30 Noyabr 2022 16:16
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dələduzluqda ittiham olunan Amin Hüseynov, Habil Bədəlov, Əlövsət Mazandarov, Səbahir Fərzəliyev, Yasin Əmirli və cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Amin Hüseynov 2 il, Habil Bədəlov, Əlövsət Mazandarov, Səbahir Fərzəliyev və Yasin Əmirli isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinə son dövrlərdə əsasən sosial şəbəkələrdə maliyyə piramidası şəklində şəbəkə quraraq dələduzluq sxemi yaradıb vətəndaşların külli miqdarda pul vəsaitlərinin ələ keçirildiyi barədə zərərçəkənlərdən çoxsaylı şikayətlər daxil olub.

Bu məlumatlar nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində hərtərəfli araşdırılıb və təhlil edilib.

Araşdırma zamanı Azərbaycanda son dövrlər xüsusən internet istifadəçiləri arasında əsası 2018-ci ildə xarici ölkələrdən birində qoyulan “Crowd-1” dələduzluq sxeminin toruna düşən şəxslərin üstünlük təşkil etdiyi müəyyənləşdirilib.

Baş İdarənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisində yayılmış “Crowd-1” dələduzluq sxeminə rəhbərlik edən şəxslər müəyyən edilib.

Qeyd olunan beynəlxalq dələduzluq piramida sxemini təşkil etməklə ona rəhbərlik edən Habil Bədəlov və digər beş şəxslə bağlı əməliyyat-texniki tədbirlər keçirilib, dəstənin cinayət əməlləri barədə sübutlar toplanılıb. Şəbəkəyə rəhbərlik edən Habil Bədəlov və üzvləri Amin Hüseynov, Əlövsət Mazandarov, Səbahir Fərzəliyev, Yasin Əmirli və Göyçək Dünyamalıyeva qısa zamanda saxlanılaraq Baş İdarəyə gətirilib.

Onlar ilkin izahatlarında “Crowd-1”in piramida dələduzluq sxemi olduğunu etiraf ediblər. Onlara məxsus Bakı və Gəncədə şəhərlərindəki ofislərə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən elektron sübutlar aşkarlanaraq götürülüb.

Məlum olub ki, onlar dələduzluq piramidasına bu müddət ərzində xeyli sayda vətəndaşı cəlb edə biliblər. Dəstə üzvləri onlara müraciət edən şəxsləri guya beynəlxalq şirkətə investisiya qoyduqlarını və bu işdən yüksək qazanc əldə edəcəklərinə inandıraraq vətəndaşların etibarından sui-istifadə etməklə aldadıblar.

Piramidaya qoşulan şəxslərə əvvəlcədən vəd olunub ki, üç fərqli paketlərdən birini əldə etdikdə oyun, təhsil, turizm və sair sahələrlə əlaqəli platformalarda endirimlər, eləcə də “Crowd-1”ə cəlb etdikləri hər bir şəxsə görə, həmçinin qoşulma üçün ödədikləri pullardan aylıq gəlir şəklində ödənişlər əldə edəcəklər.

Müəyyənləşdirilib ki, dələduz şəbəkənin təklif etdiyi platformaların heç biri fəaliyyət göstərmir. Həmçinin vətəndaşlara “Crowd-1” şəbəkəsinə ödənilən pullardan vəd olunan gəlirlər həmin şəbəkə daxilində istifadəçilərin hesablarında göstərilsə də, o pulları nağdlaşdırmaq və ya bank kartlarına köçürmək mümkün deyil. “Crowd-1” zərərçəkənlərə 99 avrodan 2499 avroyadək ödəniş paketləri təklif edib.

Mütəşəkkil dəstənin başçısı Habil Bədəlov və digər beş nəfər istintaqa cəlb edilib. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər