Qazax rayonunda 1990-cı il təvəllüdlü Elçin 1972-ci il təvəllüdlü qohumu Elmini (adlar şərti verilib – red.) öldürüb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Elçin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Şəmkir rayonunda yaşayan dayısı Əlinin faktiki sahiblik etdiyi və babasından miras qalmış Qazax rayonu Aslanbəyli kəndindəki baxımsız fərdi yaşayış evində 23-24 may 2020-ci il tarixlərdə anası Validə və digər qohumları tərəfindən cinsi əlaqə zamanı istifadə olunan qoruyucular, içərəsində sidik olan butulka aşkar etməsini eşidib:
“Həmin evdə hansısa şəxslərin əxlaqsızlıqla məşğul olmasını özümə sığışdırmadım. Bunun kim tərəfindən edilməsini dəqiqləşdirmək məqsədi ilə 11 iyun və 14 iyun da heç kimə heç nə demədən Aslanbəyli kəndinə getdim. Həmin kənddə yaşayan və dayım Əliyə məxsus evə nəzarət edən anamın əmisi oğlu Elminin dizel-yanacağı məhsullarının satışı ilə məşğul olduğu dükan həmin evə yaxın olduğundan onunla evə kimin girərək əxlaqsızlıqla məşğul olması barədə söhbət etdim.
Elminin danışığından və hərəkətlərindən məhz bu işdən məlumatlı olması, həmin evdə əxlaqsızlıqla məşğul olmasından şübhələndim. Hər dəfə həmin mövzuda söhbət edərkən aramızda sözlə mübahisə düşdü. Elmin sanki evə girən şəxsi tanıyır və onu qorumağa çalışırdı. Bundan hiddətlənərək Elminin qeyri-səmimi olduğunu anladım”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hər dəfə kəndə gedəndən anası bundan xəbər tutub, dayısı Əliyə deyib: “Dayım Aslanbəyli kəndində gələrək məni Şəmkir rayonuna apardı. Oradan da Bakı şəhərinə qayıtdım. Bakı şəhərində olarkən özümə rahatlıq tapa bilmədim. Məhz Elminin bu işdə əlinin olduğunu fikirləşdim. Ona görə də iyunun 27-də Elmin bizim evimizdən müxtəlif məqsədlərlə istifadə etdiyi üçün onu öldürmək qərarına gəldim.
Saat 12 radələrində anam və qardaşıma heç nə demədən evdən çıxdım və Qazax rayonuna yola düşdüm. Saat 21 radələrində Aslanbəyli kəndində çatdıqdan sonra Elminin dükanına getdim. Orada Eldar, Elvin və Turan mənim qabağımı kəsdilər, Elminə yaxınlaşmağa imkan vermədilər. Həmin vaxt üzərimdə hər hansı alət yox idi.
Elmin dükanın içərisində dayanmışdı. Dükana girmək istəyəndə məni qohumumuz Valehin həyətinə apardılar. Elmin isə arxamca nalayiq söyüşlər söydü. Həmin vaxtı anamla qardaşım məsələdən xəbər tutaraq avtovağzala getdilər, Qazaxa gəlmək istədilər. Valehgildə qonaq olduğum üçün qonşuluqda yaşayan Sərdarın həyətinin qabağında oturdum. Təxminən 2 saat ərzində Elmin demək olar ki, bütün kəndi dükanının qabağına yığdı. Lakin mən həmin yerə getmədim”.
Elçin deyib ki, bununla belə Elminin camaatın içərisində onun ünvanına ağır formada söyüş söydüyünü məsafə yaxın olduğu üçün eşidib: “Əlim boş olduğu və camaatın içərisində öldürə bilməyəcəyimi dərk etdiyim üçün Elminə yaxınlaşmadım. İki saat oturduqdan sonra dayım Əli oğlu Nemətlə gələrək məni Şəmkir rayonuna apardılar. Yolda olarkən Elmin bir neçə dəfə dayıma, Nemətə və mənə zəng etdi. Dayımla Nemət Elminlə danışsa da, mən zəngə cavab vermədim”.
Elçin bildirib ki, iyunun 28-də, səhər saat 6 radələrində dayısı Şəmkir rayonundan onu Bakı şəhərinə yola salıb: “Həmin vaxtı yağış yağdığı üçün dayım özününü qara rəngli pencəyini soyuq olmasın deyə mənə verdi. Avtobusa mindim, 15 dəqiqə Bakı şəhər istiqamətində yol getdim. Sonra maşını saxlatdırdım, yolda düşdüm və sürücüyə yol pulunu verdim. Sürücüyə dedim ki, dayım zəng etsə, Bakıya getdiyimi desin.
Qazax istiqamətində gedən digər avtobusa mindim. Qazax şəhərində mərkəzi bazarın yanında düşdüm. Heç kim məni narahat etməsin deyə mobil telefonumu söndürdüm. Sonra isə bazara girərək mətbəx əşyaları satılan dükandan bıçaq aldım. Bıçağı pencəyimin sağ aşağı cibinə qoydum və bazardan çıxaraq 50-100 metr qarşıya getdim.
Orada taksiyə mindim, Aslanbəyli kəndinə getdim. Kəndə girən kimi Elmin məni görüb, qaçmasın deyə taksidə arxada əyləşmişdim. Saat 9 radələrində kəndə çatdıqdan sonra Elminin dükanının açıq olduğunu gördüm. Avtomobili saxladaraq düşdüm. Elmin dükanının qabağında əvvəllər tanımadığım bir nəfər də dayanmışdı”.
Təqsirləndirilən şəxs bildirib ki, bıçağı pencəyin cibindən çıxaraq Elminin üstünə qaçıb: “Ona bir neçə dəfə tez-tez, ardıcıl olaraq dayanmadan bıçaqla zərbələr vurdum. Elmin isə gözləmədiyi halda hücum etdiyim üçün mənə müqavimət göstərmədi. Onun əlində heç bir alət yox idi. Proses təxminən 20-30 saniyə çəkdi.
Elminin yanındaki tanımadığım şəxs qolumdan tutaraq geriyə dartmaq istədi. Mən sağ əlimi həmin şəxsin əlindən çıxardım, yenə də Elminə bıçaqla 2-3 dəfə zərbələr vurdum.
Elmin qışqırdı. Səs-küyə adamlar gəldilər, məni Elmindən araladılar. Bıçağı əlimdən almağa çalışdılar. Mən isə onlardan yayındım. Elminin yerə yıxıldığını gördüm. Bu səbəbdən hərəkətlərimi dayandırdım. Həmin vaxt kimsə bıçağı əlimdən alaraq kənara tulladı”.
Elçinin ifadəsinə görə, Elminin öldüyünü bildikdə polis əməkdaşlarının çağırılmasını və təslim olacağını bildirib. Daha sonra polislər hadisə yerinə gəlib və Elçin polislərə təslim olub.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Elçin 10 il müddətinə azadlıqdan məhrum edilib.