7 Sentyabr 2022 15:50
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda anasını qətlə yetirməkdə ittiham olunan 2007-ci il təvəllüdlü İdeal Məmmədzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qətlə yetirilən Ülviyyə İsmayılovanın hüquqi varisi kimi tanınmış anası məhkəmədə iştirak etməyib. Onu məhkəmədə nümayəndəsi əvəz edib.

Hüquqi varisin nümayəndəsi vəsatətlə çıxış edib. O, məhkəmə istintaqı gedişində ittiham olunan şəxsin əməlinin Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) tövsif olunmasını istəyib.

Vəsatətin təmin olunmasına etiraz edən prokuror deyib ki, bu, ailə arasında olan hadisədir.

Prokuror bildirib ki, qanunun tələbinə görə, təqsirləndirilən ağırlaşmış maddə ilə ittiham olunsa belə, yetkinlik yaşına çatmayan şəxsə 10 ildən artıq cəza təyin etmək mümkün olmayacaq.

Təqsirləndirilən şəxsin hüquqi varisi də vəsatətin təmin olunmamasını istəyib. Təqsirləndirilən şəxsin vəkili isə məhkəmə iclasının qapalı keçirilməsi barədə vəsatət verib.

Hakim heyəti prosesin qapalı keçirilməsi ilə bağlı vəsatəti təmin etməyib.

İdeal Məmmədzadənin barəsində olan cəzanın ağırlaşdırılması ilə bağlı vəsatət baxılmamış saxlanılıb.

Məhkəmə baxışı sentyabrın 20-ə təyin olunub.

İttihama görə, bu il aprelin 20-də saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, İdeal Məmmədzadə qısqanclıq zəminində metronun “Neftçilər” stansiyasının yaxınlığında anası Ülviyyə İsmayılova ilə mübahisə edib. Mübahisə zamanı o, anasını bıçaqlayaraq öldürüb.

İstintaq orqanı tərəfindən İdeal Məmmədzadənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər