Məhkəmədə qalmaqallı ifadələr Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin icraatında baş tutan prosesdə Gəncə və Mingəçevir şəhərlərində şəhid və aztəminatlı ailələr üçün dövlət büdcəsindən ayrılan pulların mənimsənilməsi epizodları üzrə şahidlər ifadə verib.
Taleh Ələkbərov bildirib ki, Gəncə şəhərində olan mənzilini 36 min manata satıb. Onun sözlərinə görə, Kamil adlı şəxsin vasitəsi ilə evini nazirliyin işçilərinə alqı-satqı yolu ilə verib: "Mənə dedilər ki, mənzil şəhid ailəsinə verilməsi üçün alırlar. Sənəddə əlavə ödəniş olunmuşdu, onu mənzilin təmiri üçün nəzərdə tutulduğunu dedilər. Mənə sənədə imza atmağı təklif etdilər, mən də razılaşdım. Sənəddə nə qədər pul yazıldığını bilməmişəm".
Digər şahid Ulduzə Verdiyevanın sözlərinə görə, 3 otaqlı mənzilini nazirliyin işçilərinə 36 min manata satıb.
Gülnisə Həşimovanln sözlərinə görə, Gəncə şəhərində üç otaqlı mənzili olub: "Həmin mənzili 31 min manata satdım. Sonradan bildim ki, alqı-satqı sənədlərində mənzil 51 min manata qeyd edilib. Dedim ki, kaş həmin pulu da mənə verərdilər".
Digər şahid Hüseyn Məmmədov bildirib ki, Gəncə şəhərində mənzillərin alqı-satqısı ilə məşğul olur: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncə şəhər şöbəsinin rəisi Nizam Əhmədov məni yanına çağırdı. Dedi ki, şəhid ailələri üçün mənzillər alırlar. Məndən bu işdə köməkliyin istədi.
Daha sonra Nizam Əhmədovun Vüqar adlı işçisi ilə əlaqə saxladım. Özümdə, həmçinin tanışlarımda olan evləri onlara göstərdim. Onlar da evləri müəyyən razılıq əsasında alıblar. Nazirliyin işçiləri deyiblər ki, alqı-satqı sənədlərinə əlavə pullar yazılacaq, həmin pullar təmir üçün nəzərdə tutulub".
Elmar Səmədov isə deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan ikimərtəbəli obyektin özəlləşdirilməsi üçün nazirliyin aparat rəhbəri Əjdər Cəbiyevlə görüşüb:
"Obyektin özəlləşdirilməsi üçün 50 min manat istədilər. Mən məsələni Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə həll etmək istəyirdim. Əjdər Cəbiyev dedi ki, 50 min manata özləri bütün məsələləri həll edir. Mən də razılaşdım, 50 min manatı Əjdər Cəbiyevə verdim. Amma nə obyekti özəlləşdirib mənə verdilər, nə də pulumu qaytardılar".
Şahid Zaman Səmədov isə bildirib ki, 2014-cü ildə Masazırda 65 sot torpaq sahəsi alıb: "Həmin sahəni özəlləşdirdim. Dedilər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ əlilləri üçün ev tikməyə torpaq axtarır. O vaxt nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev idi. Əjdər Cəbiyevlə görüşdüm. Dedi ki, evi 50 min manata alırıq. Razılaşdıq, 10 min manat verdi, dedi, qalanını sonra verəcəyik. Amma vermədilər. Əjdər Cəbiyev dedi ki, Səlim Müslümov narazılıq edir, 50 min çoxdur. Mən torpağımı geri istədim, vermədilər. Mən Səlim Müslümovu heç vaxt görməmişəm".
Növbəti proses sentyabrın 19-da davam edəcək.
Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.