Belarusun Dobruş rayon məhkəməsi Prezident Aleksandr Lukaşenko haqqında mahnı yazan 22 yaşlı musiqiçi Yevgeni Petrovun işinə baxmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, reper mahnıda Belarus liderini təhqir etməkdə təqsirli bilinir.
2020-ci ilin avqustunda kütləvi etirazlar başlayandan sonra repçi “Lukaşenko, get-get” adlı mahnı yazıb. Belarus məhkəməsi mahnını “təhqiramiz” hesab edir.
“Seçki kampaniyası zamanı Belarusda baş verənlərdən çox narahat idim. Prezidentliyə namizədlərin qeydiyyatdan keçməsinə əngəllərin yaradılması, fəalların, siyasətçilərin və bloqqerlərin həbsi məni narahat edir”, - Petrov söyləyib.
Gənc işində təhqiramiz bir şey görmədiyini və ittiham tərəfinin onu siyasi səbəblərdən həbs etmək istədiyini vurğulayıb.
Məlumata görə, polislər Petrovu uzun müddət tapa bilməyiblər. Bundan sonra sosial şəbəkədə bir qızın adından saxta hesabı açıblar. Həmin hesabdan “yeni mahnı sifarişi” üçün onunla görüşmək istədiklərini yazıblar. Təyin olunan görüşə gələn gənci saxlamaq mümkün olub.
Prokurorluğun tələbi ilə musiqiçinin işinə bağlı qapılar arxasında baxılır. Onu dörd ilə qədər həbs və böyük miqdarda cərimə gözləyir.