29 Avqust 2022 12:01
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayon icra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev, Abşeron rayon icra hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədov Ali Məhkəməyə müraciət ediblər.

Teleqraf.com xəbər verir ki, hər iki şəxsin kasasiya şikayəti araşdırılması üçün hakim Tahir Kazımovun icraatına verilib.

Məhkəmənin vaxtı hələki müəyyən ediıməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Akif Əliyev 10 il 6 ay və Murad Əhmədov isə 6 il azadlıqdan məhrum edilib.

Onlarla birlikdə mühakimə olunanlar – Cəfər Əkbərov, Babək Zalıyev, Seymur İsmayılzadə, Emin Süleymanov, Novruz Əliyev, Tural Ağaməmmədov və Şamil Xəlilov şərti cəza alıblar.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Akif Əliyevin cəzası 3 ilə, Murad Əhmədovun isə cəzası 5 ilə endirilib.

İttihama görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161–Qaynar xətt” əlaqə mərkəzinə Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş müraciətlər araşdırılıb.

Bununla əlaqədar keçirilən kompleks əməliyyat-istintaq tədbirləri ilə Abşeron rayon icra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevin vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon İcra hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan, müvafiq zəruri sənədləşmə aparılmadan tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirəcəyini bildirib, Abşeron rayon icra hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədovun vasitəsilə 3000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib almasına, daha sonra tikinti obyektində aparılan tikinti-quraşdırma işləri zamanı ümumi sahə həcminin artmasını bildirib əlavə olaraq vətəndaşdan 1500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, Murad Əhmədovla aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar Akif Əliyev 23 iyun 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub.

Həmçinin, istintaqla Murad Əhmədovun özünün Akif Əliyevlə yaxın münasibətlərinin olmasını, həmin münasibətindən istifadə edərək vətəndaşın Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin nəzdində 96 kv/m qeyri yaşayış sahəsinin texniki şərtlərinə dəyişiklik edilməsi və eskiz layihəsinin hazırlanması imkanına malik olmasını, bunun müqabilində 2500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirərək vətəndaşı aldatmasına, qeyd edilən məsələnin müsbət həlli üçün onun 1000 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, o cümlədən vətəndaşın xeyrinə edəcəyi hərəkətə görə sonuncunu 2500 manat məbləğində pul vəsaitini rüşvət qismində verməyə təhrik etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Murad Əhmədov vətəndaşı aldadaraq 1000 manat məbləğində pulu 20 iyun 2020-ci il tarixdə ondan alarkən cinayət başında yaxalanıb.

Qeyd olunan qanunsuz əməllər məhkəmə qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirlərinə uyğun olaraq audio-video çəkilişlərlə təsdiq olunub.

Murad Əhmədov Cinayət Məcəlləsinin 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Istintaq araşdırması zamanı Cəfər Əkbərov, Babək Zalıyev, Seymur İsmayılzadə, Emin Süleymanov, Novruz Əliyev, Tural Ağaməmmədov və Şamil Xəlilovun barəsində də cinayət işi açılıb.

Qeyd edək ki, bu cinayət işindən əlavə olaraq Akif Əliyevə yeni cinayət işi açılıb.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Akif Əliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün həmin maddə üzrə başlanılmış cinayət təqibinə xitam verilib.

Bundan başqa, Akif Əliyev Cinayət Məcəlləsinin 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi ilə təqsirli bilinib və 4 min manat cərimə olunub.

Bu cinayət işi üzrə Xırdalan şəhər Bələdiyyəsi və İqtisadiyyatı Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti zərərçəkmuiş qismində tanınıb.

İttihama görə, Akif Əliyev Xırdalan şəhəri ərazisində qanunsuz tikililərə icazə verib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər