Dələduzluqda təqsirləndirilən Şamaxı rayon Polis Şöbəsinin keçmiş rəis müavini, polis polkovniki Hüseyn Muradxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hüseyn Muradxanov 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Hüseyn Muradxanov evli olduğu halda özünü subay kimi təqdim edərək həyat yoldaşının razılığı olmadan özünə məxsus olan əmlakı satıb.
Hüseyn Muradxanovun şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay kimi göstərilib.
Buna görə də birgə nikah dövründə alınan daşınmaz əmlakın satışını təkbaşına həyata keçirib.
Şəxsiyyət vəsiqəsində subay göstərildiyi üçün notariusda onun evli olub-olmadığı araşdırılmayıb.
2016-cı ildə Hüseyn Muradxanov həyat yoldaşından boşanıb. Sonuncu məhkəməyə müraciət edərək, əmlakın satışından xəbəri olmadığını, buna görə alqı-satqının etibarsız hesab olunmasını istəyib.
Məhkəmə iddianı təmin edib və alqı-satqı müqaviləsi etibarsız hesab edilib.
Bundan sonra obyekti alan qadın polis polkovnikindən şikayətçi olub. O, iddia edib ki, sabiq rəis müavini onu aldadıb və 180 min manatını ələ keçirib.
İstintaq orqanı tərəfindən Hüseyn Muradxanovun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib.