Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Quba dindarları Nizami Nəcəfov və Vəfanur Məmmədov, habelə onun qardaşı Vəfadar Məmmədovun işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com-un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror Nizami Nəcəfovun 8 il 6 ay, Vəfanur Məmmədovun 7 il, Vəfadar Məmmədovun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Məhkəmə iclası dekabrın 2-də davam etdiriləcək.
Təqsirləndirilən şəxslər bu ilin yanvar ayında Cinayət Məcəlləsinin 228.2.1-ci (bir qrup şəxs tərəfindən qanunsuz silah və döyüş sursatı saxlanılması) maddəsi ilə həbs ediliblər. Istintaq zamanı onlara Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı (bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olmaqla insan oğurluğu) maddələrlə də ittiham irəli sürülüb.
Belə ki, Nizami Nəcəfov və Məmmədov qardaşları Quba rayonu Nüqədi kənd sakini Mərziyə Osmanovanı oğurlamağa cəhd ediblər. Adı çəkilən qadının Quba rayon polis şöbəsinin əməkdaşının bacısı olduğu deyilir. Məqsəd polis əməkdaşından bacısının qarşılığında pul almaq olub.
Hacı Zeynalov