5 İyun 2021 12:41
1 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mayın 30-da 19 yaşlı Vəkil Abdullayevi səhlənkarlıq ucbatından güllələyib öldürən Novosibirsk vilayətinin yol polisi müfəttişi Aleksandr Qusev dünən həbsdən buraxılıb. Elə həmin gün xüsusi təyinatlı polislər hadisə yerində olan iki azərbaycanlı gəncin yaşadığı ünvanlara basqın edərək, onları kobudluqla həbs ediblər. Bu saatlarda hər iki gəncin Novosibirsk şəhər məhkəməsində mühakiməsi gedir, gözlənilir ki, onlara cəza verilsin”.

Teleqraf.com xəbər verir ki, bu haqda ADR Hərəkatının sədri Qubad İbadoğlu məlumat verib.

Onun sözlərinə görə, hadisə baş verən gün saxlanılan Aleksandr Qusev Rusiya prezidentinin (Vladimir Putin) qrup yoldaşı olan İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin göstərişi ilə dərhal azad olunub:

“Bundan əvvəl Aleksandrın yoldaşı Nataliya Quseva Rusiya kanallarında prezident Putinə müraciət ünvanlayıb.

Sosial şəbəkələrdə yayılan kadrlardan görünür ki, Vəkil Abdullayevin saxlanılması kobud qanun pozuntuları ilə həyata keçirilib. İçkili olan yol polisi Vəkili maşına zorla əyləşdirməyə çalışıb və bu zaman müqavimət göstərən Vəkil Abdullayevi güllələyib. Halbuki qanunvericiliyə görə, onlar hadisə yerinə patrul xidməti çağırmalı və zorakılığa təhrik etməməli idilər.

Bu hadisə 25 may 2020-ci ildə ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində polisin öldürdüyü 46 yaşlı qara dərili Corc Floydu yadıma salır. Məlumat üçün qeyd edim ki, bu iş üzrə 4 polis həbs olunub. Floydu öldürən polisi 40 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Əslində həmin polis də Corc Floydu öldürmək yox, əziyyət vermək məqsədilə boğmuşdu. Lakin ABŞ-da başlayan etiraz dalğası nəticəsində polislər ən ağır formada cəzalandırılır”.

Qubad İbadoğlu hesab edir ki, Azərbaycanın hüquq mühafizə orqanları və Rusiyadakı səfirliyi Novosibirskdə baş verən cinayətin ədalətli araşdırılması üçün Rusiya tərəfi ilə danışıqlara başlamalı, Azərbaycan icması da bununla bağlı hərəkətə gəlməli peşəkar vəkil tutub ədalətli mühakiməyə nail olmalıdır:

“Bunu deməkdə məqsədim ədalətli məhkəmə mühakiməsi tələb etməkdir. Hesab etmirəm ki, Aleksandr Qusev Vəkil Abdullayevi azərbaycanlı olduğuna görə öldürüb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər