14 Noyabr 2014 13:02
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayonunda 50 yaşlı kişini tamah məqsədilə öldürüb, sonra da əynindəki qana bulaşmış paltarını zibilliyə atan 23 yaşlı Turqay Bədələovun cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, 2014-cü il mayın 10-da 50 yaşlı Lənkəran rayon sakini İltifat Mehrəliyev yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki mənzilində ölü tapılıb. Bakıda zibilyığan avtomobillərində fəhlə işləyən İltifat Mehrəliyevin mənzilində kəskin iy hiss edən qonşular polisə məlumat veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları və ekspertlər meyitə baxış keçiriblər.
Meyitin baş və boyun nahiyəsində xəsarətlər aşkarlayaraq qəsdən öldürüldüyünü təsdiq ediblər. Beləliklə, axtarış tədbirləri nəticəsində Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməliyyatçıları hadisəni törədən 23 yaşlı Turqay Bədəlovu tutublar.

Bakıda zibilyığan avtomobillərdə fəhlə işləyən İ.Mehrəliyev 1 oğul, 5 qız atası olub və Bakıxanov qəsəbəsində kirayə yaşayırmış. Bir müddət əvvəl o, 23 yaşlı Turqay Bədəlovla tanış olub və onlar tez-tez metronun “Koroğlu” stansiyası yaxınlığında, İ.Mehrəliyevin kirayədə yaşadığı mənzildə görüşürlərmiş.

Qətlə yetirilmiş İ.Mehrəliyev cinsi azlıq nümayəndəsi olub. O, xeyli müddət özündən 27 yaş kiçik olan Turqay ilə qeyri-təbii yolla cinsi əlaqədə olub. Mayın 10-da isə hər iki şəxs yuxarıda qeyd edilən evdə yeyib içiblər. Sərxoş vəziyyətdə olan İ.Mehrəliyev yatıb və bundan sonra T.Bədəlov küt alətlə onun başına vuraraq öldürməyə çalışıb. Yuxudan ayılan İ.Mehrəliyev heç nə anlamadan Turqayla əlbəyaxa olub və elə bu zaman gənc oğlan bıçaqla 50 yaşlı kişiyə çoxsaylı zərbələr endirərək onu öldürüb. O, qətl törətdikdən sonra ərazidən uzaqlaşıb.

T.Bədəlov ilkin ifadəsində bildirib ki, qətli tamah məqsədi ilə törədib və hadisədən sonra evdən 2 manat pul və telefon götürərək qaçıb. Lakin istintaq qətlin qısqanclıq, yəni İ.Mehrəliyevin T.Bədəlova “xəyanət” etməsinə görə törədilməsini də istisna etmir.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Turqay Bədəlovun anket məlumatları dəqiqləşdiriləndən sonra məhkəmə baxışı noyabrın 19-na təyin olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər