Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com-un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində bu gün keçirilən iclasa da əvvəlkilər kimi jurnalistlər buraxılmayıb.
Açıq keçirilən məhkəmə iclasına jurnalistlərin buraxılmaması barədə qeyri-qanuni göstərişi hakim Elbəy Allahverdiyev verib.
Fevralın 15-də jurnalistlər məhkəmə iclasına buraxılmalarına şərait yaradılması ilə bağlı Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənova və Mövlam Şıxəliyevin cinayət işinin araşdıran hakim Elbəy Allahverdiyevə rəsmi məktubla müraciət ediblər.
Əməkdaşlarının açıq məhkəmə prosesində iştirakının təmin edilməsi ilə bağlı “Teleqraf.com”, “Qaynar.info”, “Haqqin.az” saytları və “Yeni Müsavat” qəzetinin baş redaktorları Həbib Həsənova və Elbəy Allahevrdiyevə də rəsmi müraciət ünvanlayıblar.
Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyev bu gün jurnalistlərin müraciətinə rəsmi cavab verib. Həmin məktubda hakim jurnalistlərin məhkəmə prosesinə buraxılmamasını COVID-19-la əlaqələndirib. Hakim açıq məhkəmə prosesində jurnalistlərin iştirakını məqsədəmüvafiq hesab etmədiyini yazıb.
Daha sonra bu məsələnin müzakirəsi aparılıb. Zərərçəkənlərdən Zaur Əliyev hakimin diqqətinə çatdırıb ki, fevralın əvvələrində keçirilən prosesdə o, jurnalistlərin prosesdə iştirakı üçün rəsmi müraciət tələb edildiyini deyib: “KİV haqqında" qanuna görə jurnalistlər istənilən Azərbaycan vətəndaşı kimi açıq keçirilən məhkəmə prosesində iştirak edə bilərlər. Sizin tələb etdiyiniz rəsmi müraciət qanunsuz olsa da, baş redaktorlar bəhanənizi kəsmək üçün qanunsuz və əsassız tələbinizi yerinə yetirdilər. İndi isə pandemiyanı bəhanə edirsiz. Bu məntiqlə, növbəti məhkəmə prosesinə dövlət ittihamçısını da buraxmamalısız. Çünki hörmətli prokuror da COVID-19-a yoluxa bilər. Biz zərərçəkənlər tələb edirik ki, açıq keçirilən məhkəmə iclasında mətbuat nümayəndələrinin iştirakı təmin edilsin”.
Hakim Elbəy Allahverdiyev mətbuat nümayəndələrinə rəsmi cavab verildiyini bildirib.
Bundan sonra iş üzrə zərərçəkən Elşən Mədətov sərbəst ifadə verib. Deyib ki, 2007-ci ildə “Texnikabank” ASC-in “Bakı” filialına öz adına müqavilə bağlamaqla illik 12 faizlə 623 min avro məbləğində əmanət qoyub: “İlk vaxtlarda faizləri verdilər. 2008-ci ilin iyun-iyul aylarında faizləri bankdan ala bilmədim. 2008-ci ilin avqustunda Fransaya istirahətə getdim. Qayıdandan sonra filialın müdiri Zal Yusifovun həbs olunduğunu bilib. Oktyabrın əvvəlində isə MTN-nin İstintaq Baş İdarəsinin şöbə rəisi Vüsal Ələkbərov zəng elədi, məni MTN-ə çağırdı. Növbəti gün ora getdim. Səhər 11-də orada idim. MTN-nin inzibati binasının əsas giriş qapısından içəri keçdim. Məni ilk olaraq içəri çox çətinliklə keçirdilər. Mülki geyimdə olan şəxs qarşılayıb liftlə 4 yaxud 5-ci mərtəbəyə qaldırdı. Liftdən çıxandan sonra sola dönüb 10-15 metr getdikdən sonra bir boş otağa apardılar. Orada təxminən 5 saat tək oturdum. Burada sakit, məsum uşaq kimi oturan şöbə rəisi Vüsal Ələkbərov 5 saatdan sonra otağa gəldi. Vüsal Ələkbərovun ilk sözü bu oldu ki, “bəs sən banka əmanət kimi pul qoymusan, mütəşəkkil cinayətkar dəstəyə qoşulub bankın filial müdiri Zal Yusifovla bankı talamısınız. Ona görə də MTN-nin rəhbərliyinə 300 min ABŞ dolları məbləğində pul verməlisən, yoxsa səni də Zal Yusifovla eyni ittihamla tutacağıq.
Vüsala dedim ki, banka qanuni yolla pul qoymuşam. O da hədə tonunda dedi ki, nə olsun qanuni qaydada banka pul qoymusan, banka əmanət kimi qoyduğun pulun bir hissəsini bizə verməlisən, bu, rəhbərliyin tapşırığıdır.
Tələbinin qanunsuz olduğunu dedim. Vüsal da dedi ki, deyəsən hara gəldiyini bilmirsən, qızın universitetdə oxuyur, özün də küçədə-bayırda gəzirsən. Qorxmusan, başınıza iş gələr?!
Dövlət ittihamçısı söhbətin nədən getdiyini aydınlaşdırmaq üçün zərərçəkənə sual verib.
Zərərçəkən bildirib ki, onu öldürəcəkləri ilə hədələyib: “Vüsal Ələkbərov mənə dedi ki, sənə “ölüm iynəsi” vuracağıq. Deyirdi ki, 2 ay saxlayıb, üzr istəyib buraxacağıq. 7-8 ayın içində havalanıb öləcəksən. Mən də onun bu hədələrindən qorxduğum, qızımın universitetdən qovacaqlarını düşündüyüm üçün məcbur olub Vüsalı dilə tutmağa çalışırdım. Ona dedim ki, mən Dairə Seçki Komissiyasının sədriyəm. Həmin vaxt seçki ərəfəsi idi. Bunu deyəndən sonra Vüsal məndən vəsiqəni tələb elədi. Mən də verdim, vəsiqəyə baxdı. Vəsiqəni götürüb harasa getdi. Az sonra qayıdıb gəldi. Vəsiqəni verdi, dedi ki, get seçkilərdən sonra görüşərik. Mən də çıxıb getdim. Seçki başa çatandan bir neçə gün sonra Vüsal məni MTN-ə çağırdı. Vüsal yenə də 300 min manat istədi. Vüsalla söhbət elədim, ondan 100 min dollara razı olmasını xahiş etdim. Bu mövzuda söhbət zamanı Vüsal otaqdan çıxıb rəisi Mövlam Şıxəliyevin yanına getdi. Məsləhətləşib qayıtdı. Mənə dedi ki, 100 min dollara razılaşdı, ifadəmi almadan məni buraxdı.
MTN-dən çıxandan sonra pul toplamağa başladım. Özümdə 45 min dollar vardı. Qardaşım Kamaldan 50 min dollar, qaynatam Kələş Qafarovdan 5 min dollar borc aldım. 15-20 gündən sonra 2008-ci ilin oktyabr ayının sonlarında, günün ikinci yarısında Vüsal Ələkbərova zəng elədim. Dedim ki, pul hazırdır. Vüsal məni MTN-ə çağırdı. 100 min dollar məbləğində pulu sarı-ağ rəngli kağızdan olan, qulplu kiçik zənbilə qoydum, üstünü də örtdüm. Sürücüm Zahid Əliyev və qaynım Samit Qafarovla birlikdə MTN-nə getdik. Birinci dəfə MTN-nin qapısından keçdiyim yerdən qeydiyyatdan keçdik. Bu dəfə məni çox rahat şəkildə Vüsal Ələkbərovun otağına apardılar. Zənbildə olan 100 min dolları Vüsala verdim. 10-15 dəqiqə sonra MTN-dən çıxıb evə qayıtdım. 2008-ci ilin noyabrın əvvəllərində Vüsal Ələkbərov yenidən mənə zəng elədi, MTN-nə çağırdı.
Ora getdim. MTN-in əsas girişinin qarşısında Vüsal “Toyota” markalı, ağ rəngli “cip”lə çıxıb dayanmışdı. Maşından düşüb Vüsalın maşınına əyləşdim. Vüsal dedi ki, “rəhbərlik sənin pulunu qaytarmağımı tapşırıb. Çünki əleyhinə ifadə var. Zal və onun oğlu sənin barəndə ifadə veriblər ki, sən onlarla əlbir olub bankın pulunu talamısınız, buna görə də ümumilikdə 300 min dolları verməlisən”. Mənə dedi ki, 15-20 gün vaxtın var, hədə-qorxu gəlirdi ki, pulu çatdırmasan, başına oyun açacağıq, bu söhbətləri başqa yerdə danışma, yoxsa uşaqlarını da ilişdirərik”. Hədə-qorxulardan və həbs olunmaqdan çəkinirdim. Ona görə də evdə olan bütün qızılları Mərkəzi univermaqda və “Moskva” univermağında satdım. Dostum Qacar Əzizovdan 45 min dollar, qaynatası Kələş Qafarovdan 15 min dollar borc aldım. Əlavə 100 min dolları topladım. 2009-cu ilin noyabr ayının sonlarında Vüsal Ələkbərova zəng elədim, dedim ki, pulu yığmışam. Dedi ki, pulu da gətir, gəl MTN-ə. Əvvəlki kimi sürücüm Zahid və qaynım Samitlə birlikdə MTN-nə getdik. Saat 16 radələrində Vüsalın otağına qalxdım. Bu dəfə də pulla idim deyə məni tez-tələsik Vüsalın yanına apardılar. Vüsal kabinetində 100 min dolları da aldı, dedi ki, rəhbərliyə məruzə edib mənə cavab deyəcək. 1-2 gün sonra Vüsal zəng elədi, dedi ki, “məruzə etdim, pulu tam çatdır, rəhbərlik razılaşmır”. Mənə yenə 10 gün vaxt verdi. Əlacsız durumda idim. Bilmirdim nə edim”.
Dövlət ittihamçısının “niyə şikayət etmədiz” sualına zərərçəkənin cavabı belə olub: “O zaman bunların qılıncının dalı da, qabağı da kəsirdi. Kimə şikayət edəcəkdim? Şikayət etsəydim, başıma oyun açardılar. Vüsal Ələkbərov otağında “şəpit”də gəzirdi. Ayağını stolun siyirməsinin yuxarısına qoyub, özünü olduqca arxayın aparırdı. O dövrdə bunlardan kimə şikayət etmək olardı? Ona görə də məcbur olub dostum Qacarın vasitəsi ilə onun tanışından 20 min dollar, yeznəsi Nəsrəddin Sultanovdan 30 min dolları borc aldım. 2008-ci ilin dekabr ayının əvvəllərində Vüsala zəng elədim. Dedim ki, cəmi 50 min dollar pul yığa bilmişəm. Daha heç yerdən pul tapa bilmirəm. İstəyirsən məni tut, 200 min dollar pulumu da qaytar, istəyirsən düzəltdiyim 50 min dolları qəbul elə. Vüsal da dedi ki, məruzə edib xəbər edəcəyəm. Təqribən 1 saatdan sonra zəng edib muştuluq istədi. Dedi ki, bəs səni təbrik eləyirəm, rəhbərlik razılaşdı. Növbəti gün 19 radələrində Vüsalın tapşırığı ilə onun yaşadığı Yasamal bazarından bir qədər irəlidə olan binanın qarşısına getdim. Ora da sürücüm Zahid və qaynım Samitlə birlikdə getmişdim. 50 min dolları rəngli sellofan torbaya qoymuşdum. Vüsala zəng elədim, gəlib pulu alıb getdi. Bundan sonra borcları qaytarmaq üçün Şirvan şəhərində yerləşən “Qulu” restoranımı, Sabirabadın Həşimxanlı kəndində yerləşən dəyirmanımı satıb borclarını qaytardım. Vüsal Ələkbərov hədə-qorxu gəlməklə məndən 250 min dollar alıb”.
