Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubunda qətl hadisəsi törətməkdə təqsirləndirilən Zaur Abdullayev, Tural və Rəşad Ququşovların cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, məhkəmənin hökmü ilə Zaur Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Tural və Rəşad Ququşovlar isə məhkəmə zalından həbs olunaraq hər biri 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il avqustun 18-də paytaxtın Xəqani küçəsində “Troya” gecə klubunda bir neçə şəxs arasında dava baş verib. Hadisə nəticəsində xəsarət alan Bakı şəhər sakinləri Səbuhi Şərəfov və Orxan Cümşüdov xəstəxanaya yerləşdiriliblər. S. Şərəfov aldığı bıçaq xəsarətlərindən həmin gün xəstəxanada dünyasını dəyişib.
Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Zaur Abdullayev tutulub. Tural və Rəşad Ququşovlar isə istintaqa cəlb olunsalar da, onların barələrində həbs-qətimkan tədbiri seçilməyib.
Onu da qeyd edək ki, Tural və Rəşad əmioğludurlar.
Hacı Zeynalov