14 Mart 2022 14:01
2 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda 1991-ci il təvəllüdlü Vüsal kafelərdən birində ofsinat işləyən Bahara (adlar şərti verilib – red.) qarşı soyğunçuluq edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il oktyabrın 11-də gecə saat 1 radələrində baş verib. Vüsal Ceyranbatan qəsəbəsi “Şah” adlı restoranın yaxınlığında Bahara yaxınlaşaraq onunla cinsi əlaqədə olmağı təklif edib.

Bahar 100 manat müqabilində razılaşsa da, pulu alandan sonra şəraitin münasib olmadığını bildirdiyi üçün onların arasında mübahisə düşüb. Vüsal Baharın üz və baş nahiyyələrinə yumruqla zərbələr endirib.

Bundan sonra Vüsal verdiyi 100 manatı həmin ərazidə axtarsa da tapa bilməyib. Bir neçə dəqiqə sonra geri qayıdaraq Baharın əl çantasını əlindən alıb, içərisində olan 135 manat pulu, 40 manat dəyərində naqilsiz telefon qulaqcıqlarını, boynundakı 25,00 manat dəyərində 925 əyarlı ümumi çəkisi 16,74 qram gümüş boyunbağını, 350 manat dəyərində 2 qram çəkidə qızıl boyunbağını, barmağında olan dəyəri 10 manat olan 1,97 qram çəkidə gümüş üzüyü və dəyəri 160 manat olan qızıl üzüyü alıb.

İstintaq orqanı tərəfindən Vüsalın barəsində Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, oktyabrın 11-də saat 1 radələrində Ceyranbatan qəsəbəsində atasıgilə maddi yardım edib, geri qayıdanda yolda gedən bir qadın görüb: “Qadından xoşum gəldi. Ona cinsi əlaqədə olmağı təklif elədim. Bahar pul müqabilində görüşəcəyini bildirdi. Ona 100 manat verdim ki, mənimlə cinsi əlaqədə olsun.

Qadın pulu aldıqdan sonra şəraitin uyğun olmadığın, sonra görüşmək istədiyini bildirdi. Ondan verdiyim 100 manatı geri istədim. Qadın pulumu qaytarmamaqdan ötrü müxtəlif bəhanələr gətirməyə başladı. Baharın bu hərəkətlərindən əsəbləşdım. Onun yaxasından tutaraq Ceyranbatan qəsəbəsində yerləşən “Şah” restoranının yanında olan meşəliyə çəkdim, yenidən ondan verdiyim 100 manatı tələb etdim. Bahar pulu yerə atdığını bildirdi. Bu sözlərdən əsəbləşdim, onun üz nahiyəsinə dirsəyimlə vurdum. Zərbənin təsirindən o, yerə yıxılaraq halı pisləşdi və məndən su almağımı xahiş elədi. Baharın bu istəyindən sonra yaxınlıqda olan köşkdən su aldım və ona verdim”.

Vüsalın sözlərinə görə, bundan sonra Bahara məxsus telefonla ilk danışdıqları yerə qayıdıb: “İşıq salaraq ətrafı axtarmağa başladım. Lakin pulu tapa bilmədim. Hava küləkli, ətraf qaranlıq olduğuna görə ətrafa diqqələ baxmaq mümkün olmadı. Bir neçə dəqiqə sonra geri Baharın yanına qayıtdım. Boğazında olan gümüş boyunbağını, barmağında olan gümüş üzüyü, əl çantasında olan 35 manat pulu, naqilsiz qulaqcığı götürdüm. Sonra həmin yerdən uzaqlaşdım”.

Vüsal qeyd edib ki, Baharı həmin gün tanıyıb, onunla heç bir əlaqəsi olmayıb. Onun ifadəsinə görə, Baharın pulunu qaytarmadığı üçün ona dirsəyi ilə bir dəfə zərbə endirdib: “Baharın iradəsinin ziddinə onunla cinsi əlaqədə olmaq niyyətim olmayıb. Əməlimdən peşmançılıq çəkirəm”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Baharın sözlərinə görə, Yasamal rayonu “Sovetski” adlanan ərazidə fərdi yaşayış evində anası və iki azyaşlı övladı ila kirayədə yaşayır:

“Ceyranbatan qəsəbəsində adı olmayan kafedə 2021-ci ilin oktyabrın 9-dan ofisiant işləyirəm. Oktyabrın 11-də işlədiyim kafedə spirtli içki qəbul etdim, işdən çıxdım. Spirtli içki qəbul etsəm də, özümü idarə etmək qabiliyyətində olmuşam.

