"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə Rasim Məmmədovun vəkilləri çıxış ediblər. Vəkillər məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə etiraz ediblər, onun sübutlar siyahısından çıxarılmasını istəyiblər.
Vəkil Zibeydə Sadıqova bildirib ki, qanuna görə, ekspertiza təyin olunması haqda qərar qəbul ediləndə bu barədə təqsirləndirilən şəxsin özünə də, onun müdafiəçilərinə də məlumat verilməlidir:
“Müstəntiq bizi çağırıb rəyi elan elədi. Dedik ki, bu ekspertiza nə vaxt təyin olunub, heç bizim xəbərimiz yoxdur. Halbuki bizə xəbər verilməliydi, suallarımız ola bilərdi. İş materiallarıyla tanış olanda gördük ki, ora əlavə bir arayış qoyub müstəntiq. Yazıb ki, guya həmin vaxt Rasim Məmmədov COVID-19-a yoluxub, təcrid olunmuş vəziyyətdə saxlanıb, ona görə də ekspertiza keçirilməsi haqda qərar ona elan edilməyib. Vəkil Pərviz Məmmədova da guya zəng olunub, o da deyib ki, Rasim Məmmədovsuz onun tək bu qərarla tanış olmağının faydası yoxdur. Halbuki belə bir şey olmayıb”.
Vəkillər Zibeydə Sadıqova və Pərviz Məmmədov ekspertiza rəyinin müdafiə hüququnun pozulmasıyla əldə edildiyini vurğulayıblar.
Prokuror Orxan Səmədov isə bildirib ki, vəkillərin iradı vardısa, istintaq dövründə ekspertiza rəyilə tanış olanda bildirib, təkrar ekspertiza keçirilməsi haqda vəsatət verə bilərdilər. Vəkillər də deyir ki, onlar bu haqda vəsatət veriblər.
Növbəti proses noyabrın 18-də.davam edəcək.
Qeyd edək ki, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsiziyi Xidməti tərəfindən araşdırılıb.
Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub.
Eyni zamanda, onun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib.
Rasim Məmmədov ümumilikdə 185 milyon manat mənimsəmə və ya israf etməkdə təqsirli bilinir.
İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində “Baku Steel Company” MMC tanınıb.