Sabah Sabunçu Rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin iddiası üzrə məhkəmə prosesi keçiriləcək.
Hakim Tahirə Əsədovanın sədrliyi ilə keçiriləcək prosesdə Q.Salahzadə və digərlərinin İbrahimov Ağasif Şakir oğluna (Gələcək Azərbaycan Partiyasının sədri) qarşı iddia ərizəsi araşdırılacaq.
Müraciətdə bildirilir ki, Daxili İşlər Nazirliyinin istirahət evinin cənub-şərq hissəsində yerləşən Bilgəh qəsəbəsi, Zaqulba şossesi 1, 2 və 3 ünvanlarında olan tikililər Ağasif Şakiroğlu tərəfindən zəbt edilib. Məhkəmədən xahiş olunub ki, qeyd olunan ünvandakı torpaq və evlər boşaldılaraq sahiblərinə verilməsi təmin edilsin.
Həmçinin sabiq deputat məhkəmədən xahiş edib ki, yekun məhkəmə qərarınadək Quliyeva Xanım Rəsul qızı, Quliyev Pərvin Rəsul oğlu, Quliyeva Elmira Rəsul qızı, Quliyev Ziya Rəsul qızı və Quliyeva Zenfira Rəsul qızına məxsusluğu iddia olunan bağ torpaq sahələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunsun.
Q.Salahzadə qeyd edib ki, mübahisəli ərazidə Rəsul Quliyevin dünyasını dəyişmiş bacısı Ceyran Quliyevanın da adına torpaq sahəsinin olduğu iddia edilir. Amma Ceyran Quliyevanın oğlu Elbrus Quliyev mülk davası aparmadığı halda, Rəsul Quliyevin ABŞ vətəndaşları olan övladları Ağasif Şakiroğlunun vasitəsilə torpaq sahələrini qanunsuz zəbt ediblər.
Q.Salahzadə əlavə edib ki, Rəsul Quliyevin övladlarının adlarına olan bağ evlərinin alqı-satqısına dair sənədlər məhkəməyə təqdim olunmalıdır.
Daha öncə Sabunçu Rayon Məhkəməsi Əliyeva Lətifə Əliağa qızı, Camalov Həmidağa Əliağa oğlu, Camalov Əmianağa Həmidağa oğlunun cavabdeh İbrahimov Ağasif Şakir oğluna qarşı daşınmaz əmlaka hüquqlarının bərpa olunması və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsinə baxmayıb.
Bildirilib ki, məhkəmənin yeri və vaxtı barədə tərəflərə öncədən məlumatlar verilsə də, iclasda iştirak etməyiblər və onların iştirakı olmadan məhkəmənin işə baxmasını xahiş etməyiblər. Ona görə də məhkəmə işi baxılmamış saxlayıb.