4 Oktyabr 2021 12:58
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda 1982-ci il təvəllüdlü Mətin Vəliyev bacısı Məlahətə (ad və soyadlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un xəbərinə görə, hadisə rayonun Əmircan qəsəbəsi, Ə.Qarayev küçəsində yerləşən evdə baş verib. Mətin həyətyanı sahəsində onunla birlikdə yaşayan bacısı Məlahət ilə ailə münasibətlərinin pozulması zəminində mübahisə edib.

Mübahisə zamanı Mətin bacısını üz nahiyəsindən yumruqla vuraraq, ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Mətinin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mətin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Onun ifadəsinə görə, Əmircan qəsəbəsi, Ə.Qarayev küçəsində yerləşən 45 nömrəli evdə bacısı ilə birlikdə yaşayırlar: “Mən də, bacım da subayıq. Hadisə baş verən günü, Saat 14 radələrində evdə olduğumuz vaxt Məlahətdən mənə pul verməsini istədim. Lakin bacım bundan imtina etdi, məni təhqir etməyə başladı. Bu zəmində aramızda mübahisə yarandı. Həmin mübahisə zamanı əsəbiləşərək bacımın üz nahiyəsindən bir dəfə yumruqla vurdum”.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Məlahətin sözlərinə görə, Mətin əsasən tüfeyli həyat tərzi keçirir, heç bir yerdə işləmirdi. Narkotik vasitələrin aludəçisidir. Mətin çox vaxtlarda evə gələrək narkotik vasitələr almaq üçün məndən və anamdan pul tələb edirdi. Biz ona pul verməkdən imtina etdikdə isə dava salıb, evi dağıdırdı. Ona görə də məcburiyyət qarşısında qalaraq ona pul verirdik ki, evi dağıtmasın”.

Məlahət qeyd edib ki, qardaşı ilə aralarında əvvəllər də dəfələrlə münaqişələr baş verib: “Bu münaqişələr vaxtı Məni döydü. Anam Mətinin bu davranışlarının üzündən xəstələndi və hazırda da yataq xəstəsidir. Anam oğlunun üzünü belə görmək istəmir”.

Zərərçəkmişin ifadəsinə görə, hadisə baş verən günü, saat 14 radələrində Mətin yenə də evə gəlib və ondan narkotik vasitə almaq üçün pul tələb etməyə başlayıb: “Ona görə də evin qapısını bağladım ki, Mətin getsin. Lakin Mətin evin işığını kəsdi və qaz xəttini bağladı ki, çölə çıxım, ona pul verim. Məcburiyyət qarşısında qalaraq qapını açaraq çölə çıxdım. Ona pul verməkdən yenə də imtina etdiyimə görə Mətin məni bıçaqla hədələməyə başladı. Sonra qəfildən yumruqla üz nahiyəmdən vurdu. Burnumdan qan açıldığını gördüm. Mətinin məni döyməkdə davam edəcəyindən qorxaraq küçəyə qaçdım. Mətin getdikdən sonra evə qayıtdım. Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdim”.

Məlahət deyib ki, Mətin ilə barışmayıb və ona qanunla nəzərdə tutulan ən ağır cəza təyin olunmasını istəyib.

Suraxanı rayon Məhkəməsinin hökmü ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov