Tanınmış prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Teleqraf.com Tariyel Qurbanovun ibtidai istintaqa verdiyi ifadəsini əldə edib.
O, istintaqa ifadəsində göstərib ki, dostları ilə birlikdə 7-8 il əvvəl mütamadi olaraq istirahət üçün Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən “Hamam Palace” adlı hamama gedib.
Onun sözlərinə görə, orada xidmət edən şəxslərdən biri də hamamın işçisi Ümman Əliyev olub.
Hər dəfə hamama gedəndə Ümman Əliyev və xidmət göstərən digər şəxslərə təxminən 10-20 manat məbləğində bəxşiş verib.
“Köməklik göstərməyimi istədi”
Tariyel Qurbanov qeyd edib ki, təxminən 2018-ci ildən Ümman Əliyevlə heç bir əlaqəsi olmayıb: “2021-ci ilin əvvəllərində istifadəmdə olan nömrəyə hazırda xatırlamadığım nömrədən zəng gəldi. O, özünü Ümman Əliyevin anası kimi təqdim etdi, oğlunun həbs olunduğunu dedi, oğlunun məni xeyirxah insan kimi təqdim edərək maddi köməklik göstərməyimi istədi.
Həmin şəxslərin maddi cəhətdən çətinlik çəkdiklərini düşündüm. Onlara kömək etmək qərarına gəldim və 500 manat maddi yardım göstərdim. Pulu dəqiq necə göndərdiyimi xatırlamıram, ola bilər, həmin pulu “Milli ON” ödəmə terminalı vasitəsilə Ümman Əliyevin özünün və ya qohumunun bank kartına köçürmüşəm”.
“Evin damından yıxıldığını, xəsarət aldığını dedi”
Prokuror qeyd edib ki, bir müddət sonra, təxminən 2021-ci ilin noyabr ayının sonlarında özünü Ümman Əliyevin tanışı kimi təqdim edən Natiq adlı şəxs vatsap vasitəsi ilə ona zəng edib: “Həmin şəxs Ümmanın yaşadığı Quba rayonu Çiçi kəndində yerləşən evinin damından yaxıldığını, xəsarət aldığını və bununla əlaqədar müalicəyə ehtiyacı olduğunu bildirdi. Ümman özü də mənimlə əlaqə saxlayaraq, məlumatı təsdiq etdi.
Onlar Ümmanın müalicəsi üçün 300 manat məbləğində pul lazım olduğunu bildirdilər. Onlara inandım, 300 manat göndərəcəyimə söz verdim.
Dəqiq xatırlamadığım üsulla, ya kiminsə bank kartına, ya da onlayn ödəmə sistemləri vasitəsilə həmin pulu Ümmanın müalicəsi üçün göndərdim”.
Tariyel Qurbanov deyib ki, növbəti gün, yəni 2021-ci il noyabrın 25-də Natiq, Ümman və Elnur adlı şəxs yenə də onunla əlaqə saxlayıb, Ümmanın müalicəsi üçün əlavə 1500 manat tələb olunduğunu deyiblər: “Ümmanın imkansız insan olduğunu, çətin maddi vəziyyətdə yaşadığını düşündüm. Onlara 1500 manat göndərcəyimə söz verdim. Bundan sonra Elnur Eldarovun adına rəsmiləşdirilmiş bank kartı göndərdilər. Mən də həmin gün pulu karta köçürdüm”.
Zərərçəkmiş qeyd edib ki, noyabrın 26-da Ümman qardaşı İlqarla birlikdə yenidən əlaqə saxlayıb, Ümmanın vəziyyəti yaxşı olmadığını, almış xəsarətlərlə bağlı müalicənin çox baha olduğunu bildiriblər:
“Ümmanla İlqar yenə də çətin maddi vəziyyətə düşdüklərini, məndən başqa kömək istəyə biləcəkləri şəxsin olmadığını bildirdilər. Əlavə olaraq 1800 manat göndərməyimi istədilər. Yenə Ümman və qardaşı İlqara inandım, onlara köməklik etmək qərarına gəldim. Razılığımı alıdıqdan sonra Ceyhun Kərimovun şəxsiyyət vəsiqəsini göndərməklə 1800 manatı poçt vasitəsi ilə onun adına göndərməyimi istədilər.
Başqa işlərim olduğu üçün tanışım Müslüm Sultanova 1800 manat verdim, poçt vasitəsilə Ceyhun Kərimova göndərməyini istədim. Müslüm həmin pulu noyabrın 26-da Ceyhun Kərimovun adına göndərdi, qəbzi mənə verdi. Qəbzin lazım olmayacağını düşündüyüm üçün atdım.
Təxminən 10 gün sonra vatsap vasitəsilə Ümman Əliyev aldığı müalicənin bir faydası olmağını, vəziyyətinin kəskinləşdiyini, müalicədən bədəninin müxtəlif nahiyələrinin çürüdüyünü bildirdi. Barmaqlarında da çürümə baş verdiyindən artıq yaza bilmədiyini dedi. Ona köməklik göstərməyimi istədi və Pərvin adlı tanışının hər şeyi mənə izah edəcəyini dedi.
Daha sonra Pərvin adlı şəxs mənimlə əlaqə saxladı, özünü namaz qılan insan kimi təqdim etdi. Ümmana kömək etmək istədiyini dedi, mənim də Ümmana kəməklik göstərməyimi xahiş etdi. Pərvin Ümmanın həqiqətəndə xəstə olmasını, bədəninin müxtəlif nahiyyələrində çürümə baş verdiyini dedi. Ümmanın yaraları olan şəkillərini də çəkərək göndərdi, məni onun xəstə olmasına inandırdı.
Yarı yolda onu buraxmaq istəmədiyimdən yenə də köməklik göstərməyimə razılıq verdim. Ümmanla Pərvin Zəminə Yusufovanın adına rəsmiləşdirilmiş bank kartını göndərdi. Dekabrın 7-də 900 manatı karta köçürdüm.
Bir neçə gün sonra Pərvinlə Ümman yenə də əlaqə saxlayaraq əlavə 1200 manat pul tələb olunduğunu bildirdilər. Dekabrın 13-də qeyd olunan məbləği onlara göndərdim”.
“Müalicənin nəticə verməyini dedi”
Tariyel Qurbanovun sözlərinə görə, daha sonra Ümman və Pərvin yenindən onunla əlaqə saxlayıb, Ümmanın vəziyyətinin kritik olduğunu, müalicələrin müsbət nəticə vermədiyini, bədənindəki çürümələrlə bağlı təcili İranda əməliyyat olunacağını bildiriblər: “Bir şəkil də göndərdilər ki, guya bu, Ümmanın İranda müalicə həkiminin qoyduğu diaqnozdur, Ümman təcili əməliyyat olunmalıdır. Onlara inandım. Bunun üçün nə tələb olunduğunu soruşdum. Ümmanla Pərvin əməliyyat üçün 3000 manat məbləğində pulun tələb olunduğunu bildirdilər.
Bir qədər düşündüm. Ümmana artıq uzun müddət ərzində köməklik göstərdiyimi, müalicəsinə də bir neçə dəfə pul göndərdiyimdən, həmçinin onu yarı yolda buraxmayaraq çətin maddi vəziyyətdə yaşayan bir şəxsi sağaltmaq qərarına gəldim. 3000 manat verəcəyimi bildirdim.
Pərvinə yaşadığım evin yaxınlığına, “Avesta” Konserninin inzibati binasının yaxınlığına gəlməsini, orada onunla görüşərək pulu verəcəyimi bildirdim. Pərvin qeyd olunan ünvana gəldi. Görüş zamanı bir daha Ümmanın vəziyyətinin ağır olmasını, özünün də namaz qıldığını, məni heç vaxt aldatmayacağını, Ümmana köməkliok göstərməklə böyük bir yaxşlıq etmiş olduğumu bildirdi. Pərvinə 3000 manat verdim”.
