22 Avqust 2021 09:20
1 993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda vətəndaşı qanunsuz azadlıqdan məhrum edib əmlak tələb etməkdə ittiham olunan Rafiq Hüseynov və Anar Mehdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

Teleqraf.com xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 27-nə təyin olunub.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

İş araşdırılması üçün hakim Azad Məcidovun icraatına verilib.

İstintaqla müəyyən edilib ki, Hüseynov Rafiq Əli oğlu tanışı Mehdiyev Anar Kamil oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olan dayısı Seyidov Mirəkbər Heydər oğlundan hədə-qorxu yolu ilə əmlak tələb etmək məqsədilə sonuncunun övladı Mirhəsən Seyidovu iradəsinə zidd olaraq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edib.
Daha sonra Rafiq Hüseynov dayısı Mirəkbər Seyidovun əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə Mirhəsən Seyidovun əlləri və ayaqları bağlı fotoşəklini Mirəkbər Seyidovun mobil telefon nömrəsinə göndərib. Həmin dövrün məzənnəsi ilə 850 000 manata bərabər 500 000 ABŞ dolları məbləğində pul tələb edib.

Buna görə də, Hüseynov Rafiq Əli oğlu və Mehdiyev Anar Kamil oğluna Cinayət Məcəlləsinin 145.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz azadlıqdan məhrum etmə) və 182.4-cü (xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələrilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov