Bakının Xəzər rayonunda 1986-cı il təvəllüdlü Bəşir Cəfərov ailə mübahisəsi zəminində arvadı Xumara (ad və soyadlar şərti verilib – red.) xəsarət yetirib.
Teleqraf.com-un xəbərinə görə, Bəşir bu ilin iyulun 9-da, gecə saat 04.00-da Binə qəsəbəsi, Bakavtomat yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evində qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Xumarı yumruqla başından və şillə ilə ağzından vurub.
İstintaq orqanı tərəfindən Bəşirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəşir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Xumar ilə hadisədən iki ay əvvəl tanış olublar və bu müddətdə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıblar: “Yaşadığımız müddət ərzində aramızda dəfələrlə münaqişə olub. İyulun 9-da yaşadığımız evdə olduğumuz zaman Naxçıvan Muxtar Respublikasında yaşayan anam ilə mobil telefonla danışarkən anam məndən pul istədi. Mən də ona bir neçə müddət bundan əvvəl pul göndərdiyimi dedim. Həmin vaxt Xumar da yanımda olub. Telefonla danışandan sonra Xumar ümumvətəndaşlıq pasportunu gətirdi və göstərərək arasında olan 300 manat pulu götürdüyümü iddia etdi. Buna görə də aramızda münaqişə yarandı və münaqişə zamanı yumruqla Xumarın başından vuraraq döydüm”.
Bəşirin sözlərinə görə, bundan sonra evi axtarıblar və 300 manatı evdə televizorun arxa tərəfindən tapıblar. İlk dəfə törətdiyi bu əməldən peşman olduğunu deyən Bəşir Xumar ilə barışdığını söyləyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Xumar bildirib ki, Bəşir ilə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayır: “Yaşadığımız müddət ərzində aramızda dəfələrlə münaqişə olub. Bəşir tərəfindən döyülmüşəm. Bu barədə heç bir yerə müraciət etməmişəm”.
Zərərçəkmiş şəxsin sözlərinə görə, iyulun 9-da Bəşir anası ilə mobil telefonla danışarkən ona bir müddət bundan əvvəl pul göndərdiyini deyib: “Bunu eşidəndən sonra ümumvətəndaşlıq pasportumun arasına qoyduğum 300 manat pul yadıma düşdü. Həmin pulun yerində olub-olmamasını bilmək üçün pasportun arasına baxdım. Pulu yerində aşkar etmədim. Buna görə də Bəşirdən pulu niyə götürdüyünü soruşdum və aramızda münaqişə yarandı. Münaqişə zamanı Bəşir məni döydü”.
Zərərçəkmiş qeyd edib ki, döyülməsi ilə bağlı Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib. O deyib ki, Bəşir ilə barışıb, ona qarşı şikayəti yoxdur.
Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb.
Bəşirin zərərçəkmişlə barışdığını nəzərə alan hakim onun barəsində olan cinayət işinə xitam verib.
Bəşir cinayət məsuliyyətindən azad edilib.