“Müalicəsi üçün 9950 manat vermişəm”
Tariyel Qurbanovun ifadəsinə görə, Pərvinlə Ümman yenə də əlaqə saxlayaraq əməliyyatla bağlı əlavə xərclərin çıxdığını və əlavə 1250 manat tələb olunduğunu bildiriblər: “Artıq Ümmanın sağalması üçün əlimdən gələni edəcəyimi qərarlaşdırdığımdan 1250 manata da razılıq verdim. 1250 manatı Pərvin 2021-ci ilin dekabrında hazırda xatırlamadığım bir tanışımdan “Azərsu” ASC-nin binasının yaxınlığında görüşərək aldı. Beləliklə, Ümman Əliyevin müalicəsi üçün ümumilikdə 9950 manat vermişəm”.
Tariyel Qurbanovun ifadəsinə görə, təxminən 2021-ci ilin dekabrın sonlarında Ümman Əliyev onunla əlaqə saxlayıb: “Ümman 2016-cı ildə “Hamam Place” adlı hamamda işlədiyi zaman mənə xidmət göstərərkən, çılpaq çəkillərimi çəkib özündə saxladığını bildirdi.
Həmin çılpaq şəkillərin yayılmasını istəmirəmsə, pul verməli olacağımı dedi. İmtina etdiyim təqdirdə isə həmin çılpaq şəkilləri müxtəlif sosial şəbəkələrində yayacağını, dostlarım və ailə üzvlərim arasında məni rüsvay edəcəyini söylədi. Mənə bank kartı göndərdi, 1000 manat göndərməyimi tələb etdi. Əks halda çılpaq şəkillərimi yayaraq məni rüsvay edəcəyi ilə hədə-qorxu gəldi.
Dostlarım və ailə üzvlərim arasında rüsvay olmamağım üçün razılaşdım. Dekabrın 27-də həmin karta 1000 manat köçürdüm”.
“Gizli şəkillərimi çəkcəyini düşündüm”
Tariyel Qurbanov bildirib ki, həmin gün Ümman Əliyevin qardaşı İlqar da əlaqə saxlayıb, çılpaq şəkillərin onda olmasını, həmin şəkillərin sosial şəbəkələrdə yayılmaması üçün 2000 manat tələb edib:
“Həmin pulu Hədiyyə Əliyevanın adına rəsmiləşdirilmiş bank kartına köçürməyimi istədi. Rüsvay olmamaq üçün həmin karta 2000 mamatı göndərdim. Bir neçə gün sonra Ümman Natiq Nuriyevin istifadəsində olmuş vatsap vasitəsi ilə Elnur və digər şəxslərlə birlikdə mesajlar yazaraq yenə də hədə-qorxu gəldilər, şəkilləri yayacaqlarını bildirdilər, 8000 manat tələb etdilər.
Ümman əvvəlcə məndən əl çəkcəyini deməklə məbləğin 8000 manat olmasını belə əsaslandırdı ki, dörd nəfərdirlər, hərəsinə 2000 manat çatmalıdır. Yenə də rüsvay olmaqdan ehtiyatlandım. Həqiqətən Ümmanın mənim getdiyim hamamda işlədiyini, orada çılpaq çimdiyimi, Ümmanın da gizli yolla şəkillərimi çəkdiyini düşündüm. Dekabrın 30-da pulu Ümmanın kartına köçürdüm”.
Tariyel Qurbanovun ifadəsinə görə, bir gün sonra Ümman onunla əlaqə saxlayıb, göndərilən pulun ona çatmadğını deyib, əlavə 15000 manat tələb edib: “Çıxılmaz vəziyyətdə qaldım, razılaşdım. Ona 15400 manat göndərdim. Ümman da bir daha məni narahat etməyəcəyinə söz verdi”.
“Dedi ki, rüsvay olmaq istəmirsənsə, 5 min manat ver”
Zərərçəkmişin sözlərinə görə, 2022-ci ilin yanvarın əvvəllərində İlqar Əliyev yenidən onunla əlaqə saxlayıb, pula ehtiyacı olduğunu deyib, Ümmanın çəkdiyi şəkilləri yayacağına dair hədə-qorxu gəlib:
“Dedi ki, rüsvay olmaq istəmirsənsə, 5 min manat ver. İlqar Əliyev Bakı şəhərində olduğunu, yaşadığım ünvanı bildiyini dedi. Evimin yanına gəlcəyini, orada pulu alacağını söylədi.
Onun tələbi ilə razılaşdım və görüşməyə razılıq verdim. Həmin gün görüşərək ona 5 min manat verdim. Görüş zamanı həm İlqar, həm də mən tək olmuşam. Qeyd olunan hadisələr barədə hər hansı şəxsə məlumat verməmişəm”.
“Kimlər tərəfindən təşkil olunduğunu düşünməyə başladım”
Tariyel Qurbanov deyib ki, 2022-ci ilin yanvarında Ümman Əliyev yenə də əlaqə saxlayıb, sürücülük vəsiqəsi almaq istədiyini, bunun üçün ona 1200 manat tələb olunduğunu bildirib: “Həmin pulu mənim verməli olacağımı dedi. Razılaşmadığım təqdirdə barəmdə rüsvayedici məlumatları yayacağına dair hədə-qorxu gəldi. Onunla görüşərək pulu verdim. Ümman bir müddət hər hansı bir tələb irəli sürmədi”.
Tariyel Qurbanov bildirib ki, bir qədər sonra Ümman yenidən zəng edib, onu narahat edib: “Ümman artıq həmin hadisələri onun deyil, başqa şəxslərin təşkil etdiyini, həmin qrup üzvləri barədə məlumat verəcəyini dedi. Ümmanın bu sözlərindən sonra çox narahat oldum. Mənə qarşı bu işin kim tərəfindən təşkil olunduğun, düşünməyə başladım”.
“Törətidiyi cinayətlərdən bezdim”
Zərərçəkmiş şəxsin sözlərinə görə, 2022-ci ilin fevralın 10-da Ümman onunla əlaqə saxlayıb, Bakı şəhərində olduğunu, qrupun bütün üzvləri barəsində bildirməklə 20000 manat tələb edib: “Ümman həmçinin bildirdi ki, razılaşmadğım təqdirdə şəkillərimi yayacaq, habelə müxtəlif məzmunlu ərizələr göndərməklə, həmin ərizələri və bu günədək pul almasına dair məlumatları müxtəlif instansiyalara göndərib, məni həm qohumlarım, həm də ailə üzvlərim arasında rüsvay edəcək.
Artıq Ümman Əliyevin törətdiyi cinayətlərdən bezdim, şikayət etmək qərarına gəldim. Ərizə ilə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdim. Məni aldatmış, hədə-qorxu gəlmiş şəxslər barəsində qanuni tədbir görülməsini, onların cinayət məsuliyyətinə cəlb olunmasına köməklik göstərilməsini xahiş etdim”.
“Qadın mesaj yazdı, pul tələb etdi”
Tariyel Qurbanovun sözlərinə görə, fevralın 25-də evdə olduğu zaman tanımadğı bir qadın onun vatsapına mesaj göndərib: “Həmin qadın özünü Ümman Əliyevin tanışı kimi təqdim etdi. Həmin qadın Ümman Əliyevin mobil telefon aparatının və həmin telefonun yaddaşında məni rüsvay edəcək məlumatların, yeni hamamda çəkilmiş çılpaq çəkillərin onda olduğunu bildirdi. Qadın məndən 4000 manat tələb etdi. Bildirdi ki, 4000 manatı verməkdən imtina etdiyim təqdirdə, içərisində şəkillər olan həmin mobil telefonu kənar şəxslərə verəcək, bununla yanaşı, həmin şəkilləri müxtəlif sosial şəbəkələr vasitəsi ilə yayıb, həm məni, həm də ailə üzvlərimi dost-tanışlarım arasında rüsvay eədəcək.
Onun yazdığı səsli mesajların ancaq bir hissəsini yadaşda saxlaya bilmişəm. Həmin səsli mesajları oxuduqdan sonra silirdim. Mesajları sildiyimi gördükdə, həmin qadın bunun səbəbini soruşdu. Mesajların mobil tətbiqin əyarları ilə bağlı silindiyini bildirdim”.
İstintaq orqanı tərəfindən Natiq Nuriyev, Ümman Əliyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.
Qeyd edək ki, Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.
Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.
Tariyel Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.
Xatırladaq ki, Tariyel Qurbanov bir vaxtlar sol əllə hərbi salam verməsi ilə gündəmə gəlmişdi.