15 Dekabr 2021 16:45
1 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan açıq məhkəmə prosesinə yenə də jurnalistlər buraxılmayıb.

Əldə etdiyimiz məlumata görə, iş üzrə zərərçəkən Əhməd Mirzəyev sərbəst ifadə verib. O bildirib ki, 2009-cu ildən “Santemax” MMC-nin təsisçisi və direktorun müavini vəzifəsində işləyib. Onun sözlərinə görə, “Santemax” MMC-nin fəaliyyəti kafel-metlax, santexnika və digər tikinti materiallarının pərakəndə satışından ibarət olub.

Əhməd Mirzəyev deyib ki, 2010-cu ilin fevralın sonları martın əvvəllərində Gürcüstanda yaşayan tələbə yoldaşı, milliyətcə gürcü olan Lento ona zəng edib: “Lento söhbət əsnasında dedi ki, mənə qranit materialından olan balta hədiyyə göndərir. Baltanın yanında qızıldan olan keçi fiquru da olduğunu dedi. Lentonun sözlərindən bildim ki, qızıl keçi Bakı şəhərində yaşayan Zaur adlı şəxsə verilməlidir. Qızıl keçinin müqabilində Zaurdan 1500 dollar pulu alaraq Lentoya göndərməliyəm. Təxminən 17-18 mart 2010-cu il tarixində günorta saatlarında Lentonun dediyi şəxs zəng elədi. Dedi ki, hədiyyəni gətirib.

Sürücü Arifdən xahiş etdim ki, avtovağzaldan həmin şəxsdən baltanı, keçi fiqurunu alaraq gətirsin. Arif hədiyyəni gətirdi. Bundan sonra Zaura zəng vurdum, onun üçün keçi fiquru gəldiyini dedim. Zaurla ilk təmasım idi, ondan baltanın da təxmini qiymətini soruşdum. Dedi ki, baxıb nəsə deyə bilər. Baltanı da, keçi fiquru ilə bərabər Arifə verib Zaura yaşadıgı ünvana yolladım”.

Zərərçəkmişin sözlərinə görə, Arif 18 mart 2010-cu ildə, təxminən 19 radələrində Zaurun evinə gedib: “2-3 saat keçəndən sonra Arif mənə zəng elədi. Dedi ki, Zaurun evində olanda ora MTN-in Antiterror Mərkəzinin işçiləri basqın ediblər. Evdə axtarış aparıblar, MTN əməkdaşları ondan baltanı da alıblar. Arifin zəngindən təxminən 2-3 saat sonra Zaura zəng elədim. Təbriz küçəsində yerləşən “Məxməri” kafesində görüş təyin etdim.

Görüşəndə Zaurdan nə baş verdiyini soruşdum. Zaur həmin baltanın qiymətini təyin etməyə gələn şəxsin yəqin MTN-in adamı olduğunu və MTN-in əməkdaşlarının həmin baltanı götürdüklərini bildirdi. Ertəsi gün səhər vaxtı mənə MTN-in Antiterror Mərkəzinin əməkdaşı kimi təqdim edən Mamay Qulubəyov adlı şəxs zəng etdi, məni MTN-ə çağırdı. Həmin gün saat 11 radələrində MTN-ə getdim.

Orada özünü Mamay kimi təqdim edən şəxs məndən izahat aldı, məni videoya çəkirdilər. Həmin videoçəkiliş zamanı mənə çoxlu sayda qızıl əşyalar, qoyun və ya keçi fiquru, həmçinin balta təqdim olundu. Qətiyyətlə dedim ki, həmin qızıl əşyaları mənə aid deyil”.

Zərərçəkmiş həmçinin ifadəsində qeyd edib ki, onu sonradan MTN-ə çağırıblar: “Təhsin Ağayev “sənin nə bizneslə məşğul olduğunu biz bilirik, sən pul vermədən buradan çıxa bilməyəcəksən, cənab nazirin göstərişidir, onun nəzarətində olan işdir, 500 min manat verməlisən, həmin pul nazirə çatacaq” dedi. Təhsinə dedim ki, 500 min yoxumdur.

Məni 2 gün MTN-də saxladılar. Sonra isə məhkəməyə aparıb barəmdə həbs qəti imkan tədbiri qərarı aldılar. Həbsdə olduğum müddətdə demək olar ki, hər gün Təhsin Ağayev məni otağına gətizdirirdi, azadlığa çıxmağım üçün 500 min manat tələb edirdi. Əks halda hədələyirdi və ən azından qaçaqmalçılıqla görə 8 il azadlıqdan məhrum olunacağımı deyirdi.

Sonradan Təhsin Ağayev 500 min dolları müqabilində məni həbsdən azad edəcəyinə söz verdi. Mən çıxılmaz vəziyyətdə qaldığımdan onun təklifi ilə razılaşdım”.

