Biləsuvar rayonunda mikroavtobusun aşması ilə nəticələnən qəzada təqsirli bilinən Fərrux Əzimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Əli Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyunun 18-nə təyin olunub.
İttihama görə, hadisə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonu ərazisində baş verib. Mikroavtobusun yolun kənarına aşması nəticəsində Astara rayon sakini, 1981-ci il təvəllüdlü Natiq Süleymanov dünyasını dəyişib.
2005-ci il təvəllüdlü Rəqsanə Süleymanlı, 1982-ci il təvəllüdlü Əsmər Qəhrəmanova və Masallı rayon sakini, 1982-ci il təvəllüdlü Ruslan Məmmədov yaralanıb.
İstintaq araşdırması zamanı mikroavtobusun sürücüsü Fərrux Əzimov təqsirli bilinib.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.