Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xarici ölkə vətəndaşlarına qarşı quldurluq edən 19 yaşlı Kamran Aslanov və 21 yaşlı Qabil Cəfərovun cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, Baş Cinayət Axtarış İdarəsi və Səbayel rayon 39-cu Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhərində xarici vətəndaşlara qarşı quldurluq və soyğunçuluq cinayətləri törətmiş Bakı şəhər sakinləri - 19 yaşlı Kamran Aslanov və 21 yaşlı Qabil Cəfərov tutulublar.
Onlar 2014-cü il martın 13-də Nəsimi rayonu ərazisində Böyük Britaniya vətəndaşı Robert Hugesə qarşı quldurluq cinayəti həyata keçiriblər. Onlar xarici vətəndaşı yerə yıxıblar və onun 1 ədəd qızıl üzüyünü, 1 ədəd qol saatını, 2 ədəd mobil telefonunu zorla əlindən alıblar.
İstintaq araşdırmaları ilə daha sonra müəyyən edilib ki, təqsirləndirilən şəxslər şəxslər 2014-cü ili martın 8-də Andrey Sorokinə qarşı da quldurluq ediblər. Onlar gecə saatlarında A. Sorokini döyərək 500 manat pulunu, mobil telefonunu və digər qiymətli əşyalarını zorla əlindən alıblar.
Kamran Aslanov və Qabil Cəfərov Cinayət Məcəlləsinin 101-ci (soyğunçuluq) və 181-ci (quldurluq) maddələri ilə ittiham edilirlər. Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləndən sonra məhkəmə baxışı noyabrın 21-nə təyin edilib.
Hacı Zeynalov