Gəncə Ağır Cinayətlər Məhkəməsində vətəndaşları aldadaraq evlərini girov qoymaq yolu ilə banklardan külli miqdarda pul vəsaitlərini talayan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, istintaq zamanı Gəncə şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rafael Əbdürəhmanovun 2008-2009-cu illər ərzində “Kapitalbank” ASC-nin 2 saylı Yasamal filialının müdiri İlham Qasımov, “Azəriqazbank” ASC-nin Gəncə filialının müdiri Seymur Həsənov, həmin filialın xəzinədarı Nahid Allahverdiyev, kredit şöbəsinin mütəxəssisi Elmir Qurbanov, “Royalbank” ASC-nin Tovuz filialının müdiri Ədalət Müseyibov və digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmələri müəyyən edilib.
Onlar Bakı və Gəncə şəhər sakinlərinin etibarlarından sui-istifadə edərək onları aldadıblar. Dəstə üzvləri vətəndaşların evlərini banklara girov qoymaqla adlarına külli miqdarda pul vəsaitlərini rəsmiləşdirərək mənimsəmə və israfetmə yolu ilə talayıblar. Habelə Tovuz rayon sakinlərinin adlarına saxta kredit müqavilələri və digər kredit sənədlərinin tərtib olunması yolu ilə qeyd edilən və digər bankların ümumilikdə 2 milyon 468 min manat məbləğində külli miqdarda əmlakını ələ keçiriblər.
Rafael Əbdürəhmanov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), Ədalət Müseyibov və Zöhrab Bayramov 179.3.2-ci maddələri ilə ittiham edilirlər. Cinayətin digər 15 iştirakçısı isə Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və digər maddələri ilə ittiham elan edilməklə barələrində həbslə bağlı olmayan digər qətimkan tədbirləri seçilib.
Hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.
Təqsirləndirilən şəxslərin bəziləri özlərini təqsirli bilməyiblər, bəziləri isə ittiham üzrə özlərini qismən təqsirli biliblər.
Hacı Zeynalov