Zərərçəkən bildirib ki, onun banka əmanət kimi qoyduğu vəsait də bu günə qədər ona qaytarılmayıb: “Mən ilkin mərhələdə bütün məhkəmələrdə haqlı olduğumu sübut edə bilmişdim. Yəni məhkəmələr banka əmanəti qanuni şəkildə qoyduğumu, faizlərin də qanuni şəkildə ödənildiyini təsbit etmişdi. Lakin MTN-in müdaxiləsindən sonra hakimlər açıq şəkildə bildirirdilər ki, ailəmizi təhlükə altına qoyub xeyrinizə qərar verə bilmərik. Mülki işi zorla cinayət işinə əlavə edib banka qoyduğumuz əmanəti də mənimsədilər”.
Şahid Nəsrəddin Sultanov da bu epizod üzrə ifadə verib. Deyib ki, Elşən Mədətov MTN-də hədələnərək ondan 250 min dollar alınıb: “Bu adamlar Milli Təhlükəsizlik Nazirliyini Milli Talama Nazirliyinə çevirmişdilər. Elşənin heç bir günahı yox idi. Banka əmanət qoymuşdu. Onu çağırıb hədələyirdilər ki, guya əmanəti banka qanunsuz qoyub. Onu həbs etməmək üçün pul tələb edirdilər. Mən də deyirdim ki, vermə, sənin heç bir cinayətin yoxdur. Lakin onu elə hədələmişdilər ki, çıxılmaz vəziyyətə düşmüşdü. Pulu verməyəcəyi təqdirdə, həbs ediləcəyini, uşaqlarının başına iş gələcəyindən qorxurdu. Ona görə də aparıb pulu verdi”.
Şahid deyib ki, həmin günlərdə şəxsi tanışları vasitəsi ilə Vüsal Ələkbərovla görüşüb: “Vüsala dedim ki, siz cinayət edirsiz. Elşənin banka qoyduğu 623 min avronu da ələ keçirmisiniz, üstəlik 300 min tələb edib, 100 min dolları da almısan. Buna görə Elşən qalacaq kənarda, mən səni güllələyəcəyəm. Vüsal bu sözlərimi eşidib qaçıb getdi. Sonra bildim ki, Elşəndən ümumilikdə 250 min dollar pul alıb”.
Bundan sonra fasilə elan olunub.
Fasilədən sonra şahid qismində Elmar Qurbanzadə ifadə verib. Şahid iş üzrə zərərçəkən, MTN tərəfindən qanunsuz həbsindən sonra özünü öldürmüş Cahangir Məmmədovun evini alıb: “2014-cü ilin avqust və ya sentyabr ayında dostum Ağazaman Mirzəyev zəng elədi. Dedi ki, Günəşlidə ev satılır, həmin evi şərikli alaq. Belə də elədik. Müddət tamam olduqda, Ağazaman Cahangirə zəng elədi, evdən çıxmasını xahiş etdi. Cahangir isə həyat yoldaşının evdən çıxmaq istəmədiyini dedi. 2015-ci ilin iyul ayında mən Cahangirin qardaşı Arifdən eşitdim ki, o, evində özünə ülgüclə və bıçaqla xəsarət yetirib. Sonra xəstəxananın 5-ci mərtəbəsindən özünü atıb öldürüb. 2015-ci ilin yanvar, yaxud fevral ayında Cahangirin qardaşları Məzahir, Aydın və Ariflə birlikdə kafedə oturub çay içərək söhbət etdik. Arif Cahangirin bir müddət əvvəl İrana fişəng apardığı üçün Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulduğunu, Cahangirin həbsdən azad edilməsi üçün MTN-nin əməkdaşına pul verildiyini dedi. Lakin konkret olaraq MTN-in hansı əməkdaşına, hansı məbləğdə pul verildiyini və bu pulu kimin verdiyini bilmir”.
Növbəti proses martın 1-də davam edəcək.
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.