Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Bünyamin İsmayılov prokurorun suallarını cavablandırıb.
O bildirib ki, layihədə göstərilənlərlə görülən işlər arasında hər hansı fərq olanda rəhbərliyə məruzə edib.
Daha sonra Bünyamin İsmayılovun vəkili Vüqar Səfərliyə sual verib. Ondan binaların tikintisi zamanı parketlərin əvəzinə laminatdan istifadə edilməsi barədə soruşub.
Vüqar Səfərli bildirib ki, onun bu məsələdən sonradan xəbəri olub: “Sənəddə əvvəl laminat yazılmışdı. Mən sonradan bildim ki, parket vurulmalı imiş. Ümumiyyətlə orada bəzi işlər var idi ki, layihədə nəzərdə tutulmamışdı, amma görülməli idi”.
Telman Tahirov bildirib ki, jurnalistlər üçün tikilən ikinci və üçüncü binanın layihələrini o hazırlayıb: “İkinci bina üçün hazırladığım layihənin qarşılığında 1 milyon 108 min, üçüncü bina üçün 871 min manat ödənilib. Bizim hazırladığımız layihə Dövlət Ekspertiza Komissiyasının rəyinə əsasən qüvvəyə minib. Mənə heç kim pul verməyib. Vüqar Səfərlinin pul mənimsəməsindən xəbərim yoxdur”.
Prokuror sual verib ki, layihələrin ümumi dəyəri ittiham aktında 4 milyon 292 min manat göstərildiyi halda Telman Tahirovun dediyi rəqəmlər nəyə görə aşağıdır.
Telman Tahirov təklif edib ki, yenidən ekspertiza təyin olunsun və rəqəmlərin həqiqiliyi araşdırılsın.
Növbəti proses 10 noyabrda davam edəcək.
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb.
İttihama görə, aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma - külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə - ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medai İnkişaf Agentliyi zərərçəkmiş qismində tanınıb.