Külli miqdarda dələduzluqda təqsirləndirilən keçmiş telekanal əməkdaşı Ayxan Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılan cinayət işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb.
İttihama görə, Ayxan Məmmədli bir neçə nəfərin etibarından sui-istifadə edərək onlardan pul alıb.
Təqsirləndirlilən şəxs aldığı pulları 10-15 faizlə geri qaytaracağını deyib.
Ayxan Məmmədli zərərçəkmiş şəxslərə sosial evlərdən mənzil almaq, həbsdən adam çıxarmaq, tibb sertifikatı almaqla bağlı vədlər verib.
O, ümumilikdə 300 min manatdan artıq pulu dələduzluqla ələ keçirməkdə ittiham olunub.
Təqsirləndirlilən şəxs ifadəsində zərərçəkmiş şəxslərin əksəriyyətinin dedikləri ilə razılaşmayaraq dəymiş ziyanın çoxunu geri qaytardığını deyib.
İttihamda qeyd olunub ki, Ayxan Məmmədli ARB telekanalının aparıcıları Elgiz Əkbər və Xoşqədəm Hidayətqızının adından istifadə edərək onlardan pul istəyib.
Zərərçəkmiş şəxs Gülşən Seyidovanın istintaqa dediyinə görə, Ayxan Məmmədli söz verib ki, Xoşqədəm Hidayətqızı onun daun sindromlu xəstəsi olan nəvəsini başqa ölkədə müalicəyə göndərəcək. Bunun müqabilində ondan 3 min manat pul alıb.
Məhkəmədə məlum olub ki, cinayət işi ilə bağlı Xoşqədəm Hidayətqızı istintaqda ifadə verib. Aparıcı onun adından deyilənləri təkzib edib.
İttiham olunan şəxs həqiqətən də Elgiz Əkbərin aparıcılıq etdiyi verilişdə çalışdığını desə də, onun və Xoşqədəm Hidayətqızının adından istifadə etdiyini boynuna almayıb.