“Palmali” gəmiçilik şirkətinin sahibi, bir müddət əvvəl həbsdən çıxan azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyənin keçmiş daxili işlər naziri Məhməd Ağarın barəsində İstanbul Cümhuriyyət prokurorluğuna şikayət ərizəsi verib.
Teleqraf.com Virtualaz.org-a istinadən xəbər verir ki, Mənsimovun şikayətinin səbəbi Ağarın onun haqqında mətbuata verdiyi açıqlamalardır.
M.Ağar bu yaxınlarda bildirmişdi ki, Mübariz Mənsimov ABŞ-da yaşayan FETÖ lideri Fətullah Gülənin yanına bir dəfə yox, dəfələrlə gedib.
“Fətullah Gülənin yanına bir dəfə deyil, müntəzəm olaraq gedirdi. Ən azı 10 dəfə getdiyini mən bilirəm. Mənim təyyarəm yoxdur, Fətullah Gülənlə bağlantım yoxdur. Onun Fətullah Gülənə yaxın olduğu bilinirdi. Onun dəfələrlə Pensilvaniyaya getdiyini hər kəs bilir, bir dəfə də mənimlə birlikdə gedib. Mənim gediş-gəlişimdən dövlətin xəbəri vardı”, - Ağar bildirmişdi.
Mübariz Mənsimov isə şikayət ərizəsində göstərib ki, M.Ağarın bu açıqlamaları onun ədalətli mühakimə haqqının pozulması, barəsində hələ başa çatmamış məhkəmə prosesinə təsir göstərmək cəhdidir.
Vəkili vasitəsilə təqdim etdiyi ərizədə Mənsimov göstərir ki, bir ilə yaxın həbsdə qaldıqdan sonra onun FETÖ-ya üzv olmadığı məhkəmədə sübut olunub. Barəsində FETÖ-ya yardım etmək ittihamı ilə ev dustaqlığı hökmü çıxarılıb, lakin bu ittiham üzrə proses hələ yekunlaşmayıb və işə yuxarı məhkəmə baxır. Nəticədə hüquqi baxımdan hökm qətiləşməyib. Belə bir vaxtda keçmiş daxili işlər naziri onu FETÖ üzvü və Fətullah Gülənə yaxın biri kimi təqdim etməklə təqsirsizlik prezumpsiyasını pozub, ədalətli mühakimə olunmaq haqqına müdaxilə edib.