Mingəçevir şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən 2004-cü il təvəllüdlü Kənan Osmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, bu ilin iyulun 4-də, gecə saat 01 radələrində 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevin Mingəçevir şəhəri ərazisində işlədiyi kafenin yaxınlığında qəsdən öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişlə eyni kafedə işləyən 2004-cü il təvəllüdlü Kənan Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Məhəmməd Alıyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürüb.
Kənan Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Məlum olub ki, hadisə “Miraj” restoranının ərazisində baş verib. 2003-cü il təvəllüdlü Məhəmməd Alıyev “Miraj” restoranında ofsiant kimi çalışırmış.
İstintaq orqanı tərəfindən Kənan Osmanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, Məhəmməd Alıyev Mingəçevir Dövlət Universitetinin tələbəsi olub.
Öldürülən şəxsin anası Əfsanə Alıyeva şəhər Mərkəzi Xəstəxanasının baş tibb bacısı vəzifəsində çalışır.