Zərərçəkmiş deyib ki, hədə-qorxu yolu ilə ondan 500 min dollar alıblar, saxta rəylə barəsində olan həbs qətimkan tədbiri dəyişdirilib.

O qeyd edib ki, həbsdən çıxandan sonra Mövlam Şıxəliyev ondan əl çəkməyib: “Mövlam Şıxəliyevin mənə sifarişləri bitib tükənmirdi. Məni həbsdən buraxandan sonra, təxminən 2011-ci ilin avqust - sentyabr aylarında Mövlam Şixəliyev özünün mobil telefonundan mənim nömrəmə zəng vuraraq villasında tikinti işləri apardığını dedi.

Bununla əlaqədar olaraq tikinti materialları verməyimi tələb etdi. Həbsdən təzə çıxmışdım, MTN-in “xofu” çəkilib getməmişdi, Mövlam Şixəliyevin bu tapşırığına “yox” deyə bilməzdim. Bundan sonra 2011-2014-cü illərdə müxtəlif tarixlərdə Mövlam Şixəliyevin sürücüsü Əlizamin adlı şəxs gəlib ofisdən təxminən 26 min manatlıq keramika, kafel-metlax materiallarını pulsuz olaraq götürüb aparıb”.

Zərərçəkən məhkəmədə cinayət işinin materiallarında olmayan yeni bir hal haqda da məlumat verib. Onun sözlərindən məlum olub ki, həbsdən azad edildikdən sonra Mövlam Şıxəliyev ona sifarişlər göndərməkdə davam edib: “Pulumu da almışdılar, əl də çəkmirdilər. Yenə də zəng elədi ki, bəs mənim ad günümdür, mənə “Stefanno Ricci” kostyum al. Razılaşmaqdan başqa yolum yox idi. Dedi ki, kostyumu özüm gedib seçib alacağam, pulunu sən verərsən.

2-3 gün sonra mənə kostyum satılan mağazadan zəng elədilər, dedilər ki, kostyum alınıb, sizin nömrəni veriblər ki, pulu ödənsin. Kostyumun qiymətini soruşdum, cavabında zəng edən satıcı “25 min dollar” dedi. Bir anlıq özümü itirdim”.

Bu yerdə dəmir barmaqlıq arxasında olan Mövlam Şıxəliyev zərərçəkənin sözlərinə əsəbiləşərək, “yalan deyir” qışqırıb.

Zərərçəkən Əhməd Mirzəyev isə “haramın olsun” deyib.

Bu zaman hakim tərəfləri sakitləşdirib. Əhməd Mirzəyev ifadəsini davam etdirib: “Kostyumun 25 min dollara olduğuna inanmadım. Satıcıya dedim ki, 25 min dollara kostyum olar? Satıcı bir daha dedi ki, “Stefano Ricci” kostyumunun qiyməti 25 min dollardır. Yenə də inanmadım, satıcıya dedim ki, gəlirəm mağazaya, söhbət edərik.

Özümlə 20 min manat da götürdüm, Mövlam Şıxəliyevin kostyumu aldığı mağazaya getdim. Orada satıcı Mövlam Şıxəliyevin mağazadan götürdüyü kostyumun qiymətinin 25 min dollar olduğunu təkrar etdi. Mən də çek tələb etdim. Satıcı bildirdi ki, rəhbərlik bizə çek verməyə qadağa edib. Soruşdum ki, ümumiyyətlə kostyum alınıb sizdən, yoxsa pul? Satıcının danışığından belə başa düşdüm ki, kostyum bəhanədir, məndən 25 min dollar qoparmaq üçün bu söhbəti uydurublar. Əlacsız qalıb 20 min manatı ödədim. O zaman dollar 78 qəpik idi, 20 min manat verib çıxdım. Başqa çarəm yox idi”.

Bundan sonra hakim, dövlət ittihamçısı zərərçəkənə bir neçə sual verib. Əhməd Mirzəyev suallara cavab olaraq bildirib ki, ona vurulan ziyanı geri tələb edir.

Əhməd Mirzəyev Mövlam Şıxəliyevin vəkillərinin də suallarını cavab verib. Bildirib ki, onun mağazasından Mövlam Şıxəliyevin sürücüsünün apardığı kafel-metlaxın qaimələri də işin içində var. Həmin qaimələrdə onların neçə manatlıq kafel-metlax aldıqları açıq yazılıb. İşin içində də həmin Kassa Məxaric Orderləri var. Kassa məxaric orderlərində kafel-metlaxı götürən şəxsin adı da, telefonu da yazılıb.

Həmin şəxs Mövlam Şıxəliyevin sürücüsü Əlizamindir. Kassa məxaric orderlərində onun mobil nömrəsi də qeyd olunub.

Zərərçəkən hakimə bildirib ki, istintaqa kassa məxaric orderlərini təqdim edib və cinayət işinin materiallarına əlavə olunub.

Növbəti proses dekabrın 20-də davam edəcək.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər