"Azəriqazbank” rəhbərinin müşaviri olmuş Çingiz Mənsimovun sürücüsü Şahin Fətəliyev və İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.
Şahin Fətəliyev 11 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan digər təqsirləndirilən İlham Qasımov 5 il müddətinə azadlıqdan mərhum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.
Məhkəmə zərərçəkmiş tərəfin mülki iddiasını təmin etməyib.
Qeyd edək ki, prokuror Şahin Fətəliyevin 12 il, İlham Qasımovun isə 7 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini istəyib.
Prokuror həmçinin zamində olan İlham Qasımovun barəsində həbs qətimkan tədbiri seçilməsini, məhkəmə zalından həbs olunmasını tələb edib.
İttihama görə, “Azəriqazbank” rəhbərinin müşaviri olmuş Çingiz Mənsimovun sürücüsü Şahin Fətəliyev lham Qasımovla əlbir olub, onun əmlaklarını ələ keçiriblər.
Şahin Fətəliyev Çingiz Mənsimovun etibarından sui-istifadə edib, onun mənzillərini, bağ evini, avtomobilini gizli şəkildə satıb.
Qeyd edək ki, zərərçəkmiş Çingiz Mənsimov bir müddət öncə vəfat edib. Onun qızı keçmiş sürücülərinə qarşı 700 min manatlıq mülki iddia qaldırıb. Deyib ki, əslində dəymiş ziyan bu məbləğdən daha çoxdur, çünki satılan təkcə bir mənzilin bazar qiyməti 400 min manatdır.
İstintaq orqanı tərəfindən Şahin Fətəliyevin barəsində Cinayət Məcəlləsinin CM-in 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), İlham Qasımovun basərəsində isə Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.
Xatırladaq ki, “Azəriqazbank” rəhbəri Çingiz Əsədullayev olub. O, 10 il Ağdaşdan deputat seçilib.
Qeyd edək ki, 1992-ci ildən fəaliyyətdə olan bank 2018-ci ildə ləğv olunub. Çingiz Əsədullayev sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın adamı olub.