3 Noyabr 2021 14:26
5 573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda 1988-ci il təvəllüdlü Elvin Səmədov qısqanclıq zəminində həyat yoldaşı Təranəni (adlar şərti verilib – red.) öldürüb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Elvin Təranəni 30 yanvar 2021-ci ildə gecə saat 00.40-da “İnstagram” sosial şəbəkəsində tanımadığı “Qaqaş Seyfəlov” adlı profildəki kişi ilə telefonla mesajlaşdığını görüb. O, arvadını əllə və təpiklə döyüb.

Bundan başqa Elvin həmin il fevralın 1-də saat 18 radələrində yaşadıqları evdə “İnstagram” hesabının yeni kodunu arvadından soruşub. Təranə ona sosial şəbəkə hesabının yenə kodunu deməyib.

Bu səbəbdən Elvin Təranəni öldürmək məqsədilə əllə və təpiklə döyüb.

“Hərbi xidmətdə olmamışam”

Elvin mətbəxdən götürdüyü bıçaqla Təranənin döş qəfəsindən 5 zərbə endirib. Qadın aldığı xəsarətlərdən ölüb.

İstintaq orqanı tərəfindən Elvinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, Təranə ilə 2009-cu ildə rəsmi ailə həyatı qurub: “Təranə həm də anamın xalası nəvəsi olub. Həmin nikahdan iki azyaşlı övladımız var. Qıcolma xəstəliyimlə bağlı həqiqi hərbi xidmətdə olmamışam”.

“Arvadım “İnstagram”a mənim telefonum ilə girib”

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisənin baş verdiyi Əmircan qəsəbəsindəki ev atasına məxsusdur: “Həmin evdə arvadım Təranə, atam, anam, qardaşım, qardaşımın ailəsi və 2 azyaşlı uşağımla birlikdə yaşamışıq. Təranənin mobil telefonu olmadığından “İnstagram”a mənim telefonum ilə girib.

Uşaqların otağı ilə bizim yataq otağı ayrı olduğundan bir gün uşaqların yanında mən, bir gün isə Təranə gecələyib. Uşaqların otağı ilə bizim yataq otağı yanbayan olub. Hər gün işdən evə gələndə telefonu masanın üzərinə qoymuşam. Təranə də telefonu götürüb”.

“Oğlanla şəkillərini gördüm”

Elvinin ifadəsinə görə, 2020-ci ilin yay aylarında Təranədən şübhələnib və yataq otağına keçəndə telefonu onun əlində tutub: “Həmin vaxt Təranə “İnstagram”dan çıxa bilmədiyi üçün ekranda “Həsən” adlı profili və həmin oğlanla ikisinin birlikdə şəkillərini gördüm.

Təranə mənə guya şəkilləri montaj edildiyini, həmin oğlanı tanımadığını, həmçinin “İnstagram”da qrup açdıqlarını, orada hamının danışdığını dedi. Həmin vaxt Təranəni döydüm. Lakin şikayət olmadığı üçün bununla bağlı hüquq-mühafizə orqanında heç bir araşdırma aparılmadı”.

“Məni görən kimi telefonu gizlətdi”

Elvin deyib ki, 29 yanvar 2021-ci ildə işdən evə gəlib və yenə telefonu stolun üzərinə qoyub: “Gecə saat 12 radələrində uşaqların otağına keçdim, orada uzandım. Telefonu uşaqlar oyanmasın deyə həmişə qonaq otağına qoymuşam.

Yanvarın 30-da gecə saat 00:40-da Təranənin digər otaqda güldüyünü eşitdim. Tez yataq otağına keçdim. Təranə məni görən kimi telefonu gizlətdi. Təranədən kimlə danışdığını soruşdum. Mənə guya mahnıya qulaq asdığını, özü üçün zümzümə etdiyini dedi.

Cəld odeyalın altından telefonu çıxardım. Baxanda “İnstagram”da “Qaqaş Seyfəlov” adlı profildəki oğlanla söhbət etdiyini, bir-birinə nağıl danışdıqlarını, keçmiş günlərdən, uşaqlıqlarından söhbət etdiklərini gördüm. Təranə telefonu əlimdən almağa çalışan zaman yumruqla və dabanımla onun çiyninə, üzünə və başına vurdum”.

“Mesajları oxuya bilmədim”

Elvinin sözlərinə görə, səhərisi gün Təranənin anası Təhminəni çağırıb: “Təhminə, anam Səlimə və Təranə ilə birlikdə söhbət etdik. Həmin söhbətdə qayınatam Vəlinin də olmasını tələb etdim.

Təhminə Vəlinin işdə olduğunu, onun bu söhbəti bilməməsini istədiyini dedi. Təhminəyə telefonda olan Təranə ilə həmin oğlanın yazışmalarını, şəkillərini, səs yazılarını göstərdim. Təhminə telefondakıları görəndən sonra öz qızına 1-2 şillə vurdu. Təranə bu məsələ barədə yoldaşı Vəliyə danışacağını dedi.

Son 2-3 gündə Təranənin telefonundakı “İnstagram” hesabına ard-arda mesajlar gəldi. Lakin Təranə mənə “İnstagram” kodunu demədiyi üçün həmin mesajları oxuya bilmədim”.

“Bıçağı görən kimi həyətə qaçdı”

Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 1-də saat 18 radələrində işdən qayıdanda atası, qardaşı evdə olmayıb: “Həmin vaxt uşaqlarım evdə idi. Anam və qardaşımın ailəsinin isə evdə olub-olmadığını bilməmişəm.

Təranə ilə yenə “İnstaqram” hesabının kodu ilə bağlı aramızda mübahisə oldu. Təranəni evin içində qonaq otağında yumruq-təpiklə döyüb, bədəninin müxtəlif nahiyələrinə vurdum. Bundan sonra mətbəxə qaçdım. Oradan bıçaq götürdüm. Təranə əlimdəki bıçağı görən kimi qorxaraq həyətə qaçdı. Həyətdə Təranəyə çatan kimi sağ bıçaqla bədəninin müxtəlif nahiyələrinə təxminən 3-4 bıçaq zərbəsi endirdim, ikinci bıçaq zərbəsini vurandan sonra onun səsi kəsildi.

Bundan sonra uşaqlar evdə tək qaldığı üçün evə girdim. Atama zəng edərək Təranəni bıçaqladığımı dedim”.

“Peşmanam”

Elvinin ifadəsinə görə, təxminən 10 dəqiqə sonra atasıgil gəlib: “Təranəni həyətdən qonaq otağına gətirdlər, təcili tibbi yardıma və polis bölməsinə zəng edərək hadisə barədə məlumat verdilər. Təranəyə bıçaqla xəsarətlər yetirən zaman uşaqlar nə hadisəni, nə də Təranənin meyitini görməyib. Cinayəti törədən zaman həyətdə heç kim olmayıb”.

Təqsirləndirilən şəxs deyib ki, hadisədən sonra qaçmağı düşünməyib: “Həmin vaxt çox əsəbi olduğumdan mesajların məzmunu dəqiqliklə yadımda qalmayıb. Hadisəni törətdiyinə görə peşmançılıq çəkirəm”.

“Mənimlə işi olduğunu dedi”

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi, anası Təhminənin sözlərinə görə, Elvinin anası Sevda ilə əvvəlcədən də qohumluq əlaqələri olub: “Qızım Elvinlə bir yerdə böyüdüklərindən onların ailə qurmasına razılıq vermişik. Təranə xasiyyətcə sakit, tərbiyəli, ailəsinə bağlı qız olub. Hətta Təranə öz ata evində olanda belə mobil telefon işlətməyib.

30 yanvar 2021-ci ildə günorta saatlarında qızımla danışmaq üçün Elvingilin ev telefonuna zəng etdim. Telefonu Elvin götürdü. Məndən yoldaşımın evdə olub-olmadığını soruşdu. Mən də yoldaşımın işdə olduğunu dedim. Elvin onlara gəlməyimi və mənimlə danışmaq istədiyini dedi.

Elvingilin evi ilə bizim yaşadığımız ev arasında təxminən 100 metr məsafə olduğundan piyada onlara gəldim. Qapını Elvinin qardaşı arvadı açdı. Evə girəndə Elvinin oturaq otaqda stulların birində oturduğunu, Təranənin isə mətbəxdə su içdiyini gördüm”.

“Dedi ki, qulaq as, gör qızın nə hərəkətlər edir”

Təhminə qeyd edib ki, bundan 2-3 dəqiqə keçməmiş Elvinin anası da gəlib və Təranənin başını tumarlayıb: “Həmin vaxt Elvin mobil telefonunu önümə qoydu. Dedi ki, qulaq as, gör qızın nə hərəkətlər edir, musiqi qoyub, oğlanlarla yazışır. Telefondakı səs yazısına qulaq asanda musiqi səsi yüksək olduğundan sözləri aydın eşidə bilmədim.

Bundan sonra Təranənin saçından tutaraq yolan zaman qayınanası araya girdi. Təranəni danladım, telefondakı səsin onun olub-olmadığını soruşdum. İnkar etdi. Elvin həmçinin mənə dedi ki, Təranə hələ yalandan Qurana da əl basıb, övladının canına and içib, deyir ki, səs onun deyil. Orada bizim bu hadisənin ərim və oğlumun bilməməsi barədə razılaşdıq. Elvinə bu məsələni araşdırmasını, bəlkə kiminsə ailə dağıdanlıq etmək istədiyini dedim. Sonra evimə getdim”.

“Qızımın sağ olduğunu gördüm”

Təhminə qeyd edib ki, səhəri gün Elvingilin ev telefonlarına zəng etsə də, götürən olmayıb: “Həmin gün axşama kimi Təranə ilə əlaqə saxlamadım. Saat 18 radələrində Elvinin anası mənə zəng edərək tez özünü onlara çatdırmağımı dedi. Mən də qaçaraq onlara gəldim. Elvinin qonaq otağında yerdə uzanıb, əllərini başının altına qoyaraq tavana baxdığını gördüm. Ondan nə üçün yerdə uzandığını, özünü necə hiss etdiyini soruşdum. Arxadan kimsə mənə “sən hələ həyətdəkinə bax, bundan beş betəri həyətdədir” - dedi.

Həyətə baxanda qızımı uzalı gördüm. Tez özümü Təranəyə çatdıranda onun bədəninın qan içində olduğunu və hələ sağ olduğunu gördüm”.

Təhminə ifadəsinin sonunda qızının öldüyü barəsində danışıb. O, qızının qatilinə ağır cəza verilməsini istəyib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Elvin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər