14 Dekabr 2021 16:45
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə bu gün baş tutan açıq məhkəmə prosesinə yenə də jurnalistlər buraxılmayıb.

Əldə etdiyimiz məlumata görə, ötən prosesdə zərərçəkənlərdən Afət İsmayılov sərbəst ifadə verib. O, ifadəsində MTN-in vəzifəli şəxslərinin ondan 200 min manat aldıqlarını deyib: “2005-ci ildə “Kapital Tikinti” MMC-ni təsis etdim və 2008-ci ildən həmin şirkətin direktoru kimi fəaliyyət göstərməyə başladıq. 2009-cu ilin yaz və ya payız aylarının bir günü, günorta saatlarında mobil nömrəmə zəng daxil oldu. Zəng edən şəxs özünü Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin müstəntiqi kimi təqdim etdi.

Səhəri gün 10:00-da məni MTN-in inzibati binasına dəvət etdi. Lakin müstəntiq mənə MTN-in inzibati binasına çağırılma səbəbini demədi. Növbəti gün saat 10-da MTN-in inzibati binasının nəzarət-buraxılış məntəqəsinə getdim, qeydiyyatdan keçdikdən sonra bir nəfər əsgərin müşayiəti ilə MTN-in inzibati binasının 1-ci mərtəbəsinə, oradan isə başqa bir nəfər əsgərlə birlikdə liftlə 7-ci mərtəbəyə qalxdıq.

Liftin qarşısındakı gözləmə otağında təxminən 2 saat gözlədim. Sonra Vüqar Əliyev adlı əvvəllər tanımadığım müstəntiq otağa daxil oldu. Məni özü ilə otağına apardı. “Mən MTN-in müstəntiqi Vüqar Əliyevəm, kiminlə işləmisən” sualını verdi. Əvvəlcə özüm də çaşqın vəziyyətə düşdüm, sanki Bin Ladenlə işləmişdim, mənə bu tərzdə sual verilirdi. Vüqar Əliyevə dedim ki, Müdafiə Nazirliyi ilə işləyirəm. O, “Orbita-2008” və “AKM inşaat”la bağlı suallar verdi. Həmin şirkətlərdən tikinti materialları aldığımı, pullarını isə köçürmə yolu ilə ödədiyimi dedim.

Müstəntiq də dedi ki, o MMC-nin işçiləri hakerliklə məşğul olur, onların ofislərindən sənədlər götürülən zaman mənim rəhbərlik etdiyim MMC-nin də sənədlərini oradan aşkar ediblər.

Müstəntiq Vüqar Əliyev qarşısındakı kağız parçasına 300 min rəqəmini yazıb qarşıma qoydu. Dedi ki, buradan düz də çıxıb gedə bilərsiniz, zirzəmiyə də gedə bilərsiniz. Kağızda yazılan rəqəm barədə soruşduqda Vüqar Əliyev “bu cənabın tələbidir və verilməlidir” dedi. Vüqar Əliyev tərəfindən günahsız yerə həbs ediləcəyimdən qorxdum. 300 min rəqəmi yazılmış kağız parçasına 30 min yazaraq müstəntiq Vüqar Əliyevə verdim. Müstəntiq “gedim, məsləhətləşim, gəlim” deyərək otağı tərk etdi.

Təxminən yarım saat sonra geri qayıtdı. Dedi ki, “1-cinin tapşırığıdır, 200 min manatdan aşağı yeri yoxdur”, ardından da əli ilə otağındakı şkafın üzərində olan çərçivəyə uzatdı. Orada milli təhlükəsizlik naziri Eldar Mahmudovun fotoşəkli asılmışdı. Dedi ki, görürsən cənabın şəkilini, tapşırıq onunkudur, ya 200 min manatı verməlisən, ya da “podvala” getməlisən, başqa yolun yoxdur. Heç bir günahımın olmadığını dedim və həmin məbləği verməyə gücüm çatmayacağını bildirdim. Vüqar Əliyev cavabında dedi ki, bunun mənə heç bir aidiyyəti yoxdur, birincinin tapşırığıdır, burada sənin günahının olub-olmamasının heç bir əhəmiyyəti yoxdur, sənin müqəddəratın bizim əlimizdədir, ya 200 min manat pulu gətirməlisən, ya da həbs olunmalısan, başqa yolun yoxdur”.

Zərərçəkənin ifadəsinə görə, müstəntiq Vüqar Əliyevin “cənab” dedikdə milli təhlükəsizlik naziri Eldar Mahmudovu nəzərdə tutduğunu zənn edib: “Sonradan müstəntiqin otaqdan mülki geyimdə çıxıb mülki geyimdə geri qayıtmasını, müstəntiqin bilavasitə rəisindən kənar birbaşa nazirlə bu məsələni həll etməsinin mümkünsüz olduğunu anladım. Bildim ki, müstəntiq qiyməti razılaşdırmaq adı ilə otaqdan çıxarkən nazirin deyil, öz rəisi, İstintaq İdarəsinin rəisi Mövlam Şixəliyevin yanına gedib. Müstəntiq mənə “sənin müqəddəratın mənim əlimdədir” demişdi.

Oğlum ali məktəbdə təhsil alırdı, onun cibinə narkotik vasitə atıb və ya yaşadığım evə silah qoyub bizi tuta biləcəklərini bilirdim. Çıxılmaz vəziyyətdə olduğumu başa düşüb müstəntiqlə razılaşdım. Düşünürdüm ki, günahsız yerə həbs olunacağım təqdirdə tender üzrə götürdüyüm işlər yarımçıq qalacaq. Övladlarıma pislik ediləcək. Ona görə də müstəntiqdən vaxt istədim ki, 200 min manat pulu toplayıb verim. Vüqar Əliyev “sənə 15 gün müddət verirəm, pulu topla gətir” dedi. Həmçinin gülərək “sən birinci şəxssən ki, birinci gün gəldiyin kimi geri qayıdırsan” dedi.

Həmin gün MTN-dən çıxıb ofisimə gəldim. Mənim “Royal Bank”ın Dostluq filialında, “Muğan Bank”ın Mətbuat filialında və “Azərbaycan Beynəlxalq Bank”ının Nərimanov filialında hesablarım vardı. 50, ya da 60 min manat pul idi. Təxminən 10 gün sonra, 11 noyabr 2009-cu ildə Müdafə Nazirliyindən MMC-nin hesablaşma hesabına köçürmə yolu ilə 359 min 473 manat pul daxil oldu. Həmin pulları çek vasitəsi ilə ya “Royal Bank”ın Dostluq filialında, ya “Muğan Bank”ın Mətbuat filialında, ya da “Azərbaycan Beynəlxalq Bank”ının Nərimanov filialında olan hesabımdan çıxarmaqla 200 min manat pulu düzəldib. Vüqar Əliyevə zəng edib 200 min manat pulun hazır olduğunu dedim. Vüqar dedi ki, axşam çağı bizim idarə tərəfə gəl”.

Zərərçəkən deyib ki, həmin gün axşam saatlarında “Kapital Tikinti” MMC-nin Təchizat şöbəsinin müdiri Bəylər Ağayev və həmin MMC-nin Tikintidə Texniki Təhlükəsizlik üzrə mütəxəssisi Hüseynağa Qafarovla birlikdə MTN-in inzibati binasının qarşısına gediblər: “Vüqar Əliyevə zəng elədim, dedi ki, MTN-in arxa qapısına gedib, təxminən 200 metr irəlidə dayanaq, onu gözləyək.

Bəylər və Hüseynağa ilə birlikdə MTN-in arxa qapısından Nəriman Nərimanovun heykəlinə tərəf gedən yolda, təxminən 200 metr irəlidə dayanıb Vüqar Əliyevi gözləməyə başladıq. İşçilərimə MTN-in müstəntiqi Vüqar Əliyevin məni həbs edəcəyi ilə hədələyib 300 min manat pul istədiyini, sonra isə kiminləsə məsləhətləşib həmin məbləği 200 min manata endirməsini danışmışdım. Bəylər və Hüseynağa Vüqar Əliyevə 200 min manat pul verəcəyimi bilirdilər.

Təxminən 20 dəqiqə sonra Vüqar Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə gəlib bizim avtomobilin arxasında, təxminən 6-7 metr aralıda dayandı. Avtomobildən düşüb Vüqar Əliyevin avtomobilinə əyləşdim. Həmin vaxt içərisində 200 min manat pul olan selofon torbanı Vüqar Əliyevə verib içərisində 200 min manat pul olduğunu dedim. Vuqar pulu saymadı, alıb çıxıb getdi. Bundan sonra o, bir neçə dəfə ofisimə gəldi və Gəncə şəhərində yerləşən ata evini bərpa etdirmək istədiyini deyərək bəzi məsləhətlər aldı.

Mən 200 min manat pulu Vüqar Əliyevə verdikdən sonra işlərimdə ciddi maliyyə problemləri yaranmışdı. Başladığımız tikinti işlərini yekunlaşdırmağa maliyyə vəsaiti çatmadı. Buna görə də “Royal Bank”dan, “Muğanbank”dan və “Azərbaycan Beynəlxalq Bank”dan ümumilikdə 300 min manata yaxın məbləğdə kredit götürdük. Sonradan kreditləri ödəyə bilmədiyim üçün oğluma məxsus evi, “Kapital Tikinti” MMC-nin ofisinin yerləşdiyi salonu satıb kreditlərin bir hissəsini tam ödədim”.

Afət İsmayılovun sözlərinə görə, 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işinin istintaq olunduğunu öyrənib və Vüqar Əliyevə zəng edib: “Ona dedim ki, görüşmək istəyirəm. Vüqar Əliyev əvvəlcə onunla görüşəcəyinə söz versə də, sonradan zənglərə cavab vermədi. Mən Vüqarla görüşüb aldıqları pulumu geri istəyəcəkdim. Görüşmədi, mən də gedib Baş Prokurorluğa şikayət etdim, pulumu tələb edirəm”.

Zərərçəkən sərbəst ifadəsini yekunlaşdırandan sonra tərəflərin suallarını cavablandırıb.

Dövlət ittihamçısı, hakim və təqsirləndirilən Mövlam Şıxəliyevin vəkili zərərçəkənə eyni mahiyyətli sual veriblər.

Onlar Afət İsmayılovdan pulu ödəyəndən sonra şikayət edib-etməməsini öyrənmək istəyiblər.

Zərərçəkən verilən suallara gülümsəyərək cavab verib: “O zaman onlar dövlətdə idi, dövlətdən dövlətə şikayət edəcəkdim?”.

Zərərçəkənlərdən Hüseyn Səfərov da Afət İsmayılova sual ünvanlayıb:

-Deyirsiniz ki, Müdafiə Nazirliyinin tenderində qalib olmuşduz. Sizdən hədə-qorxu ilə 200 min manat alandan sonra həmin obyekti vaxtı-vaxtında keyfiyyətlə tikib təhvil verə bildiniz?

Afət İsmayılov:

-Həmin pulu məndən alandan sonra obyekti tikib təhvil verə bilmirdim. Məcbur olub oğlumun evini banka dəyər dəyməzə girov qoydum, demək olar ki, hədiyyə etdim, bu da müqavilə, sizə təqdim edirəm. Beləcə obyekti tikib təhvil vermişəm.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər