Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanıması qarşılığında Ankaranın Krımı “federasiya ərazisi” kimi tanıyacağı barədə irəli sürülən iddiaya cavab verib.
Teleqraf.com xəbər verir ki, Kremlin sözçüsü Rusiya bölgələrinin heç bir razılaşmada müzakirə mövzusu ola bilməyəcəyini söyləyib.
“Birincisi, Türkiyədən olan hörmətli professorun Ankaranın rəsmi mövqeyindən çıxış etməsi mümkün deyil. İkincisi, əlbəttə ki, Rusiya bölgələri heç bir razılaşmanın mövzusu ola bilməz və olmayacaq. Bu, müzakirə mövzusu deyil”, - Peskov deyib.
Türkiyənin Maltəpə Universitetinin professoru Həsən Ünal bundan əvvəl Lenta.ru-ya müsahibəsində Moskvanın Şimali Kipr Türk Cümhuriyyətini müstəqil dövlət olaraq tanıması müqabilində Ankaranın Krımı Rusiya ərazisi kimi tanıya biləcəyini iddia edib.