Prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Kamran Ədəbəvazi ifadə verib.
O bildirib ki, təqsirləndirilən şəxslərdən Ümman Əliyevi tanıyır. 2012-ci ilin oktyabr ayında hərbi xidmətdən təxris olunduqdan sonra ayrı-ayrı yerlərdə fəhlə, ofisiant işləyib: “Daha sonra dostum məni kisəçi işləməyi öyrətdi. Bir müddət Nərmanov rayonu ərazisində fəaliyyət göstərən “Günəş” hamamında kisəçi işlədim. Həmin vaxtlarda Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Hamam Palace” ilə üzbəüz yaşamışam. Təxminən 2015-2016-cı illərdə orada işləmək üçün müraciət etdim və kisəçi kimi işə qəbul olundum. Həmin hamamda fitəçi işləyən, əslən Quba rayonundan olan Ümman Əliyevlə tanış oldum”.
Şahid qeyd edib ki, Bakıxanov qəsəbəsində olan hamam iki mərtəbədən ibarətdir: “Birinci mərtəbə ümumi istifadə olunan hamam, ikici mərtəbə isə VİP otaqlqrdan ibarət olub. Həmin vaxtlarda Ümman birinci mərtəbədə fitəçi işləyib, ikinci mərtəbənin isə fitəçisi Emin adlı şəxs idi. Hamamda təxminən 2-3 il ərzində kisəçi işlədim. Ümman isə həmin hamamda az müddət işlədi. daha sonra Fazil müəllim onu işdən çıxardı”.
Kamran Ədəbəvazi qeyd edib ki, Ümman Əliyev hamamda işdən çıxdıqdan sonra 2021-ci ilin dekabrına kimi aralarında hər hansı əlaqə olmayıb: “Lakin “Köhnə hamam”da kisəçi işlədiyim müddətdə işə fitəçi tələb olunduğu üçün Ümmanı axtardım. Onu hamama işə dəvət etdim. Ümman həmin hamama gəlib bir neçə gün işlədi. Sonra anasının xəstə olmasını bəhanə edərək getdi”.
Şahid deyib ki, Ümman ona pul göndəriləcəyini deyib və ondan bank kartı istəyib: “Anama məxsus bank kartı vardı, onu Ümmana təklif etdim. Ümman kartı götürdü və nömrəsini tanımadığım bir şəxsə göndərdi. Bir müddət sonra həmin karta köçürülmüş pulu özüm bankomatdan çıxardım və Ümmana verdim. Ümman mənə 100 manat pul vermək istədi. Bunu da ona etdiyim yaxşılığın əvəzi kimi izah etdi. Lakin pulu götürməkdən imtina etdim”.
Kamran Ədəbəvazi ifadəsində təqsirləndirilən şəxslərdən – Pərvin Yusifov və Sahilə Məmmədovanı tanımadığını deyib. Amma hakim deyib ki, şahid həmin təqsirləndirilən şəxslərlə bağlı istintaqa ifadə verib. Şahidin ibtidai istintaqa verdiyi ifadəsinin həmin hissəsi elan olunub.
Kamran Ədəbəvazi istintaqa verdiyi ifadəsində göstərib ki, Ümman Əliyevin tanışı Pərvin Yusifovun mobil telefonuna baxış keçirilən zaman, həmin telefonda 24 dekabr 2021-ci ildə saat 18.43 və saat 18.48-də qeydə alınmaqla müvafiq olaraq 3 dəqiqə 15 saniyə və 4 dəqiqə 57 saniyə davam etməklə ona təqdim edilmiş səsyazılarından olan səslərinin biri Ümman Əliyevə, digəri isə ona məxsusdur.
Şahid həmin ifadəsini məhkəmədə təqsidləyib: “Həmin vaxt Ümmandan oğlum Tuqayın xəstəliyi ilə bağlı 100 manat borc istədim. Ümman da həmin məbləği verməyə boyun olsa da, buna əməl etmədi. Mənə hər hansı məbləğdə pul vermədi”.
Kamran Ədəbəvazi ifadəsində Tariyel Qurbanovu tanıdığını deyib: “Ümmanla hər ikimizin tanıdığımız Tariyel müəllimi xeyirxah bir insan kimi xatırlayıram. Ümmanın ondan pul tələb etməsini bilməmişəm. Onu şantaj edəcəyini də bilməmişəm.
Ümman mənə zəng edərək Tariyel müəllim haqqında soruşub. Mənə deyib ki, onun zəif yerini axtarıram, şantaj edəcəm, onun haqqında rüsvayedici məlumatlar axtarıram. Ona bu hərəkətinin səhv olduğunu dedim. Bütün bunlar həmin telefon danışığı zamanı səslənən səsyazısından da açıq görünür.
Həmçinin Ümmanla görüşməyimizə razılıq əldə etdik. Buna səbəb Ümmana Tariyel müəllim kimi yaxşı və xeyirxah bir insana qarşı səhv hərəkət etməməsinə dair məsələhət vermək istəmişəm. Danışığımız zamanı Ümmana dedim ki, Tariyel müəllimə belə hərəkət etmək olmaz. Çünki Tariyel müəllim həqiqətən çox yaxşı və xeyirxah insandır. O, kasıbların əlindən tutur, onalar kömək edir.
Lakin Ümmanla görüşə bilmədim. Onun görüşdən yayınmasının səbəbi 100 manat borc verəcəyinə dair vədi olub. Bu səbəbdən Ümmanla görüşmədik, bu barədə onunla danışmadım, ondan heş nə soruşmadım. Sonra Ümmanla əlaqə saxlamadım. ÜmmanA zəng edən zaman isə zəngələrimə cavab vermədi”.
Şahid həmçinin qeyd edib ki, Ümman Əliyevin Tariyel Qurbanovu şantaj etməsi, ondan pul tələb etməsinin şahidi olmayıb.
Daha sonra İlqar Əliyev və Sahilə Məmmədovanın vəkilləri vəsatətlə çıxış edib. Vəkillər hər iki şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər.
Məhkəmə vəsatətləri təmin etməyib.
İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.
Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.
Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.
Tariyel Qurbanov həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.
Xatırladaq ki, Tariyel Qurbanov bir vaxtlar sol əllə hərbi salam verməsi ilə gündəmə gəlmişdi.