Bakıda kürəkənini güllələməkdə ittiham olunan 59 yaşlı Azər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Azər Cəfərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, qətl hadisəsi ötən il dekabrın 13-də baş verib.
Xəzər rayonu ərazisində 35 yaşlı Rəşad Məmmədovun aldığı bədən xəsarətləri nəticəsində ölməsi barədə Xəzər rayon Prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla hadisənin zərərçəkmişin qaynatası, 59 yaşlı Azər Cəfərovun aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Rəşad Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Azər Cəfərovun qətli kürəkəni ilə qızı arasında yaranan söz-söhbətlərə görə törətdiyi bildirilir.
İstintaq orqanı tərəfindən Azər Cəfərovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.