisəsi törətməkdə ittiham olunan Elçin Əhədov və onun qardaşı Arif Əhədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Cəlil Nəbiyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, bu ilin fevralın 5-də səhər saatlarında şəhər ərazisində 1969-cu il təvəllüdlü Dadaşova Durna Həsən qızının əllərinin, ayaqlarının və ağız nahiyəsinin skoçla bağlı vəziyyətdə meyitinin yaşadığı evdə aşkar edilib.
Durna Dadaşovanı qəsdən öldürməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb olunub.
İstintaqla 1993-cü il təvəllüdlü Arif Əhədov qardaşı, 1988-ci il təvəllüdlü Elçin Əhədovla qabaqcadan əlbir olan bir qrup şəxs halında fevralın 4-dən 5-ə keçən gecə saatlarında tamah məqsədi ilə Elçin Əhədovun qonşusu Durna Dadaşovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Arif və Elçin şübhəli şəxs kimi tutularaq istintaqa cəlb olunublar.
Prokurorluq və polis əməkdaşları tərəfindən Elçin Əhədovun yaşadığı evə baxış keçirilmiş, onun evindən Durna Dadaşovanın mənzilində olmuş müşahidə kamerasının yaddaş aparatı və digər maddi sübutlar aşkar edilərək cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb.
İstintaq orqanı tərəfindən Elçin Əhədov və onun qardaşı Arif Əhədovun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham elan edilib.