İşdən çıxandan sonra Ceyranbatan qəsəbəsində işlədiyim vaxtdan tanıdığım Vəliyə məxsus taksi ilə evə gedirəm. Oktyabrın 11-də saat 00.30-da Vəliyə zəng vurdum, evə getmək üçün onu işlədiyim kafenin qarşısına çağırdım. Vəli telefonda uzaqda olduğunu bildirdi, bir neçə dəqiqə sonra yaxınlaşa biləcəyini dedi.

Vəli ilə danışandan sonra kafedən çıxdığıma görə küçədə eyni yerdə dayanmamaq üçün piyada Ceyranbatan qəsəbəsində yerləşən “Şah” restoranı istiqamətinə getməyə başladım. Həmin vaxt adını istintaq müddətində bildiyim Vüsal mənə yaxınlaşdı, tanışlıq yaratmadan, yəni haqqımda heç bir məlumatı öyrənmədən cinsi əlaqədə olmaq istədiyini bildirdi.

Sərxoş vəziyyətdə onunla zarafat etməyə başladım. Vüsalın dedikləri mənə gülməli və əyləncəli gəldiyinə görə zarafatyana olaraq, 200 manat müqabilində cinsi əlaqədə ola biləcəyimi təklif elədim. Vüsal 100 manat verdi. Mən də qeyd olunan məbləği zarafatımı davam etdirmək üçün götürdüm”.

Zərərçəkmiş qeyd edib ki, Vüsalın cinsi əlaqədə olmağı barədə dediklərinin ciddi olduğunu gördükdə onunla cinsi əlaqədə olmayacağını deyib: “Vüsala pulunu geri qaytarmağımı təklif elədim. O, pulu qaytarmaq istədiyimi eşitdi, yaxamdan tutaraq, məni kənara yarımtikili vəziyyətdə olan qaranlıq bir hasarın küncünə apardı. Həmin vaxt əlimdə əzdiyim 100 manatı yerə atdım. Vüsal isə mənə verdiyi 100 manatı tələb eləməyə başladı.

Qolumdan tutaraq məni zorla kənara aparan zaman etdiyi hərəkətlərdən əsəbləşdiyim üçün pulu yerə atdığımı və getmək istədiyimi dedim.

Mübahisə edən zaman Vəli bizə yaxınlaşdı və məni aparmaq istədi. Vüsal isə mənimlə pul müqabilində görüşəcəyi adı ilə Vəlini aladatdı, ondan getməsini tələb elədi. Mənim qolumdan tutduğu üçün qorxumdan Vəliyə qalmağını deyə bilmədim. Vəli bir neçə dəqiqə vəziyyəti dəqiqləşdirdikdən sonra getdi”.

Zərərçəkmiş qeyd edib ki, Vüsalla ikisi qalanda yenidən ondan pulu tələb eləməyə başlayıb: “Pulu yerə atdığımı ona bildirdim. Vüsal məni zorla “Şah” restoranının yaxınlığında olan köşkün arxasında olan meşəliyə apardı. Yenidən məndən verdiyi 100 manatı tələb eləməyə başladı. Pulun məndə olmadığını dedim, əzərək atdığımı bildirdim.

Vüsal yumruqla üz, baş nahiyələrimə bir neçə zərbə endirdi, məni yerə yıxdı, yerdə olan zaman təpiklə bədənimin müxtəlif yerinə vurdu. Yenidən geri qayıtdı, pulunu axtarmağa davam elədi. Bir neçə dəqiqə sonra gəlib sağ çiynimdəki əl çantamı zorla dartaraq, içində olan 135 manatı, telefon qulaqcığını götürdü. Boynumda olan gümüş və qızıl boyunbağlarımı, üzüklərimi zorla aldı”.

Baharın ifadəsinə görə, bu zaman Vüsal onun vəziyyətinin pisləşdiyini görüb: “Köşkə yaxınlaşdı, su aldı. Suyu üzümə tökdü. Pulu axtaran zaman fanarından istifadə etdiyi mənə məxsus Sumsung A 52 markalı mobil telefonu üzərimə atdı, sonra getdi. Telefonu ilk mübahisə etdiyim yerdə özüm fanarından istifadə üçün könüllü vermişdim. Təxminən 10-15 dəqiqə sonra özümə gəldim, 102 xidməti zəng mərkəzi sisteminə məlumat verdim”.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.

Vüsal il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Onun üzərinə yaşayış yerini saat 23.00-dan 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər