25 May 2022 18:14
1 886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxs qismində Ələddin Əliyev sərbəst ifadə verib.

Ələddin Əliyevin sözlərinə görə, 2004-cü ildən “Moskva” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olub: “Həbsimə qədər ruhi-əsəb xəstəlikləri keçirməmişəm. Bununla əlaqədar hər hansı bir xəstəxana və ya müalicə müəssisəsində qeydiyyatda olmamışam. Zaur İsmayılovla 2012-ci ilin yay aylarında tanış olmuşuq. Onunla dostluq münasibətlərimiz yaranıb. Həmin zaman Zaur İsmayılov “Moskva” Ticarət Mərkəzinin yaxınlığında yerləşən “Can əti” adlı kafeni icarəyə götürüb işlədirdi. Bir dəfə söhbət zamanı Zaur İsmayılov dedi ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə gedib-gəlir, oradan müxtəlif məişət avadanlıqları, brilyantlar gətirərək satır. Zaur İsmayılovdan 6 min dollarlıq brilyant aldım”.

Ələddin Əliyev qeyd edib ki, 2006-ci ildə isə MTN “Moskva” Ticarət Mərkəzində əməliyyat keçirib və Musabala adlı qızıl-zinət alverçisini tutub:

“Həmin iş üzrə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Fizuli Əliyev məni MTN-ə dəvət etdi, izahatımı aldı. O zaman məndən pul istənilmədi. 2013-cü ilin yanvarında Zaur İsmayılova 38 min dollar pul verdim və Dubay şəhərindən 33 min dollar dəyərində brilyant daşlar alaraq gətirməsini xahiş etdim. Yerdə qalan pul isə həmin daşların rüsumu və Zaurun qazancı oldu.

9 yanvar 2013-cü ildə mənə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Natiq zəng etdi. Dedi ki, yaşadığım binanın qarşısında məni gözləyir. Həyətə düşdüm, Natiqlə görüşdüm. Dedi ki, Zauru tutmuşuq, bizimlə MTN-ə getməlisən. Natiqin “Audi” markalı, nömrə nişanının son rəqəmləri 444 olan boz rəngli avtomobilə əyləşdim, MTN-ə gəldik.

Məni buraxılış məntəqəsinin 2-ci mərtəbəsində Fizuli Əliyevə təhvil verdi. Dəhlizdə solda yerləşən 1-ci otağa çağırdı. Orada Fizuli Əliyevdən başqa Zaur adlı MTN əməkdaşı da vardı. Mənə hədə-qorxu gəlməyə başladılar. Dedilər ki, qaçaqmalçılıq yolu ilə gətirilən brilyant daşlar sifariş vermisən, səni həbs edəcəyik. Zaur İsmayılov artıq etiraf edib ki, sən qaçaqmalçılıq yolu ilə brilyant daşların gətirilməsini bilirsən.

Dedim ki, Zaur İsmayılova 38 dollar vermişəm, lakin həmin daşların qaçaqmalçılıq yolu ilə gətirməsindən xəbəri yoxdur. Dedilər ki, yalan danışırsan, səni həbs edəcəyik. Fizuli Əliyev məndən 1 milyon manat tələb etdi. Dedi ki, əgər verməsən, səni qaçaqmalçılıq etdiyinə görə həbs edəcəyik. Cəmi 10-15 min manat pul verə biləcəyimi dedim. Fizuli Əliyev isə israrla bildirdi ki, 1 milyon manat verməsən, həbsə gedəcəksən.

Sonra Füzuligil bayıra çıxdılar, 2 saat sonra əlində kamera ilə geri qayıtdılar. Zaur İsmayılovu da otağa gətirdilər. Fizuli Əliyev dedi ki, sizi kamera ilə çəkəcəyik, kütləvi informasiya vasitələrində göstərəcəyik. Mən də xahiş edirdim, yalvarırdım ki, bizi bu şəkildə rüsvay etməsinlər. Çünki heç nə etməmişdim. Adımın cinayətkar kimi təqdim olunmasını istəmirdim. Fizuli Əliyev getdi. Axşama qədər Zaur İsmayılov və MTN əməkdaşı ilə birgə orada qaldım.

Axşam Fizuli Əliyev gələrək dedi ki, pulu vermirsən, “yuxarı” səni buraxmaq istəmir, barəndə cinayət işi açılacaq. Bizi Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə apardılar. Həmin idarədə Rövşən adlı baş müstəntiq gecə yarısına qədər məndən ifadə aldı və şübhəli kimi tutdu.

Məni elə həmin mərtəbədə olan istintaq təcridxanasına apardılar. Səhər təcridxanadan çıxararaq yenidən Rövşənin otağına gətirdilər. Rövşən dedi ki, yarım milyon manat ver, sənin barəndə işə xitam verək. O qədər pulumun olmadığını dedim. Axırda Rövşən dedi ki, 100 min manat ver, səni azad edək. Mən də deyirdim ki, o qədər pulum yoxdur. Rövşən dedi ki, 100 min dollar ver, 1 həftə ərzində pulu çatdır. Əgər gətirməsən səni hər cür yolla həbs edəcəyik. Burada olan söhbətlər heç yerə çıxmamalıdır.

Həmin gün axşam Rövşən hansısa sənədləri imzalatdırdı, məni buraxdılar. Özümdə olan qızıl-brilyantları satdım, qohum-əqrəbadan borc aldım. Yanvarın 13-də Rövşənə zəng elədim, dedim ki, pulun yarısını düzəldə bilmişəm. Dedi ki, MTN-nin qarşısına gəl. Orada qəzetə bükülmüş 50 min dolları Rövşənə verdim. Qalan pulu da tələb etdi. Dedim ki, pul hazır olan kimi zəng edəcəyəm. Nə qızıl-zinət əşyası vardı, dəyər-dəyməzə satıb, eyni qaydada apararaq Rövşənə verdim. Dedi ki, guya puldan ona heç bir məbləğ çatmır, hamısını aparıb “yuxarı” verir.

Mənə şahid qismində məhkəmədə iştirak edəcəyimi dedi. 15 gün sonra Rövşən zəng elədi, dedi ki, prokurorluqdan 10 min dollar istəyirlər ki, məsələ tam həll olunsun. Fevralın əvvəlində Rövşən zəng etdi, Bakı Əyləncə Mərkəzinə gəlməyimi tapşırdı.

Həmin gün Bakı Əyləncə Mərkəzində idman yarışlarından əldə olunmuş kuboklar, medallar olan otaqda Rövşənlə görüşdüm. Dedi ki, 10 min dolları gətir, səni daha heç kim narahat etməyəcək. Pulum yox idi. Dedim ki, kimdənsə 5-6 min dollar borc alaraq verərəm. Rövşən dedi ki, 10 min dollar verməsən sənin başın ağrayacaq. Mən də dedim ki, verdiyim pulu da qaytarın, başqa pulum yoxdur, gedin nə istəyirsiz edin. Rövşən 6 min dollara razılaşdı.

Səhəri gün aparıb 6 min dollar da ona verdim. 3-4 gün sonra Rövşən məni nazirliyə çağırdı. Öz otağında Zaur İsmayılovla üzləşdirdi və bundan sonra bir daha mənə zəng etmədi”.

Ələddin Əliyev qeyd edib ki, həmin ilin mayında Xəzər rayon Məhkəməsi Zaur İsmayılov barəsində 2 il müddətə şərti cəza verib: “ Hökmə əsasən müsadirə olunmuş 33 min dollarlıq brilyantlar mənə qaytarılmalı idi. Lakin prokurorluq həmin hökmdən apellyasiya protesti verdi. Bakı Apellyasiya Məhkəməsi brilyantların mənə qaytarılması barədə qərar qəbul etdi. Zaur İsmayılovla birlikdə, müstəntiq Rövşənin iştirakı ilə Mərkəzi Banka getdik.

Zaur bankda depozitdə olan brilyantları qəbul elədi. Paketlər möhürlənmiş və sukoçlanmışdı. Zaurla mən paketləri “Moskva” Ticarət Mərkəzində açdıq. Gördük ki, 17 min dollar dəyərində brilyant daşlar yoxdur. Rövşənə zəng elədik, bu nə məsələ olduğunu soruşduq. Dedi ki, istintaqa nə təhvil verilibsə, həmin daşları mən maddi sübut kimi tanıyıb, banka depozitə qoymuşam. Ola bilər ki, Fizuli Əliyevin idarəsində həmin daşlar yoxa çıxıb, get onlardan istə.

Mən yenidən həbs ediləcəyimdən qorxdum və onlara zəng eləmədim. Təxminən 58,9 karat, bir karatı 280 dollar alış qiyməti olan brilyant daşlar yoxa çıxmışdı. Sonradan bu məsələni aydınlaşdıra bilmədik”.

Daha sonra digər zərərçəkmiş Mehrac Qurbanov ifadə verib. Mehrac Qurbanovun sözlərinə görə, 2007-ci ildə “Texnikabank” ASC-nin “Bakı” filialına müqavilə bağlamaqla öz adına illik 12 faizə 623 min 300 avro məbləğində əmanət qoyub:

“2008-ci ilin oktyabrında MTN-nin İstintaq Baş İdarəsinin şöbə rəisi Vüsal Ələkbərov mənə zəng etdi, istintaqa çağırdı. MTN-ə gəldim. Məni Vüsal Ələkbərovun qəbuluna apardılar. Vüsal Ələkbərov dedi ki, sən banka əmanət qoymusan, həmin puldan imtina eləməlisən. Əgər imtina elməsən, sənin başına oyun açacağıq. Deyirdi ki, hansı yolla olursa-olsun səni tutacağıq. Mən də dedim ki, banka pul qoymaq cinayətdir? Deyirdi ki, pulu verməsən, görəcəksən ki, başına nə oyunlar gətirəcəyik.

Axşama kimi qışqırıb-bağırdı. Mənə 1 stəkan su belə vermirdi. Həddindən artıq qəddar və amansız davranırdı. Elə bil böyük bir cinayət törətmişəm. Halal pulumdan imtina etməyəcəyimi deyirdim. Vüsal Ələkbərov çox qışqır-bağırdan sonra dedi ki, 300 min dollar ver, sənin əmanətinin qaytarılmasında köməklik edək. Deyirdi ki, 15 gün ərzində əmanətini sənə qaytaraq, ancaq bu pulu bizə verməsən, səni tutacağıq, bu rəhbərliyin göstərişidir.

Məndən ifadə aldı, 10 vərəqdə imza nümunələrimi götürdü. Məni İstintaq Baş idarəsinin rəisi Mövlam Şıxəliyevin yanına apardı. O da dedi ki, Vüsal Ələkbərovun dediyini etməlisən. Biz də sənə kömək edib, banka qoyduğun pulu qaytaracağıq. Mövlam Şıxəliyev mənimlə olduqca acıqlı danışırdı. Deyirdilər ki, pulu verməsən tutacağıq. Məcbur olaraq Vüsal Ələkbərovla 200 min dollara razılaşdım. Dedi ki, pul təcili şəkildə, sabah çatmalıdır.

Vüsal Ələkbərov axşam məni MTN-dən buraxdı, pul gətirməyəcəyim təqdirdə tutacaqlarını dedi. Yaşadığım Şirvan şəhərinə getdim, tanışım İsmayıl Əhmədova öz fermamdan 30 baş qoyunu 3 min 600 manata satdım. Qardaşlarım Hüseyn Qurbanovdan 10 min manat, Heydər Qurbanovdan 15 min manat, bibim oğlu Kərim Tağıyevdən 20 min manat, bacılarımdan, Sabirabadın Həşimxanlı kəndində yaşamış Səmədağa adlı şəxsdən 50 min manat borc aldım. 50 min manat da özümdə vardı.

Topladığım 200 min dolları götürərək MTN-nə getdim. Məni Vüsal Ələkbərovun otağına apardılar. Pulu Vüsala verdim, banka qoyduğum əmanətin nə vaxt qayıdacağını soruşdum. Dedi ki, zəng edib xəbər verəcək. O günlərdə bacanağım Elşən Mədətovu da Vüsal Ələkbərov MTN-ə çağırmışdı. Onun da “Texnikabank”da əmanəti vardı. Vüsal Ələkbərov Elşəndən də 250 min dollar alıb bank hesabında olan pulu qaytaracağını demişdi. Lakin nə mənim, nə də Elşənin bankdakı pulumuzu qaytarmadı. Elşən də, mən də müflis olduq. Əlimizdə olan biznesimizi dəyər-dəyməzə satdıq. Elşən baş verənlərdən sonra infarkt keçirdi. Bizim başımıza bu quldur dəstə oyun açdı”.

Zərərçəkən sərbəst ifadəsini yekunlaşırandan sonra Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifovun suallarını cavablandırıb:

-Siz tələblə niyə razı oldunuz?

Zərərçəkmiş:

-Qorxuzdular.

Mövlam Şıxəliyev:

-Nə ilə qorxudublar?

-Hədə-qorxu gəliblər.

Vəkil:

-Həmin pulu banka qoyduğunuza görə sizdən rüşvət alındığını deyirisiz?

-Bəli, çağırdılar, dedilər ki, bankda hesabında olan puldan imtina elə, 300 min də ver. Sonda 200 min dollar aldılar.

-Pulu almaqda məqsədləri nədən ibarət idi?

- Bankdakı pulu qaytarsınlar.

- Hesabdakı puldan imtina etmişdiz?

-Etmədim.

-Sizdən imtina ərizəsi aldılar?

-Vüsal Ələkbərov dedi ki, yaz ki, imtina edirsən.

- Deyirsiniz, bildim ki, banka hesaba qoyduğum pul qanunsuz deyil. Eyni zamanda deyirsiz ki, 200 min dolları verdim ki, bankda hesabda olan pulu çıxarım. Hesabınızdakı pul qanuni idisə, niyə o pulu çıxarmaq üçün 200 min verirdiz?

- Sən düz danışmırsan. “Texnikabank”da pulu olan çox adamı incidib tutmuşdular. Pulu verməsəydim, məni də şərləyib tutacaqdılar. Bu adamlar vəzifələrindən sui-istifadə edib sahibkarları, iş adamlarını tutublar, qorxudublar, pullarını alıblar.

Zərərçəkmiş Hüseyn Səfərov da Mehrac Qurbanova bir neçə sual verib:

-Dediz ki, Vüsal Ələkbərov sizi çağırıb hədə-qorxu gəldi, o pulu sizdən aldı?

-Bəli, belə də oldu. Deyirdi ki, pulu verməsən səni həbs edəcəyik.

Daha sonra Hüseyn Səfərov növbəti dəfə Vüsal Ələkbərovun həbs olunması barədə vəsatətlə çıxış edib: “Vüsal Ələkbərov bankda müxbir hesabı olan 20-30 adama deyib ki, pullarınız batıb. Sonradan da həmin pulları alıb 50 faizini cibinə qoydu. İnkişaf etmiş “Texnikabank”ın dağılmasında Vüsal Ələkbərovun böyük rolu olub. “Texnikabank”ın müxbir hesablarında 700 milyon manat pul olub. Gözümüzün qabağında əmanətçilərin pulunu basıb yeyib. Bu gün də Allah o vəziyyətə salıb ki, həzm edə bilmir. Ayağı bir tərəfə, dalı da başqa tərəfə gedir. Düz-əməlli yeriyə də bilmir. Bu adam həbs olunmalıdır.

Mehrac Qurbanov da vəsatəti dəstəkliyib və Vüsal Ələkbərovun həbsini tələb edib.

Hakim isə Vüsal Ələkbərovdan zərərçəkənlər Mehrac Qurbanovun sərbəst ifadəsinə və Hüseyn Səfərovun fikirlərinə münasibətini soruşub.

Vüsal Ələkbərov deyib ki, Hüseyn Səfərov yalan danışır.

Təqsirləndirilən qeyd edib ki, hətta onun işçisinin qardaşının da “Texnikabank”da hesabı olub. Həmin pulu da qaytara bilməyiblər. Məhkəmə onların iddialarını təmin edib, ziyanın ödənilməsi qət olunub. Lakin pul ödənməyib.

Hüseyn Səfərov Vüsal Ələkbərovu yalan danışmaqda ittiham edib, işçi dediyi şəxsin müstəntiq Vüqar Əliyev olduğunu açıqlayıb: “Vüsal Ələkbərov o qədər acgöz, o qədər qəddar biridir ki, hətta öz işçisi Vüqar Əliyevdən də pul umub. Bunu mənə Vüqar Əliyev özü deyib. Vüsal Ələkbərov Vüqar Əliyevdən bankdakı pulunun qaytaraılması üçün pul istəyib. Vüqar Əliyev pul verməyib deyə, Vüsal Ələkbərov da onun pulunu qaytarmayıb. Bilirsiz ki, bunlar Etibar Əliyevi tutandan sonra “Texnikabank”a öz adamlarını oturtmuşdular. Orada nə istəyirdilər, onu da edirdilər. Kimdən pul qoparırdılarsa, onun pulunun yarısını özünə qaytararıb, yarısını da ciblərinə qoyurdular”.

Vüsal Ələkbərov Hüseyn Səfərovun söylədiklərinə münasibət bildirməkdən yayınıb. Qeyd edib ki, zərərçəkən Mehrac Qurbanovla Bakı İstintaq Təcridxanasında onunla üzləşməsindən danışıb. Deyib ki, zərərçəkən üzləşmə zamanı onu tanımayıb.

Mehrac Qurbanov isə deyib ki, ona qarşı cinayətin üstündən 10 ildən artıq ötdüyünə görə onu tanımayıb.

Vüsal Ələkbərov deyib ki, Mehrac Qurbanov təcridxanada vəkilinə Vüsal deyə müraciət edib: “Mən də dedim ki, mənəm e Vüsal. Sonradan müstəntiq dedi ki, nə istəyirsən Vüsaldan?

Zərərçəkən Mehrac Qurbanov təqsirləndirilən Vüsal Ələkbərova belə cavab verib:

-Vüsal Ələkbərov, mən səni haradan tanıyıram? Sən məni tutmasaydın, pulumu almasaydın, səni haradan tanıyardım?

Hüseyn Səfərov isə deyib ki, Mehrac Qurbanovu illər əvvəldən tanıyıb. Buna baxmayaraq onu məhkəmə prosesinə gələndə tanımayıb: “Möhtərəm hakim, Vüsal Ələkbərovu həbs edin, onda baş verənləri olduğu kimi danışacaq. Burada nazı ilə çox oynayırsız”.

Vüsal Ələkbərov isə deyib ki, Mehrac Qurbanovu tanımır, ondan pul almayıb.

Mövlam Şıxəliyevin vəkil Ceyhun Yusifov da Mehrac Qurbanova sual ünvanlayıb:

-Qeyd edirsiz ki, Vüsal Ələkbərov sizə həmin tələbləri irəli sürəndən sonra Mövlam Şıxəliyevin xidməti kabinetinə aparıb. Həmin kabinet harada, neçənci mərtəbədə idi? Girişi-çıxışı necə idi?

- Mən liftlə ora çıxmışam. Məni orada 7-8 saat saxlayıblar. Orada qaranlıqda saxlayırdılar. And olsun Allaha. Sən bundan, bu Mövlamdan pul almısan, onu müdafiə edirsən. Mövlam, sənin də kişiliyin olsun, elədiyini boynuna al. Mən Vüsalı haradan tanıya bilərdim? Mənim biznesim olub, öz işlərimlə məşğul olmuşam. Mən Vüsalı haradan tanıya bilərdim?

Ceyhun Yusifov:

-Mövlam Şıxəliyevin kabineti necə idi?

- Üstündən illər keçib, yadımda qalmayıb. Yalan deyənə lənət olsun.

Mövlam Şıxəliyev:

-Yalan deyir, mən bunun üzünü indi görürəm.

Mehrac Qurbanov:

-Yalan deyənin balası ölsün, qeyrətin, namusun olsun, ayıb olsun sənə, general rütbəsi sənə haramdır. Şərəfsiz, sən içəridə çürüyəcəksən!

Mövlam Şıxəliyev:

-Tərbiyəsizlik eləmə.

Mehrac Qurbanov:

-Tərbiyəsizin ən böyüyü özünsən. Burunundan gələcək sənin, Vüsalın. Alçaqlar.

Bu zaman hakim zərərçəkmişin zaldan çıxarılmasını tələb etdu. Mehrac Qurbanovu məhkəmə nəzarətçiləri zaldan çıxaranda Mövlam Şıxəliyev onun ünvanına nalayiq sözlər işlədib.

Hakim tərəfləri sakitləşdirib və daha sonra zərərçəkən Zaur Əliyevi ifadə vermək üçün kürsüyə dəvət edib.

Zaur Əliyev isə çıxışa hazır olmadığını məhkəmənin nəzərinə çatdırıb:

-Hörmətli hakim, mən çıxışa hazır deyiləm.

-Çıxış edin, ifadə verin.

-Mən hazır deyiləm.

-Qalx ayağa, kürsüyə keç, ifadə ver. Çağrılmısız, gəlmisiz, ifadə verin.

-Mən hazır deyiləm. Qayda var axı, hər iclasdan əvvəl, məhkəmə katibi zərərçəkənlərlə əlaqə saxlayır, məlumat verir, hazırlaşıb gəlirlər. Mən də hazır deyiləm.

-Siz burada gəlib suallar verirsiz, amma deyirsiz ki, hazır deyiləm. Hazır olmaq üçün nə edəcəksiz? “Jim” edəcəksiz?

-Mən sənədlərimi hazırlayıb gəlib ifadə verəcəyəm.

Hakimlə zərərçəkənin dialoqu bitməmiş dəmir qəfəsdə olan Mövlam Şıxəliyev Mehrac Qurbanovun əleyhinə sözlər işlətməkdə davam edib. Hakimə üzünü tutaraq deyib:

-Əgər müstəntiq belə ifadə almışdısa, məni niyə Mehrac Qurbanovla üzləşdirmirdi? Yalan danışır gözünün içinə qədər.

Zərərçəkən Zaur Əliyev isə Mövlam Şıxəliyevi sakitləşdirməyə çalışıb. O bu zaman Mövlam Şıxəliyevin sərt təpkisi ilə qarşılaşıb.

Mövlam Şıxəliyevin əlindəki su butulkasını qaldırıb və Zaur Əliyevə tərəf atmaq istəməsi məhkəmədə gərginlik yaşanmasına səbəb olub.

Zaur Əliyev yerindən qalxaraq Mövlam Şıxəliyevə kəskin şəkildə deyib:

-Şıxəliyev, sən bir cavan övladını itirmisən, Allah rəhmət eləsin. Allahından qorx, ay bədbəxt. Var-dövləti özünlə bu dünyadan aparan olmayıb, sən də aparmayacaqsan.

Mövlam Şıxəliyev:

-Sən səsini kəs.

-Dünyanın malını kim özü ilə aparıb?

-Kəs səsini sənə dedim!

-Ay yazıq, kişi kimi apar özünü!

-Kəs səsini.

-Qələtini elə, sən səsini kəs!

-Səsini sən kəs, o malları ki, pulları ki, bizlərdən almısan, özünlə o dünyaya aparmayacaqsan! O mallar dünyanın malıdır. Ay yazıq, kim özü ilə aparıb? Yazıqlar olsun sənə!

-Yazıq da özünsən! Kəs səsini, otur aşağı.

Mövlam Şıxəliyev bir daha su butulkasını Zaur Əliyevə tərəf atmağa cəhd edib. Lakin dəmir barmaqlıqlar buna mane olub.

Tərəflər bir-birinə qarşı kəskin ifadələr işlədiblər. Zaur Əliyev Mövlam Şıxəliyevə tərəf addımlayaraq qəzəbini bu şəkildə ifadə edib:

- Ay bədbəxt, mənim üstünə qalxırsan? Utanan sifətin yoxdur. Bizə qarşı etdiyin cinayətlərə görə cavab verəcəksən! Arxayın ol!

Hakim:

-Çıxarın çölə. Qurtarın bu söhbətləri!

Zalda bütün zərərçəkənlər ayağa qalxıb, Mövlam Şıxəliyevin özbaşınalığına etiraz edib. Hakim prosesin təxirə salındığını deyərək məhkəmə zalını tərk edib.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər