Qubada ananın doğuşdan sonra vəfat etməsi ilə əlaqədar cinayət işi başlanıb.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, noyabrın 3-də Qusar rayonunun Hil-oba kənd sakini, 1978-ci il təvəllüdlü Aslanova Zərnişan Dəmir qızının Quba Rayon Perinatal Mərkəzində doğuşdan sonra vəfat etməsi ilə əlaqədar Quba rayon prokurorluğunda müvafiq araşdırmalar aparılıb.
İlkin araşdırmalarla müəyyən edilib ki, Z.Aslanova oktyabrın 23-də “39 həftəlik hamiləlik, baş gəlişi yalançı doğuş sancısı” diaqnozu ilə Perinatal Mərkəzə daxil olmuş və noyabrın 2-də saat 23:20-də oğlan uşağı dünyaya gətirib. Həmin gün saat 23:35-də baş vermiş qanaxma ilə əlaqədar əməliyyat edilib, lakin göstərilən tibbi yardımlara baxmayaraq ertəsi gün saat 15:50-də vəfat edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Hacı Zeynalov