Sumqayıt şəhərində 2000-ci il təvəllüdlü Ruslan şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qonşusu Əlini (adlar şərti verilib – red.) öldürüb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Ruslan bu ilin fevralın 3-də, saat 21:30-da tanışı Xalidlə telefonla danışarkən sonuncu Əlinin borclu qaldığı150 manat pulu qaytara bilmədiyini izah edib, bir müddət əvvəl ondan borc aldığı 50 manatı Əliyə vermək üçün qaytarmağı təklif edib.
Bu zaman Ruslan qonşusu Əlinin ünvanınanalayiq ifadələr işlədib. Həmin vaxt Xalidin yanında olub, ünvanına işlədilən ifadələri eşidən Əli ondan telefonu alaraq Ruslana nalayiq ifadələr səsləndirib.
Bundan sonra Əli aralarındakı münasibətə aydınlıq gətirmək üçün yaşadıqları məhəlləyə gəlməyi tələb edib. Ruslan Sumqayıt şəhəri, 2-ci məhəllə, 18 saylı uşaq baxçasının inzibatibinasında məskunlaşan dayısının evinə gedib. Oradan bıçaq götürərək gödəkçəsinin sağ cibində gizlədib və saat 22:30-da Əlinin olduğu “Nəsimi” adına mədəniyyət və istirahət parkında “Yaşıl Teatr” binasının yaxınlığında yerləşən çay evinə gəlib.
Ruslan çay evinin arxasında onunla münasibətlərini aydınlaşdırmaq üçün mübahisə əsnasında gətirdiyi bıçaqla ona qarın nahiyyəsinə xəsarətlər yetirib. Əli aldığı xəsarətlərdən ölüb.
İstintaq orqanı tərəfindən Ruslanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Aynur Rzayevanın sədrliyi ilə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Əli onunla qonşuluqda yaşayıb və yaşca ondan böyük olub:
“Tanışım Xaliddən 50 manat borc almışam. Xalid dedi ki, ona verəcəyim 50 manatı onun adından Əliyə verim. Mən Xalidin təklifi ilə razılaşsam da, pulu qaytara bilmədim. Xalidlə olan söhbətdən sonra dəfələrlə Əli ilə görüşsəm də, Xalidin ona borcu olduğunu və ya Xalidin adından 50 manatı ona verməli olduğumu deməyib. Bu pulu da məndən tələb etməyib”.
Ruslanın sözlərinə görə, hadisə günü saat 20:30-da Xalid ona zəng edib və tapşırdığı 50 manatı Əliyə verib-vermədiyini soruşub, Əlinin onların hər ikisindən pulunu istədiyini deyib: “Mən də əsəbləşərək Əlinin ünvanına nalayiq ifadələr söylədim. Xalid telefonu mikrafona qoşaraq danışdığı üçün Əli dediyim həmin ifadələri eşitdi. Həmin vaxt Əli də mənim ünvanıma nalayiq ifadələr işlətdi, məni parka çağırdı. Əli yaşca məndən böyük olduğundan parka getməmişdən əvvəl özüm ilə bıçaq götürmək qərarına gəldim. Bıçağı internat məktəbin yaxınlığında 2-ci məhəllə, 18 saylı uşaq baxçasının inzibati binasında məskunlaşan və babam ilə tək yaşayan dayımın evindən götürdüm. Parka çatanda Əlini orda gördüm. Əli məni görən kimi yenə də ünvanıma nalayiq ifadələr işlətdi. Mən də gödəkçəmin cibində olan bıçaqla Əlinin qoluna tərəf bir dəfə zərbə endirdim. Qaçaraq oradan uzaqlaşdım”.
Ruslan deyib ki, hadisədən sonra Əlinin həmin bıçaq zərbəsindən öldüyünü eşidib. Təqsirləndirilən şəxs qeyd edib ki, Əlini öldürmək niyyəti olmayıb: “Əliyə bıçaqla xəsarət yetirərkən zərbənin onun qoluna və ya əlinə dəydiyini zənn etsəm də, bıçaq onun qarın nahiyəsinə dəydi. Bıçaqla ona zərbə endirərkən əməlimin təhlükəli olduğunu dərk etsəm də, Əlinin ölməsini arzu etməmişəm. Törətdiyim əməldən peşmanam”.
Cinayət işi üzrə zərərçəkmiş Əlinin hüquqi varisi qismində ifadə verən qardaşı Səidin sözlərinə görə, Əli ailənin 7-ci uşağı olmaqla doğma qardaşıdır və hadisə başverən tarixədək valideynlərinə məxsus evdə yaşayıb: “Qardaşım subay olub. İdmanın güləş növü ilə məşğul idi. Təqsirləndirilən şəxsi şəxsən tanımamışam. O, Əlinin yaşadığı binanın yaxınlığında 2 nömrəli internat məktəbin inzibati binasında valideynləri ilə yaşayıb. Qardaşımla münasibətlərim normal olub. Onların arasında pul söhbətinin olub-olmadığını bilməmişəm”.
Ruslan 9 il müddətinə azadlıqdan məhrum edilib.